Şamaxıda M. Ə. Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş Bədii Qiraət Müsabiqəsinə yekun vurulub

Mayın 17-də Şamaxı şəhərində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə “Sabir günləri” çərçivəsində M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinə yekun vurulub və üç kitabın təqdimatı keçirilib.
Tədbirdən öncə Milli Məclisin deputatları, tanınmış şair və yazıçılar, elm adamları M.Ə.Sabirin Şamaxı şəhərindəki Ev Muzeyini ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Sonra isə Seyid Əzim Şirvaninin məzarı ziyarət olunub. Şamaxı Mədəniyyət Evində keçirilən mərasimdə Şamaxıdan seçilmiş millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə hazırlanan, mərhum akademik Bəkir Nəbiyevin “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri”, professor Alxan Bayramoğlunun tərtibçiliyi ilə nəşr olunan “Sabir haqqında tədqiqlər”, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyevin “Sabirin həyatı və sənəti” kitabının təqdimatı olub. Tədbirdə millət vəkilləri Elxan Süleymanov, Sabir Rüstəmxanlı, kitabın müəllifləri çıxış ediblər.
Daha sonra Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) birgə təşkil etdiyi M. Ə. Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş Bədii Qiraət Müsabiqəsinə yekun vurulub. Tədbiri giriş sözü ilə SAMF-ın sədri, şair Musa Yaqub açıb. Musa Yaqub qeyd edib ki, Şamaxının millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə ikinci ildir keçirilən bu müsabiqə M.Ə.Sabir yaradıcılığının təbliği, onun yaradıcılığının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, tədris prosesində fəal şagirdləri üzə çıxarmaqla həvəsləndirmək məqsədi daşıyır. Natiq bildirib ki, müsabiqədə Şamaxı rayonunda təhsil alan tələbə və şagirdlər iştirak edib. Müsabiqədə iştirak edən 138 nəfər arasından 8 bədii qiraətçi professor Tofiq İsmayılovun rəhbərlik etdiyi münsiflər heyətinin qərarı ilə mükafatlara layiq görülüb.
5 saylı məktəbin 5-ci sinif şagirdi Sevinc Eyvazova, 2 saylı məktəbin 6-cı sinif şagirdi Ələkbər Ələkbərov, Şirvan kənd məktəbinin 1-ci sinif şagirdi Nərmin Molxarova 1-ci yerə layiq görülüblər.
2 saylı məktəbin 11-ci sinif şagirdi Əzməmmədov Fuad və Nağaraxana kənd məktəbinin 5-ci sinif şagirdi İntizam Məmmədov 2-ci yerə, Böyük Xınıslı kənd məktəbinin 5-ci sinif şagirdi Aydan Dadaşova, 5 saylı məktəbin 5-ci sinif şagirdi Fatimə Axundova və 9 saylı məktəbin 4-cü sinif şagirdi İrşad İbrahimli 3-cü yerə sahib olublar.
Mərasimdə bədii qiraətçilər yenidən səhnəyə çıxaraq 500-dən artıq insanın qarşısında Sabirin şeirlərini səsləndiriblər. Millət vəkili Elxan Süleymanov birinci yeri tutanlara 150 manat, ikinci yeri tutanlara 100 manat və üçüncü yeri tutanlara isə 50 manat pul mükafatı təqdim edib. Bundan əlavə, ilk 30 yeri tutan iştirakçılara həvəsləndirici diplomlar verilib. Həmçinin, deputat E.Süleymanov ötən ilki müsabiqənin 10 nəfər qalibinə və bu ilki 8 mükafatçının hər birinə bir il ərzində hər ay 50 manat “Sabir” təqaüdü verəcəyini bildirib. Tədbir deputatın təşəbbüsü ilə yaradılan “Pirqulu” instrumental ansamblının Sabirin şeirləri əsasında hazırladığı kompozisiya ilə başa çatıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO