Tanınmış idman şərhçisi Altay Əliyev uzun müddət çalışdığı AzTV ilə yollarını ayırıb.
Lent.az-ın məlumatına görə, Əliyev bu gün öz ərizəsi ilə işdən gedib.
Məlumatı həmkarımızın özü də təsdiqləyib. Qərarının konkret səbəblərinə gəldikdə, Əliyev Lent.az-a açıqlamasında hələ bu barədə danışmaq istəmədiyini bildirib. O, bir müddət istirahət edəcəyini söyləyib: “Hələlik bir sıra təkliflər var. Qısa müddətdən sonra gələcək iş yerim müəyyənləşəcək. Ola bilsin, bir müddət jurnalistikadan kənar sahədə çalışdım”.
Qeyd edək ki, Altay Əliyev 1996-cı ildən AzTV-də fəaliyyətə başlayıb. O, dövlət televiziyasında 14 illik fəaliyyəti dövründə yalnız 2002-ci ildə ATV-də çalışıb. Əliyev bir sıra tarixi oyunların, o cümlədən “Neftçi”nin 2006-cı ildə “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku”nun finalında Litva “Kaunas”ını 4:2, həmin il Çempionlar Liqasında Belçika “Anderlext”ini 1:0, “Qarabağ”ın ötən yay Avropa Liqasında Norveç “Rusenborq”u və Finlandiya “Honka”sı üzərində 1:0 və 2:1 hesablı qələbələr qazandığı qarşılaşmaları, eləcə də 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığmasının Rusiya ilə 1:1 hesabı ilə nəticələnən görüşünü televiziya vasitəsilə canlı şərh edib.