Anar Cəbrayıllı: “Jurnalistikaya təsadüfən gəldim” –

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı Modern.az saytına müsahibə verib.

– Anar müəllim, mətbuat xidmətinin rəhbəri olmaq ideyası necə yarandı? Jurnalistlikdən dövlət məmurluğuna aparan yol haqqında biraz danışın.

– Düzünü desəm, belə bir hədəfim olmayıb ki, hansısa qurumun mətbuat xidmətinin rəhbəri olum. “Azərsu” ASC-yə qədər də belə təkliflər almışdım. Yəqin ki, qismət “Azərsu”da işləmək imiş.

O ki, qaldı jurnalistikadan dövlət məmurluğuna aparan yol, fikrimcə belə bir yol yoxdur. Bu işgüzarlığa bağlı bir məsələdir. Gərək hər bir kəs öz işini sevsin və vicdanla çalışsın. Belə olsa, onun fəaliyyəti qiymətləndiriləcək və layiq olduğunu alacaq.

– Siz İqtisad Universitetinin məzunusuz. Necə oldu ki, jurnalistikaya gəldiniz?

– 1997-ci ildə İqtisad İnstitutunun (o vaxt institut idi) Maliyyə-kredit fakültəsini bitirmişəm. Bir haşiyə çıxım, əksəriyyət deyir ki, Xalq Təsərrüfatı İnstitutunda pul verməyən və ya tapşırılmayan tələbə yoxdur, amma səmimi deyirəm 5 ildə nə 1 manat pul verdim, nə də tapşırıldım. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdim və o vaxt dekanlığın tövsiyə məktubu ilə aspiranturaya sənəd verdim. İmtahanlardan qiymət alsam da, müsabiqədən keçə bilmədim, başladım iş axtarmağa. O vaxtlar iş tapmaq çox çətin məsələ idi. Özəl sektor yeni formalaşırdı, indiki kimi nə məzun yarmarkası keçirilirdi, nə də ayrı-ayrı təşkilatlar vakansiyalar elan edirdi. Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov tələbə yoldaşım olub (o da aspiranturaya sənəd vermişdi), aspiranturaya qəbul imtahanı vaxtı “Avrasiya” qəzetinin işçi axtardığını dedi. Mən də müraciət etdim və məqalə istədilər. Çek İnvestisiya Fondları ilə bağlı bir məqalə hazırladım. Yazımı indi millət vəkili Sahib Alıyev yoxlayıb bəyənmişdi və məni İqtisadiyyat şöbəsinə işə götürdülər. Az bir vaxt işləyəndən sonra əsgərliyə getdim. Qayıdandan sonra aspiranturaya sənəd verib əyani qəbul oldum. Müəyyən qədər təcrübəm olduğundan, əsgərlikdən sonra da jurnalistika ilə məşğul olmağa qərar verdim. “Azərbaycan 21-ci əsr”, “Reytinq”, “Azərxəbər” qəzetlərində, Assa-İradə agentliyində işlədim. 2001-ci ildə ANS TV-də İqtisadi Xəbərlər yaradılandan sonra məni televiziyaya dəvət etdilər və 10 ilə yaxın orada işlədim. Əli Əhmədovla birlikdə İqtisadi Xəbərləri baxılan və sevilən bir proqrama çevirə bildik. İndi də çoxları məndən o verilişi soruşurlar.

– Jurnalist kimi çalışmaq çətindir, ya mətbuat xidmətinin rəhbəri kimi?

– Deyərdim ki, mətbuat xidmətinin rəhbəri kimi. Mətbuat xidmətinin işi təkcə jurnalistlərin sual və sorğularını cavablandırmaqdan ibarət deyil. Qurumdaxili işlər daha çoxdur. Bizim şöbə ictimaiyyətlə əlaqələr şöbəsi olduğundan çox müraciətlər olur. Səmimi deyirəm, bəzən tanımadığım, mətbuata aid olmayan vətəndaşlar zəng edirlər, onların problem və suallarının həlli üçün də bacardığımı edirəm. Jurnalistin işi isə konkretdir. Reportaj hazırlamaq və ya efirə çixmaq. Özü də mətbuatda kifayət qədər tanınan və peşəkar bir jurnalist üçün material hazırlamaq elə də çətin deyil.

– Mətbuat xidmətinin rəhbəri olduğunuz müddətdə heç olub ki, jurnalistlərlə konfliktlər yaşayasız?

– Olub bir neçə dəfə. İnandırım sizi jurnalist sual verib, hamısın da cavablandırmışam. Sonra görmüşəm ki, özünə sərf edən kimi yazıb. İradımı bildirmişəm, hətta onu qəbul etmək istəməyib belə. Əksinə məndən jurnalist qurumlarına şikatər edəcəyini bildirib.

