“Gərək döyülə, söyülə, vurula, dağıdıla, sındırıla, yandırıla, sonra bunlar başa düşsünlər”
“Qafqazinfo” İsmayıllıdan olan xalq şairi Musa Yaqubun “Azadlıq” qəzetinə verdiyi müsahibəni təqdim edir:
– İsmayıllıda baş verən hadisələrdən barədə nə deyə bilərsiniz? Insanların üsyana qalxması nə qədər gözlənilən idi?
– Doğrusu, əvvəldən gözləmirdim. Ancaq hamı o narazılığı hiss edirdi. Mən də hiss edirdim ki, Ismayıllı əhalisində ümumi narazılıqlar var. Amma bir məsələni deyim. Bizim elimiz-obamız, oradakı insanlarımız çox dözümlüdür. Ismayıllı çox mədəni bir yerdir. Dağ adamları çox səbirli olurlar. Torpağını əlindən alırsan, dözür. Çörəyini əlindən alırsan, dözür. Iş yerini əlindən alırsan, yenə də dözür. Deyir zərər yoxdur. Gəlmə adamlara hörmət edir, onların etdiklərinə dözür. Bu, Ismayıllı adamlarında bir ümumi xarakterdir. Deyirlər qoy görək dünyanın işləri hansı səmtə gedib çıxır. Amma indi bir bəla odur ki, lap icra olsun, ya digər rəhbərlikdə olanlar olsun, ömrü boyu ayağı Ismayıllıya dəymədən bu rayondan qazancını da aparır, adamlarını da təhqir edir. Amma millət təhqirə dözmür. Ismayıllını talayırsınız, üstəlik, sadə insanları da söyürsünüz. Qubada icra başçısı camaatı təhqir etməsəydi, bəlkə də o hadisə olmazdı. Deməli, millətimiz doğrudan da mahiyyəti olmayan, zəhmətsiz gələn qazanclara dözür. Ancaq özbaşınalığa, əxlaq pozğunluğuna dözə bilmir. Özlərinin təhqir olunmasına dözə bilmir. Axı nəyə görə vəziyyət bu həddə çatmalıdır. Çörəyim sənin, yeməyim sənin, qazancım sənin, heç olmasa bununla əl çək, təhqir etmə. Bu məsələni ismayıllılar yaxşı edir, onlara haqq qazandırıram. Axı bura qədim yurddu. Niyə iş yerlərini, hotelləri alıb tərbiyəsizliklə məşğul olurlar. Nə üçün axı icra başçısı iş yerləri açmaq, başqa işlər haqqında fikirləşmir, əvəzinə ancaq özlərinin qazancı haqqında fikirləşir. Nə təhər olur, qardaşı nazir, özü orda hazır. Belə olmaz axı. Belə işlər düzgün deyil. Ona görə bu hadisələrin baş verəcəyini qabaqcadan gözləmək olardı. Təəssüflər olsun ki, məmurların gözlərini hansısa duman tutub, heç nə görünmürlər. Ancaq insan dumanın içində də yeriyə bilir. Heç olmasa hiss eləsin, duysun ki, millət bunlardan nə vaxtsa hesab istəyəcək. Millət qalxacaq, millətin qəzəbi var. Heç vaxt inanmırdım ki, ismayıllılar maşın yandırsın, hotel yandırsın. Niyə belə olmalıdır. Yandıranlarda günah yoxdur. Onlar əxlaqsızlıq yuvasını dağıdırlar, oranı işlədənlərə dərs verirlər. Mən bilmirəm bunlar bu dərsi başa düşür, ya yox.
– Yəqin bu hadisə bir təhqirə görə deyil, illərdi toplanmış etrazdı. Siz necə düşünürsünüz?
– Bu qığılcımdı. Alov yanmalıdır. Necə ki, benzin yanmalıdır, onun mahiyyətində bir yanğı var. Camaat da yanğılıdı. Bu, narazılıqdan doğan hadisələrdir. Elə bir təhqirə görə deyil.
– Heç kimin həbs olunmayacağı ilə bağlı vəd verilsə də, artıq həbs olunanlar var. Əslində bu hadisəyə görə günahkar kimlərdi, kimlər həbs olunmalıdır?
