20 Yanvar hadisələrinin 20-ci ildönümü münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar anım mərasimləri keçirir, şəhidlərin xatirəsini yad edirlər. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Strasburda fəaliyyət göstərən “Azərbaycan evi”nin təşəbbüsü ilə ayda iki dəfə bazar günləri Azərbaycanla bağlı mütamadi səsləndirilən radio verlişi yanvarın 17-də bütövlükdə 20 Yanvar faciəsinin ildönümünə həsr edilib.
“Azərbaycan evi”nin rəhbəri Mustafa Alınca 20 Yanvar faciəsi ilə bağlı verilişə telefon vasitəsilə qoşularaq bu faciənin baş verdiyi dövrdə Azərbaycandakı hadisələrlə bağlı rus və erməni mənbələrinin birtərəfli və həqiqətdən uzaq xəbərlərinə istinad etmiş fransız mətbuatında dərc olunan yazılara Strasburqda yaşayan azərbaycanlıların kəskin etiraz bildirmələrindən, əsl həqiqəti fransızlara çatdırmaq məqsədilə apardıqları işlərdən söz açıb. Verilişdə 20 Yanvar facisəi ilə bağlı “Azərbaycan evi”nin bəyanatı da səsləndirilib. Bəyənatda dünyada insan hüquqlarına dair qanunu ilk dəfə qəbul etmiş Fransanın və Strasburqda yerləşən İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin 20 Yanvar faiciəsinə siyasi qiymət verməsi, eləcə də bu cinayəti törədənlərin məhkəməyə cəlb edilərək, öz layiqli cəzalarını alması üçün öz səslərini ucaltması tələb olunur.
Benilüks Azərbaycanlıları Konqresi (BAK) Hollandiyanın Rotterdam şəhərində 20 Yanvar faciəsinin 20 illiyi münasibətilə anım tədbiri keçirib. Azərbaycanın Niderlanddakı Səfirliyinin nümayəndələrinin, soydaşlarımızı öz ətrafında birləşdirən diaspor təşkilatları rəhbərlərinin, türk icmalarının təmsiçilərinin, iş adamlarının və Hollandiyada təhsil alan azərbaycanlı tələbələrin iştirak etdiyi mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə kinorejissor Ramiz Əliyevin 20 Yanvar faciəsi ilə bağlı filmi, eləcə də bədii kompozisiya nümayiş etdirilib.
Yanvarın 17-də Bişkekdəki “Azəri” İctimai Birliyinin və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun birgə təşkilatçılığı ilə Qırğızıstanın Kant şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı mərasim keçirilib. “Azəri” İctimai Birliyinin sədri, əməkdar həkim Akif Alaferdov 20 Yanvar faciəsinin başvermə səbəbləri, keçmiş sovet ordusunun Bakıda törətdiyi cinayətlər barədə tədbir iştirakçılarına məlumat verib.
Yanvarın 18-dən 20-dək Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara, Fərqanə və Nəvai vilayətlərində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri keçirəcək. Kiyev şəhərindəki Müəllimlər Evində isə Ukrayna Azərbaycanlıları Konreqsinin Azərbaycanın bu ölkədəki səfirliyi ilə birgə təşkil edəcəyi mərasimdə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılacaq, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” kitabının təqdimatı olacaq.
Konqresin Xarkov, Donetks, Dnepropetrovsk bə digər bölgələrindəki regional qurumları da anım tədbirləri keçirəcəklər.
Minskdə də Belarus Azərbaycan İcmaları konqresi 20 yanvar faciəsi qurbanlarının xatirəsini Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə tədbir keçirərək yad edəcək. Anım mərasiminə toplaşanlara faciədən bəhs edən sənədli film göstəriləcək, bu qanlı tarix bir daha videogörüntülərdə izlənəcək.