İki həftəlik fasilədən sonra “Alma” qəzeti yenidən işıq üzü görüb. Noyabrın 22-də növbəti sayı köşklərə çıxan həftəlik nəşr çapa baş redaktor İsrail Musayev və redaktor Cavid Ramazanovun imzası ilə gedib.
Noyabrın birinci ongünlüyündə “Alma” qəzetinin kollektivi istefa vermiş, şef-redaktor Zahir Əzəmət, redaktor Elnur Astanbəyli, jurnalistlər Natiq Muxtarlı, Günel Mövlud, habelə texniki heyət nəşrdən ayrılmışdı.
Şef-redaktor Zahir Əzəmət noyabrın 11-də kollektiv istefanı “Turan” agentliyinə belə şərh etmişdi: “Biz fəaliyyət müstəvimizi dəyişməklə yeni layihələrlə işləməyə üstünlük verdik. Ölkədə daha azad, daha cəsarətli sözün getdikcə qıt olduğu bir dönəmdə qərara gəldik ki, “Alma” qəzetində işləməyimizə ehtiyac yoxdur. Son üç ildə hamımız əlimizdən gələni etdik və gördüyümüz işlə fəxr edirik”.
Noyabrın 13-də “Media forum”a açıqlama verən baş redaktor İsrail Musayev istefaya adi mübahisənin səbəb olduğunu vurğulamışdı: “Mən bir jurnalisti işdən çıxardım, kollektiv isə onu müdafiə etdi. Bir daha həmin jurnalistlə işləyə bilməyəcəyimi söylədikdə isə bütün kollektiv istefa verdi”.
«Media forum»