Müasir Azərbaycanın qəzet sənayesində “Yeni Müsavat” ən “qoca” qəzet sayılır. Müstəqillik dövrünün əvvəlində yaranan ilk müstəqil qəzetlərdən biridir. Bu gün ökənin ən çoxtirajlı qəzetləri sırasında yer alan “Yeni Müsavat”ın ad günüdür – 21 yaşı tamam olub.
1989-cu ilin noyabrından 1991-ci ilin sentyabrınadək “samizdat” üsulu ilə “Yeni Müsavat”ın 17 nömrəsini çıxıb.
Bu qəzeti 21 il öncə 23 yaşlı gənc – Rauf Arifoğlu təsis edib və 21 il ərzində nəşrin baş redaktoru olub. Hazırda o, yenə də qəzetin təsisiçisi, eyni zamanda baş redaktorudur.
Baş redaktor Rauf Arifoğlu deyir ki, qəzetin anası, ya da babası “Birlik” dərgisidir. “İlk nömrələrimizin materiallarını kustar üsulu ilə kiçik çap maşınında özüm yığmışam. O materialları yığarkən hətta barmaqlarım da qan içindəydi. Çünki təcrübəm yox idi. 20 il öncəki həmin çap makinasını da indiyə kimi saxlayırıq. Bu mənimçün çox qiymətlidir”.
Rauf Arifoğlu deyib ki, “Yeni Müsavat” brendi dürüstlüyü, etibarı, milliliyi, türkçülüyü və İslamı özündə birləşdirir. İndiyədək qəzetə təxminən 500-600 əməkdaş gəlib-gedib.
Təsisçi və baş redaktor qəzetin oxucularının yarıdan çoxunun məmurlar olduğunu bildirib.
”Məmurların imkanları var ki, hər gün 40 qəpik verib qəzet alsınlar. 20-25% oxucumuz müxalifətçilər, 20% xırda ticarətlə məşğul olanlar, 5-7% isə təsadüfü adamlardı. Oxucu rəyi bizə o qədər lazımdır ki, biz əlimizi nəbz kimi ona kökləmişik”.
Bu sözləri R.Arifoğlu Modern.az-a qəzetin ötənilki ad günündə söyləmişdi. Yəqin indi də bunun üzərində durur.
Modern.az saytı olaraq həmkarlarımızı təbrik edir, onlara oxucu axtarmağı deyil, oxucuların onları axtarmasını arzulayırıq.