Bu gün “Azadlıq” deyən soydaşlarımızın sovet qoşunları tərəfindən qətlə yetiriliməsindən 20 il keçir. Vəhşiləşmiş sovet qoşunlarının törətdiyi qanlı qırğın xalqımızın qan yaddaşına həkk olunub. Azərbaycan xalqının milli azadlıq mübarizəsinin şanlı səhifəsinə çevrilmiş 1990-cı ilin 20 Yanvar hadisələri dünya mətbuatında əksini tapıb. 20 il əvvəl 1990-cı ilin yanvar günlərində Britaniya mətbuatının diqqəti Bakıya yönəlmişdi. O vaxt Britaniya qəzetləri nə yazırdılar?
Londonda çıxan “Times” qəzeti yazırdı: “Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra Sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir”.
Qəzet yazırdı ki, Bakıya hücumun məqsədləri barədə Sovet İttifaqının Xarici İşlər və Müdafiə nazirlikləri arasında ciddi fikir ayrılığı var. Mətbuatdan alınan xəbərlərə görə, yerli kommunist rəhbərləri tərəfindən Cənubi Qafqaza hərbi qulluğa göndərilən ehtiyatda olan hərbçilər getməkdən imtina edirlər. Moskvanın özündə müxtəlif siyasi qüvvələr qoşunların kim tərəfindən göndərildiyini xəbər alır və onların dərhal geri çağırılmasını tələb edirlər. “Times” həmçinin həmin həftə Azəırbaycanın Moskvadakı daimi nümayəndəliyinə hərbi reyd barədə yazırdı. Qəzet yazırdı ki, reyd zamanı atəş açılıb və Xalq Cəbhəsinin liderlərindən biri həbs olunub. “Bu ondan xəbər verir ki sovet liderliyi millətçi hərəkatı boğmaq əzmindədir, hərçənd SSRİ Daxili İşlər Nazirliyi Azərbaycan Xalq Cəbhəsindəki “sağlam siyasi qüvvələr”lə danışıqlara hazır olduğunu bildirib”-deyə “Times” yazırdı.
Yanvarın 30-da “Times” qəzeti yazırdı ki, SSRİ xarici işlər naziri Eduard Şevardnadze Sovet qoşunlarının Azərbaycana qan tökülməsinin qarşısının alınması üçün göndərildiyini bildirib. Şevardnadze Bakıya hücumun heç bir siyasi məqsədi olmadığını bildirib.
“Financial Times” yazırdı ki, prezident Qorbaçov Bakının hərbi işğalı ilə bağlı tənqidlərlə üzləşməkdə davam edir. Bu dəfə onu Rusiya millətçiləri tənqid edirdi. Qəzet yazırdı ki, Rusiya millətçiləri Moskvanın mərkəzində yürüşü keçirərək “oğullarımızı geri çağırın” şüarlarını irəli sürüblər. “Financial Times” yazırdı ki, hətta millətçi və anti-semit “Pamyat” təşkilatı da qoşunların Azərbaycandan çıxarılmasını tələb ediblər.”Pamyat” təşkilatının lideri Dmitri Vasilyev millətlərarası toqquşmalara görə kommunist rəhbərliyini günahlandıraraq deyib ki, rusların müsəlman azərbaycanlılarla heç bir mübahisəsi yoxdur. “Bizim bir qoşun müsəlman dostumuz var” – deyə Vasilyev bildirib. “Financial Times” qəzeti həmçinin 20 yanvar gülləbaranından dərhal sonra Bakıda yayılan belə bir şayiələrin doğruluğunu da təsdiq edirdi ki, 19-20 yanvar gecəsi Bakıya yeridilən qoşun Stavropol, Rostov və Krasnodar reservistlərindən ibarət olub. “Financial Times” yazırdı ki, onların əksəriyyətini gülləbarandan sonra adi nizami qoşunlar əvəz ediblər.
“Financial Times” yazırdı: “SSRİ müdafiə naziri Dmitri Yazov “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, qeyri-formal birləşmələrin fəaliyyəti ucbatından Cənubi Qafqazda vəziyyət mürəkkəb olaraq qalır”. Bununla belə nazir qoşunların Bakıya guya tətil edən əhalinin zorla işə çıxarılması üçün göndərildiyi barədə iddiaları rədd edib. O, deyib ki, qoşunlar qanunsuz birləşmələri tərksilah etmək üçün bölgəyə göndəriliblər. “Financial Times” xatırladırdı ki, ikicə gün əvvəl Dmitri Yazov Sovet qoşunlarının Bakıya Xalq Cəbhəsinin strukturunu dağıtmaq üçün göndərildiyini söyləmişdi.
“İndependent” qəzeti özünün 2 fevral 1990-cı il nömrəsində yazırdı: “General-leytenant Dubinyak elan edib ki, vəziyyət yaxşılaşsa, Bakıda kommendant saatının müddəti qısaldılacaq. O ümid etdiyini bildirib ki, Bakıda yerləşdirilmiş 17 minlik qoşun gələn ayın ortalarınadək şəhərdən çıxarıla bilər”.
Qəzet yazırdı ki, bu arada Azərbaycan Kommunist Partiyası MK-nın üzvü Əfrand Daşdəmirov ilk dəfə olaraq etiraf edib ki, hazırda respublika əhalisinin əksəriyyəti Xalq Cəbhəsini dəstəkləyir. Qəzet yazırdı ki, Cəlilabad və Lənkəran şəhərlərində Sovet hakimiyyəti faktiki olaraq yıxılıb.
Və nəhayət “İndependent” qəzeti 1990-cı il fevralın 10-da yazırdı: “Yüz metrlərlə məsafə gül-çiçək divarları ilə müşaiyət olunur. Şəhidlər Xiyabanı kimi tanınan bu yerdə 100 minlərlə qırmızı qərənfillər döşənib. Sovet tankları Bakıya üç həftə əvvəl giriblər, lakin o gecəki ölümlərin yarası hələ də göynəyir. Bütün evlərin balkonlarından qara bayraqlar asılıb. Avtomobillərin hamısına qara lentlər bağlanıb”.