– Əslində günahkar vəziyyətin bu həddə çatmasına imkan verənlərdi. Bu şəraiti yaradanlardır. Onlar özləri həbs olunmalı, işgən çıxarılmalıdırlar.
– Rayon rəhbərliyinin əhalinin qarşısına çıxıb üzr istəmək əvəzinə küçələrə polisi, daxili qoşunları çıxarmağının adı nədir?
– Bunların mahiyyəti budur. Əvvəldən də belə olub. Özləri qaçıb aradan çıxırlar, camaatın qarşısına polis, silah çıxarırlar. Bu düzgün deyil axı. Nə vaxta qədər silah dili ilə, güc dili ilə, güllə dili ilə danışacaqlar. Nə olar, bir dəfə də özləri etiraf etsinlər. Bir dəfə də ağsaqqal dəvət etsinlər. Desinlər ay camaat, bu işi görmüşük, pis eləmişik, bacarmamışıq, sizin fikriniz nədir. Bir camaatın, millətin fikrini, onların nə düşündüyünü öyrənmək lazımdır. Gərək döyülə, söyülə, vurula, dağıdıla, sındırıla, yandırıla, sonra bunlar başa düşsünlər. Əlbəttə, məsələni özləri həll etsə yaxşıdır.
– Təkcə yanvar ayında bu artıq üçüncü etiraz aksiyasıdır. Bundan sonra gözləntiləriniz nədən ibarətdir və rəsmilərə sözünüz nədir?
– Bəzi gözləntilər ola bilər. Hakimiyyətə sözüm odur ki, millətin səsini eşitsinlər, dərdini görsünlər. Bilsinlər ki, bu narazılıq nədəndir. Islahatdan danışırlar. Camaatı islah etmək yox, özlərini, işlərini islah etməlidirlər ki, millət bu hala düşməsin. Yüz dəfələrlə deyilib, “Azadlıq” qəzeti, digər qəzetlər də yazır, məmurlara sözünü deyir ki, bu qədər olmaz, dayanın. Dayansınlar və millətin xeyri üçün bir iş görsünlər. Bəsdir polis dili ilə, güllə dili ilə, hədə dili ilə, biganəlik dili ilə millətlə danışdılar. Bu millət buna layiq olan millət deyil, çox ağıllı millətdi. Dağ adamlarımız da pis hərəkət edən deyillər. Fikirləşsinlər, papaqları varsa, qoysunlar qabaqlarına bir daha fikirləşsinlər.
– Bu gedişlə proseslər hara gedir?
– Mənim bir şeirim var, “Bu tıxhatıx hara gedir?”, o şeiri deyim. Bu suala cavabdır.
Bu məngənə kiminkidi,
Bu sıxhasıx hara gedir?
Rəyasətlər kürsüsünə
Bu çıxhaçıx hara gedir?
Şah dövründən,
xan dövründən
Bu yıxhayıx hara gedir?
Sahibkarlar yarışında
Bu yığhayığ hara gedir?
Gödənçilər hesab yeyir,
Bu tıxhatıx hara gedir?
Gələn nəsil borc içində,
Bir az qalıq hara gedir?
Balinalar dəryaları
bölüb durub,
Çayda balıq
hara gedir?
Yerin üstü hasar-hasar,
Yerin altı buruq-buruq,
Pay içində payı yoxsa,
Çoban-çoluq hara gedir?
Aman millət, aman millət
Tülküsü bir,
qurdu qanıq hara gedir?
Ağ şairlər, var şairlər
Dili kəsik,
bağrı yanıq hara gedir?
– Hər gün rəsmi mətbuatda Ziyalılar Forumuna, xüsusilə də Rüstəm Ibrahimbəyova, digərlər ziyalılara, o cümlədən Sizə qarşı təhqir kampaniyası gedir. Buna münasibətiniz necədir?
– Mən də Ziyalılar Forumunun üzvüyəm. Ayrılıqda qurumla bağlı nəyisə açıqlaya bilmərəm. Bizim də planlarımız, işimiz var. Ancaq biz siyasətə qoşulmayan iddiasız adamlarıq. Biz ancaq millətin yaxşılığını istəyirik. Istəyirik ki, seçki ədalətli keçsin. Mən Şimali Kiprin azadlığının 25 illiyi ilə bağlı mərasimdə iştirak etmişəm. Onlar öz azadlıq günlərini elə möhtəşəm keçirdi ki, mənim gözlərim yaşardı. Bəs yaxşı, bizdə də bir inam olmalıdır ki, filan bayramımızı birlikdə, xoş ürəklə keçirək. Indi biri bəyənir, biri bəyənmir, hərə bir söz deyir. Nəyə görə bu millətin öz düşüncəsi ilə, sərbəst səs verməyə, fikrini ifadə etməyə buraxmırlar. Bir görək hələ bizim millət səs verə, kimisə seçə bilirmi. Nə qədər təzyiq olar axı. Qanunsuzluq, zor nə qədər davam edə bilər. Hakimiyyətə kimin gəlib-gəlməməyindən əvvəl istəyirəm ki, dinc, gözəl, zor tətbiq edilmədən seçim olsun. Biləsən ki, millətimizi seçkiyə öyrədirik. Bunun özü də böyük demokratik işdir. Nə vaxt qədər quş uçurdub şah tutmalıyıq. Belə olmaz axı. Ona görə ziyalılar bu mövqedədirlər. O mövqelərinə də müəyyən hərəkat adamlarını qoşurlar, fikirlərini deyirlər. Indi bunun hansı bəyənilir, hansı keçir, bu artıq iqtidarın işidir. Iqtidar bu işlərin hara getdiyi düşünməlidir.
– Rüstəm İbrahimbəyova qarşı təzyiqlər artır, Rasim Balayev təzyiqlər qarşısında davam gətirməyərək sındı. Belə davranışı, münasibəti necə qiymətləndirirsiniz?
– Neçə dəfə demişəm. Rüstəm Ibrahimbəyova qarşı təzyiqlər çox nahaq yerə edilir. O bizim böyük ziyalımızdır, dramaturqumuzdur. Dünya miqyasında tanınmış adamdır. O artıq hərəkət etmir, sözünü, fikrini deyir. Necə olur, balaca bir məmurun sözü eşidilir, o boyda sənətkarın sözü eşidilmir. Arada dözməyənlər də var. Ancaq onlar heç. Rüstəm Ibrahimbəyov düzgün yolda, haqq yolundadır. O təhqirlər, sıxıntılar gözləniləndir. Rüstəm Ibrahimbəyov özü də deyir ki, məni zəhərləyə də bilərlər, öldürərlər də. Ancaq mən öz yolumu tutub gedirəm. Onun əlində tüfəng yoxdu, tapanca yoxdu, heç kimi vurmur. Ancaq ziyalı kimi xalqın qarşısında öz sözünü deyir. Buna qarşı niyə mübarizə aparmalıdırlar axı. Bu məmurların düşünülməz addımıdır. Bunlar bir araya gəlib demirlər ki, biz o ziyalıları eşidək, görək onlar nə deyirlər. Bunlarda eşitmək qabiliyyəti, adəti yoxdu. Ancaq təhqir etməyi, inkar etməyi bilirlər. Deyirlər görmürəm, eşitmirəm və ancaq mən deyən olmalıdır. Bu da ziyalıları sıxır.
– Cəmiyyətin artıq qəzəbi, etirazı göz qabağındadır. Bütün bunlardan sonra hakimiyyətin “xalq bizi dəstəkləyir” deməsi nə dərəcədə səmimidir?
– Bunun cavabı gün kimi aydındır. Burda heç bir səmimiyyət yoxdur.
– Bu il seçki ilidir. Ölkədəki hazırki durum seçkidə özünü necə göstərəcək?
– Ilk növbədə saxta seçkilərə, pulnan səslərin alınmasına son qoyulmalıdır. Millətə sərbəstlik verməyin, seçkiləri demokratik üsulla keçirməyin özü elə demokratiyaya doğru addımdır. Səhv edirsə, qoy millət eləsin, xalq eləsin. Bəsdir, hakimiyyət zorakılıqdan əl çəksin.