2010-cu ilin üç ən yaddaqalan kriminal hadisəsi jurnalistlərin nəzərində…

Modern.az saytı 2010-ci ilin başa çatmaq üzrə olduğunu nəzərə alaraq, bu il ictimai-siyasi zəmində media nümayəndələrinin nəzərində üç ən mühüm hadisənin nə olduğunu ötən günlərdə öyrənmişdi.
Bu dəfə isə kriminal sahədən yazan müxbirlərdən 2010-cu ilin üç ən yaddaqalan cinayət hadisəsinin hansılar olduğunu xəbər aldıq.

İlk müsahibimiz “Üç nöqtə” qəzetinin əməkdaşı Xalid Vahidoğlu bildirib ki, 2010-cu ildə siyasi motivdə ictimai rezonans doğuran qətl hadisələri olmayıb.
“Nisbətən səs-küylü qətl kimi Biləcəri Enerji Stanasiya Mərkəzinin rəhbəri İsmayıl Allahverdiyevin öz qohumları tərəfindən qətlə yetirliməsini göstərmək olar.
İkinci ağır hadisə yayda Sumqayıt şəhərində baş verib. Keçmiş məhkum Ədalət Verdiyev qeyri-qanuni yaşadığı həyat yoldaşı Südabə Kazımova tərəfindən qətlə yetirilib. Meyit müəyyən hissələrə parçalanıb Sumqayıta və Bakının müxtəlif hissələrinə atılmışdı.
Üçünçü kriminal hadisə yenə Sumqayıtda baş verib. Elşən Kazımov adlı bir nəfər 82 yaşlı atasını, həyat yoldaşını, 7 və 12 yaşında iki azyaşlı uşağını qətlə yetirib.
Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsində ata və oğulun güllələnməsi hadisəsini də qeyd etmək olar. Hadisə zamanı oğul dünyasını dəyişmişdi. Amma 2010-cu ildə 2009-cu ildə törədilən Rail Rzayevin qətli və Neft Akademiyasındakı terakt kimi ictimai rezonanslə olaylar qeydə alınmadı”.

APA-nın müxbiri Hafiz Heydərov bildirib ki, 2010-cı ildə ən səs-küylü, ağır, yaddaqalan birinci hadisə Sumqayıtda baş vermiş qətl hadisədir.
“Bir nəfər dörd ailə üzvünü öldürüb, sonra özü intihar etmişdi.
İkinci yaddaqalan faciəli hadisə jurnalist Rafael Mustafayevin faciəli şəkildə ölümü ilə bitən yol qəzası idi. Təbii ki, bu da bizim yaddaşımızdan silinməyib.
Üçünçüsü isə bizim digər həmkarımız – “Milli yol”qəzetinin baş redaktoru Şahin Ağabəylinin yol qəzasında həlak olmasını qeyd edə bilərəm.
Digər yaddaqalan olaylardan biri isə xalq artisti Faiq Ağayevin bıçaqlanması hadisəsidir”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Könül Zərbalıyeva qeyd edib ki, bu ilin ən səs-küylü cinayət hadisəsi Daşkəsəndə N saylı hərbi hissədə olub.
“2010-cu ilin əvvəlində – yanvar ayının 28-ində əsgərlərin zabitləri öldürməsi ilə bağlı hadisə yaddaqalan olub. İki əsgər hərbi hissədə zabitlərin bir neçəsini qətlə yetirib, bir neçəsini də yaralamışdı.
İkinci yaddaqalan hadisə Sumqayıt şəhərində baş verib. Valyutadəyişmə məntəqəsi yaxınlığında ata və oğula hücum olub, iki nəfər öldürülüb.
Üçüncü bu ilin yadda qalan hadisəsi yenə Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin birində baş verib. İyun ayının 29-da Sərdar Cəfərov adlı əsgər öz xidməti silahı ilə digər iki əsgər yoldaşını, özünü öldürmüş, birini də yaralamışdı”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Balaxanılı bildirib ki, Azərbaycanda elə bir yer yoxdur ki, orda hər gün, hər saat cinayət hadisəsi baş verməsin.
“O qədər cinayət hasdisələri olur, o qədər cinayət işlərindən yazırıq ki, artıq onların sayı-hesabını itirmişik. Normal ölkələrdə belə hadisələr baş verməli deyil. Bir cinayəti araşdırıb sona çatdırmamış, səbəblərini araşdırıb üzə çıxartmağa başlayırıq ki, səhəri gün artıq başqa cinayət hadisəsi üzərində işləyirik.
Bu illəri bizim incan orqanlarının alqı-satqısı ilə məşğul olan mafiya ilə bağlı araşdırmamız olub. Məncə buna yaddaqalan cinayət hadisəsi desək yanılmarıq, çünki bu araşdırmada beynəlxalq orqan mafiyasının Azərbaycandakı izlərini araşdırıb üzə çıxarmışdıq. Mənim üçün bu ən yaddaqalan hadisədir.
İkinci yaddaqalan hadisə isə Sumqayıtda olub. Deputat İqbal Ağazadənin qohumlarına valyutadəyişmə məntəqəsində hücum olub, iki nəfər öldürülmüşdü. Hazırda həmin cinayəti törədən adam Rusiyada tutulub, yəqin ki, yaxın vaxtlarda Azərbaycana ekstradisiya olunacaq”.

