92-ci ilin 28 fevral günü

92-ci ilin 28 fevral günü1992-ci il fevral ayının 28-i Ağdam və ətraf rayonların əhalisi qorxu və təlaş içindəydi. Dörd il ərzində davam edən gərginlik sanki zirvə nöqtəsinə çatmışdı. Qaradağlı faciəsinin ardınca erməni silahlı dəstələri tərəfindən Xocalıda soyqırım aktı törədilmişdi. Bütün dünyanın bildiyi həqiqəti isə rəsmilər təsdiqləməyə tələsmirdilər. Dövlət informasiya agentliyi üç gün əvvəl Xocalıda baş vermiş faciədə yalnız iki nəfərin öldürüldüyünü israrla bəyan edirdi…

Hələ heç kəs inanmırdı ki, həmin günün axşamı şəhərə ilk “Alazan” lar atılacaq. Çuxurməhlə, Əhmədavar və Sarhacılı istiqamətində atılan mərmilər ciddi ziyan vurmasada, şəhərdə gərginliyi xeyli artırdı…

O günlər Ağdam hadisələrin mərkəzində idi. Hamı bu şəhərdən umub küsürdü. İki hərbi helikopterin şəhər üzərində ardıcıl dövrə vurması hamını təşvişə salmışdı. Rəsmi məlumatların verilməməsi şayiələrə yol açır, bəzən isə belə şayələr vətənpərvərlik hissələrini də gölgə altına alırdı. Gərgin vaxtlarda hamının ümid yeri olan şəhər özü ümidsiz vəziyyətə düşmüşdü. Dörd il ərzində düşmənə layiqli cavab verən, bütün hücumlarına sinə gələn Ağdam çıxılmaz vəziyyətdə idi. Məhz həmin gün rəsmilər təpgilərə dözməyərək həqiqəti etiraf edə bildilər…

Milli Qəhrəman Allahverdi Bağırovun şəxsi fədakarlığı nəticəsində Xocalıda öldürülmüş həmvətənlilərimizin meyitlərinin çıxarılması, habelə əsirlərin dəyişdirilməsi üçün danışıqlar aparılmış, əraziyə xaricilərin də olduğu çəkiliş qrupu dəvət edilmişdi. Həmin gündən etibarən məscidə tanınmaz hala salınmış meyitlərin gətirlməsinə başlandı. Amma mühasirəyə düşmüş Xocalıların ard-ardınca Ağdama gəlişi davam edirdi. Düz Növruz bayramınadək şəhər xocalıları qarşılayacaqdı…

Biri vəzifəyə gəlmək, digəri isə vəzifədə qalmaq üçün sanki hər oyundan çıxmağa hazır idilər. Erməni silahlılarının qarşısında aciz qalmaq, bəlkə elə bu oyunların nəticəsi kimi başa düşülə bilərdi. Azərbaycan isə dörd ay idiki müstəqillik qazanmışdı. SSRİ kimi nəhəng imperiya dağılmışdı. Hadisələr elə sürətlə gedirdi ki, onu izləmək çətin idi. Həm siyasət meydanında, həm də cəbhədə…

Faciənin, insanlığıa qarşı törədilmiş SOYQIRIMI AKTından 21 il ötür. Heç kəsin ağlına belə gəlməzdi ki, məqamında xocalılara hayan duran Ağdam şəhəri də ilyarımdan sonra işğala məruz qalacaq…

Baş vermiş hadisələr elə bil şəhərdə ruh düşgünlüyü yaratmışdi. Şəhərdən qadın və uşaqlar çıxarılmağa başlandı…

Tarixi vərəqlədikcə, hələ XVIII əsrdən başlamış, bu ərazilərin döyüş meydanı olduğunun şahid olaraq. İran şahlarının – Məhəmməd Həsən xanın, Fətəli şahın, Kərim Xan Zəndin və ən nəhayət Ağa Məhəmməd Şah Qacarın Qarabağa hücumu zamanı məhz Xocalının döyüş meydanı olması tarixi faktdır. Ancaq Xocalı və ətraf ərazilər döyüş meydanı olsada, ərazi dirçəldi, inkişaf etdi və yaşadı. O vaxtlar Şuşanın aylarla mühasirədə qaldığı vaxt isə düşmən ordularına qəfləti həmlələrin təşkilində iştirak etdi…

İnanıram ki, gec də olsa beşitimizə, cənnətimiz olan QARABAĞımıza qayıdacaq və daha gözəl şərait yaradacaq, şad xürrəm yaşayacağıq. Amma iyirmi bir il əvvəl baş vermiş hadisələrin kino lenti kimi təkrarlamaq, yazıya köçürmək və təhlil etməkdə lazımdır. Və vaxtı da çatıb.

Yəqin ki, təhlil nəticəsində o dövrdə baş verən bütün proseslərə obyektiv qiymət veriləcək…

Biz qiymət verə bilməsəkdə, tarix və zaman hər kəsin qiymətini verəcəkdir…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO