Çalışdığım Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı və təşəbbüsü, tanınmış jurnalist, Zərdabi tədqiqatçılarından biri Tahir Aydınoğlunun da yaxından köməkliyi ilə “Həsən bəy Zərdabi və “Əkinçi”” kitabını çapa hazırlayırıq. Milli mətbuatımızın 135 illik yubileyinə hədiyyə olaraq.
Dəyərli bir iş görürük. Təvazökarlıqdan uzaq olsa da, bunu deməliyəm. Böyük çətinliklər, gərgin zəhmət və hövsələ hesabına Azərbaycanın mətbuat tarixinə ilgili əksər materialları cəm edə bilmişik. Lakin düşünürəm ki, “azərbaycanlıların qiraət müəllimi” kimi şərəfli bir ada istisnasız olaraq müəlliflik hüququ qazanan Həsən bəyin barəsində topladığımız, yazdığımız məlumatlar yenə də onun ucalığını tamamilə ehtiva edə biləcək bir səviyyəyə çata bilməyib. Bunlar öz yerində…
İndi bəlağətli fikirlər zamanı deyil. İndi dövrlər – hər dövrə aid gerçəkliklər arasında müqayisələr, paralellər aparılmasına lüzum var. Həsən bəyin azərbaycanlılara məktəb açmaq üçün göstərdiyi çabaları, buna görə xanımı – balkar qızı Hənifə xanım Abayeva-Məlikova ilə Bakı qoçuları tərəfindən daşa basılması faktlarını oxuyanda istər-istəməz indi həmin qoçuların nəvə-nəticələrinin övladlarını oxutması üçün təhsili yarıtmayan orta məktəblərimizlə kifayətlənməyib, repetitor tutmaları faktları yadıma düşür.
Düşünürəm ki, həmin daşların da tutduğu müqəddəs yoldan döndərə bilmədiyi Zərdabinin öz xalqı üçün yaratdığı ən böyük məktəb elə həmin maarifçiliyin özül daşlarının qoyulmasıdır. Amma əsl səbəbini hələ də götür-qoy edə bilmədən “nəyinsə xatirinə” təhsilə maraqları artmış “qoçu nəvələri” heç indi – 100 il sonra da Həsən bəyin tarixdəki müstəsna rolu, tarixi dəyəri barədə düşünmək səviyyəsinə belə gəlib çatmayıblar. Biz bunu kitabın çapına kömək məqsədilə müraciət etdiyimiz bir sıra təşkilatların “obrazovannı rəhbərlərindən” gördük…
Həsən bəy şəxsiyyətinin tarixdəki rolu, onun çətinliklər hesabına ərsəyə gətirdiyi “Əkinçi”si barədə şübhəsiz ki, saatlarla danışmaq olar. Ancaq buna zərdabişünasların ərsəyə gətirdikləri tədqiqat əsərləri aydınlıq gətirib. Bizim hazırladığımız kitabda da indiyədək çap olunmuş və olunmamış bu əsərlər, digər məlumatlar barədə yetərincə informasiyalar var.
Zərdabi həyatının çətinliklərlə dolu olan maraqlı məqamları isə çoxdur. Böyük ədib “Əkinçi”ni çap etmək, daha doğrusu, qəzetin çapına icazə almaq üçün o vaxtkı ölkə rəhbərliyi (Rusiya – N.Q.) ilə mübarizə aparırdı. Belə bir vaxtda paralel olaraq qəzetə hürufat (şrift – N.Q.) tapmaq üçün İstanbula getməyə məcbur oldu və buna görə də qəzetin nəşri bir ilədək yubandı, çünki dövr indiki dövr, maddi-texniki imkanlar indiki imkanlar qədər deyildi. Zərdabi yazır ki, “əslində, Bakıda da dəmirçilərə qəliblər düzəltdirib hürufat tökdürmək olardı. Ancaq Bakının imkanlıları bundan qazanc götürə bilməyəcəkləri və ya az qazanc götürəcəkləri səbəbindən buna razılıq vermirdilər”.
Paradoksa fikir verirsinizmi, bir xalqı ayıldıb, maarifləndirməkdən, indki dillə desək, bu yolla sivil dünyaya inteqrasiya etməkdən ötrü qəzet hazırlanır, lakin həmin xalqın imkanlı təmsilçiləri öz qazanclarının buna görə müvəqqəti və qismən azalması ilə də razılaşmırlar. Zaman dəyişib, inkişaf gedib, insanlarımız yuxarıda qeyd etdiyimiz kimi təhsil alıb, amma özünüz də hiss etdiniz ki, Zərdabiyə və onun təkzibolunmaz və təkrarsız obrazına münasibət dəyişməyib. Bunu elə qəzetçilik kimi maarifləndirici bir işi reketçiliyə, şouçuluğa çevirənlərin, imkanlarına güvənib media qurumlarını özlərindən asılı vəziyyətə salanların timsalında da müqayisə etmək olar…
Zərdabinin qızının xatirələrində qeyd olunan, Həsən bəyin maarifçilik işlərini davam etdirmək məqsədilə xeyriyyə cəmiyyəti açmasını, buraya milyonçuların deyil, “belində yəhər axşamacan qəpik-quruş qazanan hanbalın pul ödəmək istəməsi” kimi tükürpədici bir faktı da yazmağa məcburam və təbii ki, öz doğma övladı olmayan erməninin ermənilərin övladlarını oxutmaq üçün açılan məktəbə sonuncu olaraq pul ödəməsini də.
Bunu ona görə diqqətinizə çatdırmağı vacib bildim ki, biz zaman-zaman İranda yaşayan 35 milyonluq soydaşımızın ana dilində təhsil ala bilməmələrinə, 200 min erməniyə isə analoji münasibətin olmamasına görə təəssüf hissləri keçirmiş, bu məsələni mütəmadi olaraq medialar vasitəsilə ictimailəşdirmişik…
Bir sözlə, zaman o zaman olmasa da, biz elə həminkilərik. Dəyişən mahiyyətimiz yox, geyimimizdir. Elə o dövrdə yazılanlar kimi, “Qərb ölkələrinin musiqisinə qulaq asırıq, paltarını geymək istəyirik, ancaq təhsilini öyrənib, kitablarını tərcümə etmək istəmirik”.