“Ədalət” qəzetinin əməkdaşı İntiqam Valehoğlu ilin yaddaqalan criminal olayları barədə bunları bildirib: “Bu ilin ən yaddaqalan hadisələrindən biri oğlun öz anasını öldürməsi olub. Hansı rayonda olması yadımda qalmayıb, amma o hadisə Azərbaycan ictimaiyyəti üçün həm sarsıdıcı məqam idi, həm də çox pis nümunə idi.
İkinci yadaqalan cinayət hadisəsi Şabran rayonunda “Goreşən” ləqəbli bir nəfərin qəbiristanlığa qənim kəsilməsi olub. Həmin adam vətəndaşların yaxınlarının qəbirlərini qırıb dağıdırdı.
Yadımda qalan digər kriminal hadisə iki-üç ay əvvəl “Milli yol” qəzetinin baş redaktoru Şahin Ağabəylinin yol qəzasında həlak olmasıdır”.

“Bizim yol” qəzetinin müxbiri Hacı Zeynalov qeyd edib ki, hər gün kriminal hadisələr barədə yazdığından, hər bir cinayət işi onun üçün ağır cinayət hesab olunur.
“Bu yay Cəlilabad rayonunda əmi ilə atanın 15 yaşlı qızı zorlamasını ən yaddaqalan və ölkəni şoka salan ağır cinayətlərdən hesab edirəm. Elə həmin cinayətin bu gün apellyasiya şikayətini yazmışam.
Bundan başqa, Qəbələ rayonunda idman müəlliminin öz yaxın qohumlarını namus üstündə qətlə yetirməsi daha sarsıdıcı oldu”.

“Azadlıq” qəzetinin əməkdaşı Aytən Məmmədova aşağıdakı üç kriminal hadisəni 2010-ci ilin ən yaddaqalan olayları sayıb:
“Birinci ilin əvvəlində Daşkəsəndə hərbi hissədə olan qətliam, ikinci Ramil Usubovun kürəkəni Kamran Xankişiyevin ağız nahiyyəsindən güllə yarası alması, üçüncü isə Sumqayıtda valyutadəyişmə məntəqəsində bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə bağlı baş verən cinayət hadisəsi.
Bunları 2010-ci ilin ən yaddaqalan hadisələri hesab edirəm.
Əslində bir nəfərin, hətta iki-üç nəfərin ölümü ilə bağlı hadisələr çox olur. Sadəcə sonuncu qeyd etdiyim hadisənin qurbanları bəlkə də deputatın qohumu olduğuna görə məsələ böyüdü. Artıq güc strukturları rəhbərlikləri səviyəsində prosesə nəzarət olduğuna görə daha çox səs-küy yaratdı”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO