“…O qış axşamındakı kimi geyinmişdi. Həmin sifət, həmin boy-buxun… Yanaşıydıq. Adamla dolu böyük bir otaqda… Qəfil yoxa çıxdı. İtirdim onu. Qəfil… Ağlaya-ağlaya nə qədər axtardım… Tapa bilmədim. Qayıdıb çökdüm adamla dolu həmin otağa. Oturdum… Gözümün yaşı dayanmırdı”.
Bir yay səhərində yuxusunu belə danışdı mənə. Sübh çağı qapqara qaralmış gəlmişdi: “Qarmaqarışıq yuxulardan qəfil ayılanda başımı siqaretlə qatmağım var”.
Həmin gecə heç nə kömək eləməmişdi – nə başını qata, nə yata bilmişdi. Gün qalxar-qalxmaz məni aramışdı.
“Gözümün yaşı dayanmırdı”… Yuxu söhbəti belə bitmişdi. Qəhər boğazını tutmuşdu.
***
Mənə yurdunun bir qış axşamından söz açmışdı əvvəllər: “Neçə yol məclisdən çıxıb həyət-bacanın qarıyla əl-üzümü islatdım, soyuğu ciyərlərimə sümürdüm, amma yanğım keçmədi… Bu adamın belə şirin olduğunu nədən görməmişdim?! Başım qarışıb boş-boş işlərə, bir yol dönüb üzünə, gözlərinə diqqətlə baxmamışam… Hələ öldürücü zarafatlara tutub ağlatdığımı, sonra könlünü alıram adıyla təzədən ağlatdığımı demirəm…
Üstündən nə qədər ötüb, o məclis tam yadımda deyil. Tez-tez çölə çıxıb qarla ovunmağım yadımdadır. Məclis qurulan otaqda bizi qarşılayanda uzun qırmızı paltarına işarəylə “Təzə gəlinə oxşayırsan” deməyim də. Yenə ilişmişdim ona. Amma bu, məclis başlamamış, mən onun üzünə, gözlərinə ilk yol diqqətlə baxmazdan öncə olmuşdu”…
Xətrini çox istəsə də, həmin qış axşamınadək çox da məhəl qoymadığı, yalnız zarafat damarı tutanda yada saldığı, yada salıb ağlatdığı adamdan çəkinməyə başlayıb: “Ad günündən sonra üstünlük onun tərəfinə keçdi. Daha zarafat eləyə bilmirdim onunla. Ürəyim yerindən çıxırdı. Tərs kimi də hər gün bir yerdəyik, bir gün deyil yola verəsən, iki gün deyil”…
Az keçməmiş dalaşıblar. Xatırlamır niyə. Bəlkə də dostumuz acizliyi şəninə şığışdırmayıb, nəsə acı söz deyib ona. Hərdən belə şeylər olur onda. Qızışmağı var. Amma tez də peşman olur: “Küsüşmək olurdu əvvəllər. Tez də barışıq olurdu. Nə o dərinə gedirdi, nə mən. Heç birinci kimin barışdığı bilinmirdi də. Amma bu dəfə başqa cür oldu”.
Zülm çəkib barışmaq üçün. Yalvar-yapış eləməyib, yox. Oturuşundan-duruşundan çox darıxdığını sezdirirmiş: “Salam da vermirdi. Amma mən imkan düşən kimi nəsə xoş söz deməyə çalışırdım. Çox əziyyət çəkirdim”…
Yaz ağzı barışıblar. Bir saniyənin içində. Bir zarafatla. Dostumuz özündə cəsarət tapıb zarafata: “Görünür, onun da taqəti qalmamışdı. Heç nə olmamışdı sanki. Bir saniyənin içində barışdı. Saniyənin içində. Ancaq bu bir saniyə üçün nələr yaşanmışdı”.
…Özünə deməyə ürəyim gəlmir, sənə deyirəm: kaş heç barışmayaymışlar. Mehribanlıq, birgəlik dostumuzu dəli eləyib: “Yanımda olanda xofu məni öldürürdü. Yanımda olmayanda yoxluğu”.
Xof da şirin olarmı? Mən bunu ilk dəfə dostumuzdan eşitdim. Tam başqa mənada deyir bu sözü…
“Xof yoxa çıxdı bir gün. Qaldı yoxluq”. Belə xatırlayır sonrakı iztirabları.
Həmişə xiffət elədiyini görürdüm. Hələ yurd itkisindən əvvəl. Söz soruşanda da dərinə getmirdi. Yalnız bir dəfə, bircə yol açılışdı. İndi peşmanam onu dilə tutub danışdırmağıma. Adama maraqlı gəlirdi. Amma dərd də maraqlı olarmı? Dərd deyirəm sənə…
“Hər şey o qədər qəfil baş verdi ki, nə edəcəyimi, necə edəcəyimi bilmədim. Əl-qol atdım. Döyüşdüm. Amma heç nəyi dəyişə bilmədim” demişdi o söhbətimizdə.
Heç nəyə gücü çatmayıb: “Öz qanımı içməkdən savayı heç nəyə. Amma bu dava niyə bitib-qurtarmır, bu zülm nə vaxt bitəcək?!”
Daha heç vaxt bu haqda söz salmadım o ağır söhbətdən sonra. Özü də üstünə gəlmirdi. Görüşəndə ordan-burdan danışardıq.
…Axır vaxtlar da ancaq Allah-bəndə söhbəti edərdik. Amma tövründən nəsə narahat olduğu duyulurdu. Gözləri daim yol çəkirdi.
Hərdən lap canıyla əlləşirdi. Ha ora-bura fırladırdın, üzü gülmürdü. Üzü gülürdü, gözləri gülmürdü.
Hərdən də yaxşı olurdu. Fikirləşirdin rahatdır. Amma mən onu çoxdan tanıyıram axı… Gözləri yol çəkirdi.
Elə bil qara xəbər gözləyirdi…
***
Hələ səhərə qalırmış. Çox qalırmış: “Qarmaqarışıq yuxulardan qəfil ayılanda başımı siqaretlə qatmağım var. Amma həmin gecə heç nə kömək eləmədi – nə başımı qata, nə yata bildim”…
Çırpına-çırpına qaldığı günlərdə yuxu söhbətini o isti yay səhərində qaldığı yerdən, boğazını qəhər tutan yerdən davam etdirdi: “Gözümün yaşı dayanmırdı”…
…O adamı tapa bilməyib. Amma kiriyibmiş. Adamın inanmağı gəlmir. Bir anda kiriyibmiş: “Gözümün yaşı o saniyə dayandı”.
Adamın inanmağı gəlmir. Axı onu nə kiridə bilərdi? Kim kiridə bilərdi?
Adamın inanmağı gəlmir. Kiriyibmiş.
“Gözümün yaşı dayanmırdı”. O yay səhərində yuxu söhbəti belə bitmişdi. Boğazını qəhər tutmuşdu…
“Gözümün yaşı o saniyə dayandı”. Çırpına-çırpına qaldığı günlərdə də yuxu söhbəti burda qırıldı. Boğazını burda qəhər tutdu…
…Axıracan danışa bilmədiyi yuxunun çin çıxdığını dedi…
O yuxunun ardını bilmirsən?
Bir də axı dostumuz niyə kirimir?
Kirimir…
Hikmət SABİROĞLU
“Silinməyən məktublar”: