Dekabrın 12-dən 15-dək Gürcüstanda “Mediada peşəkarlıq problemləri və təhsil yolları” konfransı keçirilib. Fransanın Lill Universitetinin təşkil etdiyi tədbirə Rumıniya, Polşa, Ukrayna, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Fransa, Əlcəzairdən media nümayəndələri qatılıblar.
Azərbaycanı “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev təmsil edib. Onun “Media forum” saytına verdiyi məlumata görə, Lill Universiteti Qafqazda xüsusi təhsil proqramı müəyyənləşdirib: “Bu təhsil proqramları ilə bağlı üç istiqamətdə müzakirələr aparılırdı: tələbələr üçün treninq proqramı və təhsil proqramının dəyişdirilməsi, jurnalistlər üçün təlim proqramı, media menecmentləri üçün treninq proqramları.
Konfransa redaktorlar, televiziya, radio rəhbərləri dəvət olunmuşdular. Yekun sessiyada hər istiqamət üzrə beş mövzu müəyyənləşdirildi. Bu mövzular treninq proqramlarına çevriləcək və Cənubi Qafqaz ölkələrində tətbiq olunacaq”.
A.Əliyev hesab edir ki, konfransın Azərbaycan mediasına əhəmiyyəti ola bilər: “Konfransda qeyd olunan təcrübələrdən düzgün nəticə çıxarıb istiqamətlər müəyyənləşdirmək olar. Təbdirlər, treninqlər bütövlükdə jurnalistikanın keyfiyyətinin artırılması üçün yetərli deyil, amma əsas istiqamətlərdən biridir.
Konfransda diqqət yeni mediaya və yeni texnologiyalara yönəldilmişdi. Bu istiqamətdə Azərbaycanın öyrənəcəyi xeyli məsələ var. Jurnalist təhqiqatında internetin rolu, qəzet yayımının və istehsalının təşkilində yeni medianın rolu haqqında fikirlər səsləndirildi. Türkiyənin Əskişəhər Universiteti təmsilçilərinin ortaya qoyduğu təcrübə heyrətamiz idi. Bu təhsil ocağı onlayn üzrə təhsil proqramlarını o qədər təkmilləşdirib ki, dünya üzrə bu proqramdan yararlanan tələbələrin sayı 1 milyon 300 min nəfərdən çoxdur. Universitetin onlayn təhsil sistemindən gəliri bizim bütün universitetlərimizin əldə elədiyi gəlirdən çox-çox yüksəkdir. Ukrayna nümayəndəsi son beş ildə qazandıqları uğurlardan danışdı. Bu ölkədə regional qəzetlərin tirajı bizim ümummilli qəzetlərin tirajından qat-qat çoxdur”.