Bir məsələni xüsusui qeyd etmək istəyirəm. Agentliyin və ya qəzetin email ünvanına şikayət yazırlar, ünvanı ümumi göstərirlər. Məsələn, Alatavada su yoxdur deyə. Onun cavabını soruşurlar. Araşdırırıq, məlum olur ki, orada heç bir problem yoxdur. Dəqiq ünvan yox, əlaqə telefonu yox, emailide beledir “[email protected]”. Jurnalisti başa salmaq olmur ki, bu anonim məktub kimi bir şeydir və o ərazidə də problem yoxdur. Kimə deyirsən, jurnalist şikayəti yazır və sonda da bizə istinadən problemin olmadığını qeyd edir.

Ad çəkmək istəmirəm, bu günlərdə tirajlı qəzetlərdən birinin əməkdaşı yazır ki, Günəşlidə 1 aya yaxındır su yoxdur. Onunla əlaqə yaradıram, ünvanını soruşuram məlum olur ki, mənim tanışımla qonşudur. Qoşusunun adını, ünvanını deyirəm və normal su aldıqlarını öyrənirəm, jurnalist cavab verir ki, hə onun suyu var, amma başqa xətdən alır. Belə hallar çox olur və bunlar jurnalistlərin dəqiqliyinə inamı azaldır. Sabah onlar düz yazsa belə, müəyyən şübhələr yaradır.

– Çox vaxt jurnalistlər mətbuat xidmətlərinin fəaliyyətindən narazılıq edirlər, yəni onlardan vaxtlı-vaxtında informasiya ala bilmədiklərini qeyd edirlər, buna sizin fikriniz necədir?

– Səmimi deyirəm. Mənə ünvanlanan bütün sualları, müraciətləri müvafiq şöbələrlə əlaqə saxlayıb cavablandırmağa çalışıram, buna nə qədər müvəffəq oluram siz jurnalistlər müəyyənləşdirsəniz yaxşı olar.

– Jurnalist dostlarınızla əlaqələriniz varmı?

– Bəli, köhnə dostlarla, yoldaşlarla həmin əlaqələrim qalır. Çalışıram münasibətlərdə səmimiliyimi sona qədər saxlayım. Mətbuat xidmətinin rəhbəri kimi yeni jurnalist dostlar da qazanmışam.

– ANS-dəkilərlə necə…

– Onlarla da dost münasibətlər qalır. İstər orada işləməkdə davam edənlərlə, istərsə də işdən çıxanlarla. İstər-istəməz ora mənim üçün doğmadır, axı ömrün bir dekadası orada keçib, özü də çox maraqlı dövr olub. Bəziləri ilə münasibətlər o qədər səmimi olub ki, indinin özündə onlara ərk etməkdən belə çəkinmirəm.

– Keçmiş həmkarlarınızın fəaliyyətini necə qiymətləndirirsiz?

– Niyə keçmiş deyirsiniz. Mən indi də onlarla həmkaram. Çətin və şərəfli peşə sahiblərinə hələ uşaqlıqdan hörmətim olub. Onlar rejimsiz işləyən insanlardır. Operatv xəbər toplayıb dəqiq məlumat yaymaq çətin iş və böyük məsuliyyətdir. 4-cü hakimiyyət operativ və ədalətli olanda daha güclü və hörmətli olub. Mən ANS-də bunun şahidi olmuşam. Operativlik və dəqiqlik ANS-çilərə olan münasibətdə həmişə hiss olunub, qarşı tərəf bizə digər mətbuat işçilərindən həssas yanaşıb. Təəssüf ki, jurnalist adına xələl gətirənlər az deyil. Onların ucbatından bəzi adamlar jurnalistlərdən qaçırlar. Bir məsələni deyim, son vaxtlar jurnalistikada rəqabət “ölüb”. Əvvəllər, hər hansı bir nazirdən müsahibə götürəndə az qala sual vermək üstündə yarışma gedirdi. Hamı səsinin tonunu qaldırırdı ki, onun sualı eşidilsin. Bəzən bir tədbirə bir təşkilatdan 3-4 jurnalist gedirdi. İndi bu hiss olunmur.

Bununla bağlı maraqlı bir hadisəni danışacağam. 2010-cu ilin sonları idi, Nazırlərimizdən birindən müsahibə götürürdük. Dalbadal 4-5 sual verdim, cavablandırdı və bir də sual verəndə dedi ki, sən niyə ədalətsizlik edib digərlərinə sual verməyə imkan yaratmırsan. Mən dayandım, nazir gözlədi ki, kimsə sual versin. Xeyli sükutdan sonra mənə baxdı və hiss etdim ki, pərişan oldu. Mən sual verəsi olmadım və sağollaşdıq. O vaxtlar mən çəkilişlərə az-az gedirdim. Bizim İqtisadiyyatın uşaqları deyirdi vəziyyət belədir, mən inanmırdım…

– Əgər mətbuat xidmətinin rəhbəri vəzifəsindən uzaqlaşsanız, yenidən jurnalist fəaliyyətinə davam etmək istərdiniz?

– İqtisadi jurnalistika ilə məmuniyyətlə məşğul olaram. Bu sahə mənim üçün çox maraqlıdır və uzun illər keçsə belə iqtisadiyyatdan həvəslə yazaram.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO