75 yaşlı jurnalist Şamil Şahmməmədova 75 nömrəli futbolka bağışlandı

Oktyabrın 1-də Azərbaycan Mətbuat Şurasında (MŞ) görkəmli jurnalist Şamil Şahməmmədovun 75 illiyi münasibətilə mərasim keçirib.

Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə Şura sədri Əflatun Amaşov açıb.

Şura sədri Şamil Şahməmmədov yaradıcılığının çağdaş jurnalistikamız üçün örnək olduğunu deyib. “Şamil müəllim fəal jurnalist yaradıcılığına hələ Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin tələbəsi olarkən başlayıb. Əvvəl radio ilə əməkdaşlıq edib. 1957-ci ildə yeni yaradılan paytaxt qəzeti – «Bakı»ya işə götürülüb. Burada müxbir, şöbə müdiri, məsul katib işləyib, baş redaktor vəzifəsinədək yüksəlib. Sonradan «Kommunist» («Xalq qəzeti») qəzetində baş redaktor müavini, uzun müddət «AzərTAc» Dövlət Teleqraf Agentliyində baş direktor müavini və baş direktor vəzifələrini tutub. Şamil Şahməmmədov məktəbi Azərbaycan jurnalistikasına neçə-neçə ziyalılar, dəyərli qələm sahibi bəxş edib. Biz bu məktəbin ənənələrini yaşatmalı və gələcək nəslə ötürməliyik». Daha sonra Amaşov rəhbərlik etdiyi qurumun təbrik məktubunun həkk olunduğu plaketi yubilyara təqdim etdi.

Azərbaycan Dövlət Teleqraf Agentliyinin («AzərTAc») baş direktor müavini Dağbəyi İsmayılov yubilyara təmsil olunduğu qurumun kollektivinin təbrik məktubunu təqdim etdi. Onun sözlərinə görə, on ildən artıq müddətdə «AzərTAc»ın baş direktoru olmuş Şamil Şahməmmədov agentliyin dünya miqyaslı media təşkilatına çevrilməsində müstəsna xidmət göstərib.

Uzun müddət «Azərbaycan gəncləri» qəzetinin redaktoru olmuş, əməkdar jurnalist Yusif Kərimov isə ölkə jurnalistikasının inkişafında müstəsna xidmətləri olan şəxslərin yada salmasını vacib amil kimi vurğulayıb. Mətbuat Şurasının mövcud istiqamətdəki təşəbbüsünü təqdir edən Kərimov bildirdi ki, Şamil Şahməmmədov yaradıcılığı, bütövlükdə ömür yolu barədə geniş söhbət açılmalı, öyrənilməli görkəmli simalardandır.

Tədbirdə iştirak edən MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə Şahməmməduun fəaliyyətinin sovetlər birliyi dönəmində jurnalistikanın qarşısında bir sıra maneələrin olduğu zamana təsadüf etdiyini dedi. O həmçinin yubilyarı cəsarətli jurnalist kimi səciyyələndirdi.

«Neftçi» Futbol Klubunun mətbuat katibi Elnur Əşrəfoğlu yubilyara klubun təbrik məktubunu və «Neftçi»nin üzərində Şamil Şahmmədovun adı yazılmış 75 saylı simvolik futbol geyimini təqdim etdi. Jurnalistlərdən Ələsgər Cabbarov, Rafiq Həsənov, Namiq Əhmədov və başqaları Şamil Şahməmmədovun Azərbaycan jurnalistikasındakı yeri və rolundan danışaraq yubilyarı özlərinə müəllim bildiklərini söylədilər.

Sonda yubilyar ünvanına söylənmiş xoş sözlərə görə mərasim iştirakçılarına təşəkkürünü bildirib, çağdaş mətbuatımızın təmsilçilərinə tövsiyələrini verib, uğurlar arzuladı.

Qeyd edək ki, milli jurnalistikamızın inkişafında xidmətləri olan Şamil Şahməmmədovun əməyi dəfələrlə yüksək qiymətləndirilib. «Şöhrət» ordenli qələm sahibi Azərbaycanda bu yüksək dövlət təltifini alan ilk jurnalistdir. O həmçinin Prezident təqaüdçüsüdür.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO