TÜRKSOY-un “Türk ləhcələri arasında uyğunlaşdırma çalışmalarının bugünkü durumu və qarşılaşılan problemlər” mövzusunda İstanbulda keçirilmiş simpoziumunun tövsiyələrinə uyğun olaraq, tanınmış qaqauz şairi, dramaturqu, publisisti, ictimai xadimi Todur Zanetin “Ana dilim” kitabı Azərbaycan dilində nəşr olunub. Todur Zanet 1999-cu ildən qaqauz qəzeti “Ana sözü”nün və “Kırlanğaç” (Qaranquş) jurnalının baş redaktorudur. Onun yazdığı Qaqauz Milli Himni Qaqauz Konqresi tərəfindən respublikanın himni kimi qəbul olunub.
Kitabı Azərbaycan dilinə uyğunlaşdıran və tərtib edən filologiya elmləri doktoru Ramiz Əsgər yeni nəşrə yazdığı ön sözdə Todur Zanetin həyat və yaradıcılığından geniş söhbət açıb. T.Zanetin bədii yaradıcılığı, xüsusilə poeziyası zəngin və çoxşaxəlidir. Kitaba daxil edilmiş şeirləri iki əsas qrupa bölmək olar: sosial-siyasi şeirlər və məhəbbət lirikası. İlk qrupa daxil olan əsərlərində şair doğma xalqının şərəfli və keşməkeşli tarixini, onun yaşadığı faciə və fəlakətləri, xoşbəxt həyat və azadlıq uğrunda mübarizəsini, verdiyi qurbanları vətəndaş qeyrəti və yanğısı ilə təsvir etmiş, qaqauzların gələcəyi, dili, mədəniyyəti ilə bağlı düşüncə və arzularını qələmə almışdır. Bu baxımdan onun “Qaqauzluq yox olmaz”, “Kiminmiş bu torpaq”, “Yaşa xalqım”, “Ana dilim”, “Mən bilirəm” və sair şeirləri daha xarakterikdir. Qeyd edək ki, bu, T.Zanetin Azərbaycanda çap olunan ilk kitabıdır.