Zaur Qəriboğlu Cizgilər…


***
Rafiq Tağıya…

Ruhun çıxdı yaralı bədənindən,
Balaca uşaq kimi sevinib,
Azad oldun
dünyanın dərd-sərindən,
Bədəninin ağrıyan,
Bıçaq yaralarından.
Gənc şahin kimi qanad çalıb,
Dövrə vurdun,
Bədəninin üzərində,
Havada…
Kəsib,
Doğrayıb,
Ölüm səbəbini araşdıran həkimlərə,
Sən gülərək:
– O bədən mən deyiləm,
Nə qədər kəsib doğrayırsınız,
Doğrayın.
Mən burdayam,
Səmada…
Burdan sizə baxıram, – deyirdin.
Bəlkə, sənə bıçaq sancan
qatilin də
Sevənlərin arasında,
Yaralı bədəninin verilməsini gözləyirdi?!
Hamını olduğu kimi sən görürdün.
Bəlkə, qatilinə baxıb,
Gülümsəyirdin…
İnsanlar hər gün ölür,
Sənsə əbədi yaşayırsan…
Bəlkə, bu bəxtəvərliyə,
Burda ağlayanları görüb,
Orda gülümsəyirsən?!
Hətta, bəlkə də,
Sənə bıçaq sancan qatil əlləri də bağışlayırsan…
Çünki səni öldürə bilmədi…
Sən yaşayırsan,
Əbədi…
Nəyinə gərək,
Burda –
Küçədə,
Gözləmədiyin birinin qəfildən
kürəyinə bıçaq sanca biləcəyini bilib,
İçində bizim kimi gəzməyin?!
Yerin yaxşıdı,
Gəlmə bu dünyaya,
Gəlmə bir də sən.
Sən bura üçün deyilsən…

20 Dekabr 2011,
Bakı şəhəri.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO