ANS-də Turanın gününə baxanlar…


Nobel mükafatçıları haqqında olduqca dəyərli bir kitabın yazarı, təhsil üzrə ekspert Etibar Qasımoğlu aradı az öncə. Gənclər günündən, Elmira Axundovanın təşəbbüsündən, Fazil Mustafanın buzu əritməsindən, “Yeni Azərbaycan” Partiyasının beş yüzmininci üzvündən, Əkrəm Əylislinin mandata dözümündən danışdıq.

Dünyaca ünlü yazar Heminqueyin həyatından bir əhvalat nağıl elədi telefonda. Məşhur söhbətdir, bəlkə də bilənləriniz var. Bir nəfər baxmaq üçün yazıçıya öz hekayəsini gətirir.

“Hekayə” demək bir az böyük çıxır, təxminən Əvəz Temirxanın son açıqlamaları kimi zay bir şey…

Heminquey adamı təpəsi üstdə geri qaytarır. Bir neçə gündən sonra həmin adam təzə bir əsərlə geri dönür.

“Əsər” demək bir az qeyri-ciddi olar, hesabınızı belə götürün, “Artuş və Zaur” la eyni səviyyədə…

Yazıçı görür ki, it motaldan əl çəkəcək, motal itdən yox, tanışına məsləhət verir: “Sən daha yazma, tənqid elə…” Adam yazıçının sözünə baxır və başlayır orada-burada bədii əsərləri tənqid etməyə.

“Tənqid” demək ayıb olar, keyfiyyəti Zahir Əzəmətin ərsəyə gətirdiyi mədəniyyət portalında “Novarg” niki ilə yazılan kommentlərdən o yana getmir…

Və bir gün həmin tənqidçi – inanın hazırda Azərbaycanda yaşasaydı, “oxunan, amma tıklanmayan” köşə yazarlarından biri də o olardı – Heminqueylə viski içir və ona deyir: “Dostum öz aramızdır, amma sənin “Qoca və dəniz”in də bir qəpiklik əsər deyil!…”

Azərbaycan yazıçıları peşəkar tənqidin olmamasından gileylənirlər.

* Afaq Məsud gileylənir…
* Aqil Abbas gileylənir…
* Elçin Hüseynbəyli gileylənir…
* Orxan Fikrətoğlu gileylənir…
* Pərviz Cəbrayıl gileylənir…
* Aqşin Yenisey gileylənir…

AMMA ƏN QƏRİBƏSİ BUDUR Kİ, TƏNQİDÇİ TEHRAN ƏLİŞANOĞLU DA GİLEYLƏNİR…

O irəli görüşəndə dedi: “Azərbaycanda ədəbi tənqidin tribunası yoxdur”!

Sonradan baxdım ki, qalan fikirlərini də oxucularla bölüşüb:

“Səviyyə, zövq söhbəti var ortada – deyəcəksiz; professionallığı kim qorumalıdır ki; ilk növbədə professionalların özləri, daha sonra onların xidmət etdikləri (eyni zamanda yaratdıqları) zövq auditoriyaları; bizdə varsa, varsa, ən böyük problem burdadır. Bəli, professionallar, ciddi ədəbiyyat tərəfdarları bir araya gəlməyi, bir-birinə dəstək olmağı bacarmalı, dəyərə dəyərsizdir deməməli, ona hər vəchlə yol açmalıdırlar! Hərçənd Dəyər elə bir şeydir ki, ona dəyərsiz deyən professionalın özü şübhə altına düşə bilər…

Bəli, Azərbaycanda peşəkar tənqidə, DƏYƏR anlayışı olan tənqidçiyə ehtiyac var və özü də təkcə ədəbiyyat sahəsində yox.

Heminqueyin əhvalatı təkcə Milli Kitab Müsabiqəsinin “uzun siyahısın”dakı əsərlərə ağız büzənlərə aid deyil.

Əgər ölkəmizdə aparıcı qəzetlərin yuxarı künclərindən nəinki ölümü, hətta həyatı hiss etməyən, DƏYƏR anlayışından yoxsul, PEŞƏKARLIQDAN uzaq eşqiyalar boylanmasaydı, bəlkə də indi Azərbaycan siyasətində fərqli mənzərə yaranardı…

Əgər Azərbaycanda normal telekritika olsaydı, ANS kimi nüfuzlu şirkət hər gün camaatın evinə Turan təxəllüslü mənfi enerjini buraxmazdı…

Televizuyaların məsələsinə yaxın zamanlarda dönəcəm – Zaur Baxşəliyevin ATV-dən ünvanladığı “düyü supunda göbələk olmalıdırmı” sualına verəcəyim cavab aylardır ürəyimi deşir, amma yeri gəlmişkən başqa bir sorunun üzərində dayanıram indi.

Görəsən, Azərbaycan tamaşaçısı Turanı efirdə görəndə kanalı niyə dəyişmir?

BİR: Arif Quliyevə gülən, ərlərini Ağadadaş Ağayevlə müqayisə edən, arvadlarını Nazpəri Dostəliyevaya bənzədən, Aqşin Fatehlə şəkil çəkdirən, “Dərbənd möcüzə” sinə inanan adamlar pultdan istifadə qaydalarını bilmirlər.

İKİ: Xalqımızın dinləmək, danışmaq, fikir mübadiləsi aparmaq, başqalarının uğurlarına sevinmək, problemlərinin həllinə əl uzatmaq kültürü aşağıdır.

ÜÇ: Azərbaycanda tənqid yox, reaksiya var, olayları təhlil etmək yox, adamları ifşa etmək dəbdədir, ölkədə aqressiyası daha çox adamın canında var və onlara görə, qışqıran həmişə haqlıdır!

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO