20 Yanvar qanlı hadisəsinin və Azərbaycan xalqının ötən əsrin 80-cı illərin sonu, 90-cı illərin əvvəlindəki bütün bədbəxtliklərinin təqsirkarı Mixail Qorbaçov beynəlxalq məhkəmə qarşısında dayanmalıdır. Bu barədə çərşənbə günü Azərbaycan Baş nazirinin müavini Əli Həsənov faciə qurbanlarının ailələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, beynəlxalq məhkəməyə təqdim etmək üçün müvafiq sənədlərin hazırlanmasına hələ 1999-cu ildən başlanılıb və hazırda bu məsələ yenidən qaldırılmalıdır.
Baş nazirin müavini deyib ki, məhz şəhidlər müstəqil Azərbaycanın yaradıcıları olub.
“Beynəlxalq İstanbul Qardaşlıq və Yardımlaşma Dərnəyi” və “Azərbaycanın Gəncliyə Yardım Fondu” tədbirdən sonra 172 şəhid ailəsinə yardım göstərib.
20 yanvar 1990-ci il tarixi Azərbaycan tarixinə azadlıq və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizə günü kimi yazılıb.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 132 insan öldürülüb, onlardan 117-si azərbaycanlıdır. 744 adam ağır xəsarət alıb, 4 nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra daha 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda (Neftçala, Lənkəran) 26 nəfər qətlə yetirilib.