5 jurnalist Fuad Ələsgərova müraciət etdi

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov, köşə yazarı Şahvələd Çobanoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib.

“Media forum” saytının məlumatına görə, müraciətdə deyilir: “Hörmətli cənab Ələsgərov! Bildiyiniz kimi, Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu ildə “Realnı Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayev barəsində onun dərhal azadlığa buraxılması və ona 25 min avro təzminat verilməsi ilə bağlı qərar çıxarıb. Lakin həmin müddətdən bəri Avropa İnsan Haqları Məhkəməsinin məlum qərarı yerli məhkəmələr tərəfindən icra olunmur.

Jurnalist Eynulla Fətullayev buna etiraz olaraq aclıq aksiyasına başlayıb. O bilmək istəyir ki, Azərbaycanın dövlət başçısı Avropa İnsan Haqları Məhkəməsinin onun haqqında çıxardığı qərar barədə məlumatlıdırmı və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısı kimi dövlət başçısının bu məsələyə münasibəti necədir. Eynulla Fətullayevin tələbi sadədir: prezident İlham Əliyevin özü, yaxud rəsmilərdən biri dövlət başçısının Avropa İnsan Haqları Məhkəməsinin onun haqqında çıxardığı qərardan məlumatlı olduğunu açıqladığı halda, bu qərara mənfi və ya müsbət münasibətdən asılı olmayaraq, aclığı dayandıracağını bəyan edib”.

Müraciətdə konstitusiyanın 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının prezidentinin dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısı olduğu xatırladılır: “Azərbaycan Respublikasının prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Konstitusiyanın 12-ci maddəsinə görə, “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir və bu konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

Göstərilənləri və həmkarımızın bu məsələni aydınlaşdırmaq üçün bizə etdiyi müraciəti nəzərə alaraq Avropa İnsan haqları Məhkəməsinin məhbus jurnalist E. Fətullayevlə bağlı qərarının icrası ilə bağlı konstitusiya ilə hakimiyyətin üzərinə düşən vəzifənin (və ya konstitusion öhdəliyin) yerinə yetirilməməsinin səbəb və əsaslarını öyrənmək istərdik. Eyni zamanda məhbus jurnalistin tələblərinə münasibət bildirməyinizi xahiş edirik”.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO