ANS-də aparılan vergi yoxlamaları ilə bağlı Şirkətlər Qrupu açıqlama yayıb

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin mətbuat üzrə müşaviri Mais Məmmədov şirkətlər qrupunda aparılan vergi yoxlamaları ilə bağlı açıqlama verib.
M.Məmmədov Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fariz Səmədovun ANS-də aparılan vergi yoxlamalarının səbəbləri və gedişi barədə dediklərinə aydınlıq gətirib.
“Azərbaycan Vergilər Nazirliyi mətbuat xidmətinin rəhbəri Fariz Səmədovun müsahibəsində qeyd olunduğu kimi, ANS-in şirkətlərində 2007-ci ildən 2010-cu ilədək olan dövrü əhatə edən yoxlamalar aparılır”.
Mətbuat üzrə müşavir onu da əlavə edib ki, yoxlamalar ANS-in “Bakıfilm” Kinostudiyası və sair şirkətlərini də əhatə edir. “Qeyd edim ki, bütün bu müddət ərzində ANS Şirkətlər Qrupuna daxil olan qurumlar Azərbaycanda fəaliyyət göstərən bütün şirkətlər kimi Vergilər Nazirliyinə aylıq ətraflı hesabatlar təhvil veriblər. Eləcə də illik balans hesabatları təqdim olunub ki, bunlar əsasında da vergi orqanları və şirkətlərimizin buradakı birbaşa kuratorları vergi auditi aparmaq imkanı əldə edirdilər və bu da onların birbaşa məsuliyyət dairəsidir”.

M.Məmmədov deyib ki, Azərbaycan qanunvericiliyinə görə hər ay vergi bəyannaməsi təqdim edən kompaniyaların vergidən yayınması halı var idisə, bu bayannamələri təhvil alan vergi müfəttişləri tərəfindən vaxtında aşkar edilərək göstərilməli idi.

“Vergi yoxlamalarının aparılması Vergilər Nazirliyinin əsas funkiyası sayılır və burada qəbahətli bir şey yoxdur. Biz də bunu deməyi özümüzə borc bilirik ki, vergi müfəttişlərinə ANS-in şirkətlərində işləmək üçün bütün şərait yaradılıb. Qarşılıqlı münasibətlərdə səmimi mühit və işgüzar anlaşma var. Belə olan halda Vergilər Nazirliyinin mətbuat xidmətinin ictimai açıqlamaları yoxlanan şirkətlərin imic və kommersiya fəaliyyətinə maddi və mənəvi ziyan vurulmasına zəmin yarada bilər. ANS aparılan vergi yoxlamaları nəticəsində rəsmiləşdiriləcək yekun vergi aktlarını yerli və beynəlxalq məhkəmələrdə şikayətləndirmək hüququnu özündə saxlayır və yalnız bu qərarlar əsasında rəy formalaşdırıla bilər.
Fürsətdən istifadə edərək bildiririk ki, ANS Azərbaycanın Media sferasında ən iri vergi ödəyicisidir və yarandığı gündən etibarən dövlətdən heç bir dotasiya almır və özünü maliyyələşdirmə yolu ilə işləyir.
Azərbaycan qanunvericiliyinə hörmət və diqqətlə yanaşır və öz taktiki və strateji fəaliyyəti boyu bu prinsipi rəhbər tutur”-deyə M.Məmmədov qeyd edib..

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO