İşğaldakı maddi-mənəvi irsimiz

İşğaldakı maddi-mənəvi irsimizOnu qorumağın vaxtı çatıb
Artıq üçüncü aydır ki, Söz Azadlığını Müdafiə Fondu Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi respublika üzrə erməni işğalı altında olan rayonların tarix-diyarşünaslıq müzeylərinin internet resursunun yaradılmasına və muzeylərarası əməkdaşlığa nail olmaq, habelə virtual tarix-diyarşünaslıq muzeylərinin internet şəbəkəsini yaratmaqla əlaqəli məlumatlar bazası sistemi əsasında Azərbaycan regionlarının mədəni-tarixi irsi obyektlərı haqqında bilgiləri geniş ictimaiyyətə çatdırmaqdır.
Qeyd etməliyik ki, ötən müddət ərzində layihə çərçivəsində işğal altında olan rayonların mədəniyyət şöbələrinin müdirləri və tarix diyarşünaslıq muzeylərinin direktorları ilə maraqlı görüşlər təşkil edilib, layihənin icrası prosesində xeyli məlumatlar toplanılıb. Yaxşı haldır ki, bu gün tarix-diyarşünaslıq muzeylərinin direktorları arasında elm adamları üstünlük təşkil edir. Laçın taix diyarşünaslıq muzeyinin direktoru Solmaz Məhərrəmova tarix elmləri doktoru, Cəbrayıl muzeyinin direktoru Taryel Abbaslı isə filologiya elmləri namizədidir. Hər iki ziyalı onlarca monoqrafiya və elmi məqalənin müəllifidir. Görüş keçirdiyimiz bütün şəxslər layihənin ideyasını dəstəklədilər. Onlar məsələnin aktuallığını nəzərə alıb, bunun ayrıca resusr şəklində fəaliyyət göstərməsini layihə iştirakçılarına tövsiyyə etdilər. Müraciətimiz nəticəsində fonda 300-dək şəkil, 20-dək kitab hədiyyə edldi.
Layihə çərçivəsində bizim üçün yadda qalan bir sıra məqamları oxucuların diqqətinə çatdırmaq istərdik.
İşğal altında olan rayonlardan yalnız üçü-Şuşa, Füzuli və Cəbrayıl rayon muzeylərinin eksponat fondundan qismən materialları çıxara biliblər. Zəngilan, Qubadlı, Agdam, Kəlbəcər, Xocalı və Laçın rayon muzeylərinin eksponatları tamamilə erməni işğalı altında qalıb. Bu istiqamətdə apadığımız təhlillərdən belə qənaətə gələ bilərik ki, bütünlükdə 9 rayonun tarix-diyarşünaslıq muzeylərinin vəziyyəti heç də qənaətbəxş sayıla bilməz. Laçın, Agdam, Qubadlı və Füzuli rayon muzey direktorlarının fədakarlığı nəticəsində hazırda fəaliyyətini qismən bərpa etmiş muzeylərin hər birinin fondunda 1000-dək eksponat toplanıb. Bir tərəfdən birotaqlı, şəraitsiz yerlərdə fəaliyyət göstərmələri, digər tərəfdən havasızlıq, həm muzey əməkdaşlarının normal fəaliyyətinə, həm də min bir əziyyətlə toplanmış eksponatların qorunmasına ciddi təsir edir.
Yaxşı məlumdur ki, işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey erməni tapdağı altındadır. Mədəniyyət və Turizm nazirliyinin məlumatına görə, dəyərini müəyyən etmək mümkün olmayan daşınmaz tarix və mədəniyyət abidələrindən başqa respublikamıza dəymiş ümumi zərərin məbləği orta hesabla 7 milyard ABŞ dolları təşkil edir. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə yeksan edilib, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana aparılıb. Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə vurulub. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi viran edilib.
Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix – diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilib. Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılıb.
Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materiallar olub.
Vəziyyətdən çıxış yolu kimi nəyi təklif edərdik?
Bu gün dövlətin bütün sahələrə, o cümlədən yurd yuvasından didərgin düşmüş məcburi köçkünlərə göstərdiyi qayğı və diqqəti hər birimiz yaxşı görürük. Dövlət başçısının davamlı siyasəti nəticəsində onlarca çadır düşərgəsi ləğv edilib, müasir tipli qəsəbələr salınıb, iri şəhərlərdə coxmənzilli komplekslər tikilib məcburi köçkünlərin istifadəsinə verilib. Belə bir vəziyyətdə biz məhz işğal altında olan rayonların tarix-diyarşünaslıq müzeylərinin birləşmiş mərkəzinin inşasına ehtiyac görürük. Məhz bu muzey kompleksi vasitəsi ilə gələcək nəslə, cəmiyyətə, beynəlxalq ictimaiyyətə işğalın vurduğu maddi və mənəvi zərbəni əyani şəkildə, habelə daha geniş və məzmunlu formada çatdıra bilərik. Muzey kompleksində hər bir rayonun tarixi-mədəni irsi barədə məlumat və eksponatların nümayişi çox böyük səmərə verə bilər. Bu proseslərə vətəndaş cəmiyyətinin cəlb edilməsi prosesin həyata keçirilməsini daha da sürətləndirər. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətə başladığı gündən bu məsələnin diqqət mərkəzində saxlamasını və bir sıra iri həcmli layihənin icrasına dəstək verməsi də təqdirəlayiq hal kimi sayılmalıdır. Bundan əlavə qeyd olunan istiqamətdə çalışan muzey əməkdaşlarının sosial vəziyyətinin artırılması da diqqətdən kənarda qalmamalıdır. Qeyd edək ki, hazırda yuxarıda adları çəklilən rayonlarda muzey əməkdaşlarının orta aylıq əməkhaqqı 90-120 manat civarındadır.
Qeyd edək ki, Fond layihə çərçivəsində həyata keçirilən işlərin daha məzmunlu və səmərəli nəticəsi üçün öz imkanları hesabına www.diyarshunasliq.az resursunu hazırlayıb. Bu gün resursda son işlər həyata keçirilir. Yaxın günlərdə layihənin yekunu olaraq internet resursun təqdimatı keçiriləcək.
Muzeylərdə apardığımız müşahidələrdən ən yadda qalan məqam Füzuli rayon Tarix-Diyarşünaslıq muzeyinin Bala Bəhmənli kənd filialının fəaliyyəti oldu. Hazırda muzey direktoru Elçin Əsədovun zəhməti hesabına internet resursu istifadəyə verilib (http://fuzuli-muzey.com), o cümlədən yüzlərcə nadir eksponat muzeyin fonduna toplanılıb. Bununla yanaşı Bala Bəhmənli kənd filialının işçiləri mütəmadi olaraq məktəblərdə, müəssisələrdə tariximizlə bağlı mühazirələr oxuyur və mühazirə zamanı əyani vasitələrdən də istifadə edilir.
Göründüyü kimi, yerlərdə təşəbbüskarlıq var. Belə təşəbbüskarlığa maddi və mənəvi dəstək göstərmək isə qalır həm müvafiq icra orqanlarının, həm də vətəndaş cəmiyyətinin üzərinə. Odur ki, zəngin tariximizi, maddi mənəvi irsimizi qorumaq və yaşatmaq naminə bizim hər birimiz bu istiqamətdə öz töhvəmizi verməliyik.

Vüqar Tofiqli
SAMF-ın icraçı direktoru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO