Ağa Laçınlının 70 illik yubileyi qeyd olunub

Mayın 20-də Bakının Binə qəsəbəsində yerləşən Şəhid Pənah Məmmədov adına 46 saylı Laçın rayon orta məktəbində mərhum şair, filoloq alim Ağa Laçınlının 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Müəllim və şagirdlərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə 46 saylı Laçın rayon orta məktəbinin direktoru Bəxşeyiş Ağayev, məktəbin müəllimləri Müzəffər Salahov, Xasay İbrahimov, Məhəmməd İbrahimov, Qərənfil Həsənova, şair Ağa Laçınlının əmisi Hidayət İlyasov, şairin qardaşı Əli Əliyev, şairin oğlu Fəxri Uğurlu, bacısı oğlu Seyid Malik, şairin həmkəndlisi Əfqan Həsənov, şairlər Tofiq Abdin, İlham Qəhrəman, Qiymət Məhərrəmli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqoji elmlər namizədi Museyib İlyasov, Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqoji elmlər namizədi Hidayət Tağıyev və digərləri çıxış edərək Ağa Laçınlının həyat və yaradıcılığından danışıblar.

“Media forum” saytının məlumatına görə, tədbirdə 46 saylı Laçın rayon orta məktəbinin şagirdləri, məzunları Ağa Laçınlının şeirlərini söyləyib, şair haqda mətbuatda dərc edilmiş bəzi məqalələrdən hissələri təqdim ediblər. Laçın rayon 1 saylı musiqi məktəbinin tar müəllimi Vahid Xıdırovun və həmin məktəbin məzunu, şəhid övladı Elmira Zeynalovanın ifasında musiqi parçaları səsləndirilib.

Şəhid Pənah Məmmədov adına 46 saylı Laçın rayon orta məktəbinin müəlliməsi Elnurə Tağıyevanın aparıcılığı ilə açıq səma altında keçirilən tədbirdə Ağa Laçınlının xatirəsinin əbədiləşdirilməsi üçün təkliflər də irəli sürülüb.

1940-cı ildə anadan olan Ağa Laçınlı Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib. “Ədəbiyyat və incəsənət” qəzetinin (indiki “Ədəbiyyat qəzeti”) şeir şöbəsində çalışıb. Yazıçılar İttifaqı (Birliyi) Natəvan klubunun müdiri olub. 1970-ci ildən Bakı Dövlət Universitetində dərs deyib. “Ümid” (Bakı,1966), “Sakitik” (Bakı, 1970), “Sirli-soraqlı dağlar” (Bakı, 1971), “Torpağın gücü” (Bakı, 1973), “Ana duyğusu” (Bakı, 1976), “Aşırımlar qarşısında” (Bakı, 1978), “Vaxt yetişəndə” (Bakı, 1980), “Sevgimizlə sevindirək” (1981), “Meşə nəğməsi” (Bakı, 1985), “Gecə yuxusu” (Bakı, 1986), “Qorod tainstvenniy” (Moskva, 1987), “Homer” (Bakı, 1989 – elmi), “Alın yazımız” (Bakı, 1992), “Yapon şeirindən seçmələr” (Bakı, 2006) kitablarının müəllifidir.

Ağa Laçınlı 2007-ci il noyabrın 25-də vəfat edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO