AJB sədri və MŞ-nın rəsmisi jurnalistlərə güzəştli kompüter satışı ideyasına münasibət

Noyabrın 17-də “Xalq kompüteri” pilot layihəsinin nəticələrinə həsr olunmuş mətbuat konfransında “Media forum” saytının “Jurnalistlər “Xalq kompüteri”nin güzəştli şərtləri ilə niyə kompüter ala bilmirlər” sualını cavablandıran rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bu məsələdə xüsusi bir çətinliyin olmadığını deyib: “Jurnalistləri təmsil edən hər hansı rəsmi qurum “Microsoft” şirkəti ilə lisenziyalı proqram təminatını təmin edən müqavilə imzalasa, jurnalistlərə güzəştli kompüter satışını reallaşdırmaq olar”.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov da bu məsələdə “Microsoft” şirkəti ilə müqavilə imzalanmasının vacibliyini vurğulayıb: “Təhsil Nazirliyinin “Microsoft” şirkəti ilə xüsusi müqaviləsi var və həmin müqavilə əsasında təhsil sistemi üçün güzəştli lisenziyalı proqram təminatı verilir. Jurnalistlərin də qurumları – Mətbuat Şurası, Jurnalistlər Birliyi – “Microsoft” şirkəti ilə güzəştli lisenziyalı proqram təminatı barədə müqavilə imzalasa, biz məmnuniyyətlə bu variantı tətbiq edə bilərik”.

Məsələ ilə əlaqədar “Media forum” saytı noyabrın 18-də Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ilə əlaqə saxlayıb.

E.Şıxlı deyib ki, “Xalq kompüteri” layihəsinin şərtləri ilə tanış olmadığını və bu səbəbdən də konkret fikir söyləyə bilməyəcəyini vurğulayıb: “Bizim birliyin 3 min nəfərə yaxın üzvü var. Onların siyahısını yeniləməklə məşğuluq. Əgər “Xalq kompüteri” layihəsinin şərtləri məqsədəuyğun olarsa, onda birliyin bəzi üzvləri üçün ondan yararlanmaq barədə düşünə bilərik”.

Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynzadə “Media forum” saytına açıqlamasında bildirib ki, belə bir layihəyə qoşulmaq jurnalistlərə çox gərəkdir: “Mən özüm də güzəştli kreditlərdən istifadə edə bilmirəm və ona görə də bu məsələnin nə dərəcədə önəm daşıdığını dərindən bilirəm”.

R.Hüseynzadə qeyd edib ki, müntəzəm fəaliyyət göstərən, müəyyən maliyyə rıçaqlarına malik olan qəzetlərin, jurnalların, informasiya agentliklərinin redaksiyaları zamin durmaqla əməkdaşları belə kreditlərdən yararlana bilərlər: “Bu məsələnin həlli vacibdir. Bəlkə bu kimi kreditlərin verilmə metodu jurnalistlərin digər sosial problemlərinin həllində bir nümunə ola bilər”.

“Xalq kompüteri” 2009-cu ilin aprel ayından orta məktəb müəllimlərinin güzəştli kompüter əldə etməsinə yönəlmiş layihədir. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Təhsil Nazirliyinin, HP və “Microsoft” şirkətlərinin iştirakı ilə reallaşan layihə 6 ay ərzində 3500 müəllimə lisenziyalı proqramla təmin olunmuş kompüterə sahib olmaq imkanı yaradıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO