Zaur Baxşəliyevin qalmaqallı verilişi bağlandı

ATV telekanalının “Ümid var” verilişi 15 mart 2014-cü il tarixdən etibarən öz fəaliyyətini dayandıracaq

“Həmin press-reliz “Azad Azərbaycan Telekanalında” yayımlanan “Ümid var” verilişi ilə bağlı kanalın Bədii Şurasının qərarıdır. Yəni “Ümid Var” verilişinin bağlanması ilə bağlı yayılan informasiya həqiqətəuyğundur. Bu kanalın Bədii Şurasının qəbul etdiyi qərar olduğundan, biz də həmin qərara hörmətlə yanaşaraq bildiririk ki, bu gün “Ümid var” verilişinin son buraxılışı ilə tamaşaçıların görüşünə gələrək onlarla sağollaşacağıq”.

Bu sözləri Movqe.az-a ATV kanalında yayımlanan “Ümid var” verilişinin bağlanılması xəbərini şərh edən verilişin layihə rəhbəri Nəmənd Rüstəmov söyləyib. N. Rüstəmov verilişin bağlanılması ilə bağlı xəbəri şərh edərkən bildirib ki, Bədii Şura ümumiyyətlə bu mövzu ətrafında verilişdə müzakirənin aparılmasını doğru saymayıb:

“Biz jurnalistik, fakta əsaslanırıq. Bizim də ana-bacımız var. Söhbət təkcə həmin videogörüntünün efirə verilməsindən yox, bu mövzu ətrafında verilişdə müzakirə aparılmasının doğru olmaması barədə Bədii Şuranın qərarından gedir. Biz kanalın sıravi işçiləriyik. Və kanalın Bədii Şurasının verdiyi qərara uyğun da hərəkət edəcəyik. Bu gün “Ümid var” son buraxılışı ilə efirə çıxacaq”.

N. Rüstəmov verilişin aparıcısı Zaur Baxşəliyevin kanaldan kənarlaşdırılması ilə bağlı yayılan söz-söhbətə də aydınlıq gətirib: “Belə bir məlumat yoxdur. Z. Baxşəliyevlə yeni layihələrin olub-olmayacağı barədə indidən bir söz deyə bilmərəm”.

Qeyd edək ki, “Azad Azərbaycan” MTRK-nın Bədii Şurasının qərarı ilə ATV telekanalının “Ümid var” verilişi 15 mart 2014-cü il tarixdən etibarən öz fəaliyyətini dayandıracaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO