135 illikdə Ali Media mükafatları ilə bağlı təkliflər başladı

Xəbər verildiyi kimi Azərbaycan milli mətbuatının yaranmasının 135 illik yubileyilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbirlərin həm respublikanın bölgələrində həm də paytaxtda keçirilməsi gözlənir.

Mətbuat Şurasının sədri Əflatun Amaşovun mətbuata açıqlamasına görə yubileylə bağlı tədbirlərə Həsən bəy Zərdabinin anadan olduğu Zərdabdan başlanacaq: “Mətbuatın 135 illik yubileyilə bağlı ölkə prezidentinin imzaladığı sərəncama uyğun olaraq tədbirlər planı hazırlanacaq. Tədbirlər Həsən bəy Zərdabinin anadan olduğu Zərdab rayonundan start götürəcək. Digər bölgələrdə müxtəlif konfranslar keçiriləcək. Son tədbir isə Bakıda düzənlənəcək. Bundan başqa jurnalistikada fərqlənən şəxslər “Əməkdar jurnalist” “Əməkdar mədəniyyət işçisi” kimi adlarla təltif olunacaq. Bununla bağlı jurnalist təşkilatlarına və digər qurumlara müraciət olunub ki jurnalistika sahəsində fərqlənən insanları qiymətləndirmək üçün bizə tövsiyələr versinlər”.

Əflatun Amaşov bildirib ki şuranın təsis etdiyi Ali Media Mükafatı ilə bağlı hələ tam siyahı tərtib olunmayıb: “Həm jurnalist kimi çalışan həm də bu sahənin inkişafına töhfə verən mütəxəssislər Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatına layiq görüləcək. Bununla bağlı məsləhətləşmələr artıq yekunlaşmaq üzrədir. Yaxın günlərdə geniş məlumat veriləcək”.

Məsələ ilə əlaqədər bir neçə qəzetin fikrini öyrəndik. İlk əvvəl sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bunları dedi: “Mətbuatın 130 illiyilə bağlı beş il əvvəl bizə belə bir müraciət olunmuşdu. O zaman səhv etmirəmsə 63 jurnalist mükafatlandırıldı. İndi hələlik konkret olaraq Mətbuat Şurasının bizə müraciəti yoxdur. Sadəcə mən də sizin kimi sözügedən müraciəti qəzetdən və informasiya saytlarından oxumuşam. Təbii ki bu gün ictimayi rəyə hansı jurnalistlərin təsir imkanının olduğunu hansı jurnalistlərin yazısının maraqla qarşılandığını ümumiyyətlə hansı kollektivlərdə peşəkar jurnalistlərin çalışdığını bilirik. Bütün bunlar bəlli məsələlərdir. Sadəcə hələlik bizə elə bir müraciət daxil olmayıb. Müraciət daxil olarsa təbii ki öz təklif və münasibətimizi bildirəcəyik. MŞ sədri Əflatun Amaşov ən azından telefonla təltif olunacaq jurnalistlərin siyahısını gərək istəsin ki biz də onu verək. Digər tərəfdən hesab edirəm ki mətbuat gününə hələ müəyyən müddət var. Ona görə də görünür ilkin olaraq bu informasiyanı Əflatun bəy qəzetlərdə verib”.

“Ədalət” qəzetinin redaktoru Ceyhun Musaoğlu sözügedən məsələ ilə bağlı təklif və tövsiyələrini verəcəklərini bildirdi: “Mətbuatın ad günündə bu kimi məsələlər həmişə aktuallıq kəsb etməyə başlayır və suallar ortaya çıxır ki daha nə etmək olar. Təkliflərimizdən biri o olar ki Azərbaycan Nəşriyyatı dövlət büdcəsi hesabına ciddi təmir edilsin. Çünki nəşriyyatın binasının əsaslı təmirə doğrudan da böyük ehtiyacı var. Mətbuatın 135 illiyilə əlaqədər ölkə jurnalistlərinə ən böyük mükafat məhz bu olardı. Biz dəhlizdə ayaq yolunun üfunətindən bezmişik. Redaksiyaya nazir deputat qonaq gəlir. Biz onlarla dəhlizlərdə yürüyəndə utanırıq.

İkinci təklifimiz “Əməkdar jurnalist” adlarının verilməsilə bağlı olacaq. Həmin adları daşıyan insanlara fikir versək görərik ki onların böyük əksəriyyəti bəlkə də o adlara layiq deyil. Bunu müəyyənləşdirməyin ən yaxşı yolu odur ki mətbuatın 6-7 nəfər peşəkar yazarlarından ibarət komissiya yaradılsın. Və komissiya araşdırsın ki kimə daha çox ad düşür kimə ad verilməlidir kim daha çox yazı ilə məşğul olur kim xəbər gətirir. Niyə xəbər gətirən jurnalistə ad verilmir? Bütün günü küçədədilər günün altında yolpulu xərcləyirlər və s. Sabirabaddan reportaj hazırlayanlara niyə “Əməkdar jurnalist” adı verilməsin?

Üçüncü təklifimiz mətbuata ayrılan pulların təyinatı üzrə xərclənməsilə bağlıdır. Bu gün mətbuata nə qədər vəsait ayrılır ancaq buna baxmayaraq mətbuat yenə də bir addım da olsun qabağa getmir. Dördüncü təklifimiz jurnalistlərə böyük bir ərazidə torpaq sahələrinin ayrılması ilə bağlı olacaq. Bu gün jurnalistika sahəsində çalışanların böyük əksəriyyətinin evi yoxdur”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO