İcraçı direktor: “Məsələ hələ ki ideya səviyyəsindədir”
Modern.az-ın məlumatına görə, “Yurd” internet televiziyasında müəyyən ixtisarlar gözlənilir. Belə ki, “Yurd” TV-də Xəbərlər Departamenti istisna olmaqla, digər bütün şöbələr ləğv ediləcək. Bundan başqa, hazırda Xəbərlər Departamentinin direktoru Səadət Məmmədova internet televiziyasına rəhbər təyin olunacaq.
“Yurd” TV-nin icraçı direktoru Vahid Səmədov bunun sadəcə irəli sürülmüş fikir olduğunu bildirib. “Hər şirkətdə cürbəcür müzakirələr olur. İndi informasiya sızıntısı olub, onu ötürən şəxs də düzgün başa düşmədiyi üçün yanlışlıq olub. Qeyd edilənlər yalnız ideyadır, ola da bilər. Lakin bu ideyalar keçərlidir, ya yox, bu barədə dəqiqləşmələr aparılmalıdır. Bu vaxt tələb edir, eyni zamanda struktur qurulmalıdır. Lakin hələ ki, Yurd TV-də heç bir ixtisar yoxdur”, – deyə icraçı direktor vurğulayıb.