Akif Aşırlı: “Heç olmasa 22 dekabr Jurnalist Həmrəyliyi günü kimi qeyd olunmalıdır”

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Azərbaycan Xalq Cümhuriyyəti dönəmində 22 dekabr tarixinin Jurnalist günü kimi qeyd olunması faktı ilə bağlı arxiv materiallarına rast gəlib. Onun tədqiqatı bu faktı aşkarlayıb. A.Aşırlı həmin tarixin bərpa oluna biləcəyini bildirib.

Amma bir neçə qəzetin baş redaktoru qeyd edib ki, məhz 22 iyul Mətbuat günü kimi qeyd edilməlidir.

Məsələylə bağlı yenidən danışan Akif Aşırlı Modern.az-a açıqlamasında bildirib ki, o, milli mətbuat gününün 22 dekabrda keçirilməsi təklifi ilə çıxış etməyib. Sadəcə olaraq, Azərbaycan tarixində 22 dekabr günü ilə əlaqəli məqamların yer aldığını söyləyib.

“Mən Azərbaycanın milli mətbuat günü, “Əkinçi” ilə bağlı əks fikirlər səsləndirməmişəm. Əksinə, qeyd etmişəm ki, “Əkinçi” ilə milli mətbuatın əsası qoyulub, jurnalistika sistemi yaranıb və bu, kadrların hazırlanmasına öz töhfəsini verib. Mən əlimdəki faktları ortaya qoyub bildirmişəm ki, Azərbaycan Xalq Cümhuriyyəti zamanı 1919-cu ilin 22 dekabrında Bakıda Jurnalistlər günü qeyd olunub. Bunu boş, mənasız fikir kimi yox, əsaslı şəkildə, arqumentlərlə izah etmişəm. Dediklərim faktlara, sənədlərə, araşdırmalara söykənən bir fikirdir. Ölkəmiz AXC-nin varisi hesab olunursa, o tarixdə qeyd olunan əhəmiyyətli hadisələri, bayram günlərini də də nəzərə alıb bununla bağlı ideyalar ortaya qoymalıyıq. Biz 26 iyunu Silahlı Qüvvələr günü kimi qeyd edirik. Niyə? Çünki AXC dövründə bu gün Milli Ordu yaranıb. Eyni zamanda o vaxt Jurnalist günü də mövcud olub. Jurnalistlər və yazıçılar birliyi təsis olunub. 22 dekabrın Jurnalistlər günü kimi qeyd olunması rəsmi orqanın qərarı ilə qüvvəyə minib. Bu, bir tarixdir və buna laqeyd qalmalı deyilik. Necə ki, 6 noyabrda televiziya və radio jurnalistləri günü qeyd olunur, eləcə də 22 dekabrı da nəzərə almalıyıq. Heç olmasa, bu tarixi Jurnalistlərin Həmrəyliyi günü kimi qeyd etsək, yaxşı olardı. Yenə təkrar edirəm, mən açıqlamamda 22 iyulun 22 dekabrla əvəz olunmasını deməmişəm. Amma 22 dekabrı da yaddan çıxarmalı deyilik və bunu hansısa formada qeyd etməliyik”-deyə A.Aşırlı vurğulayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO