Azərbaycan Yazıçılar Birliyi bir neçə nominasiya üzrə mükafatlar təsis edib.
Mükafatlar 5 nominasiyada veriləcək. Ən yaxşı nəsr əsərinə görə –Yusif Səmədoğlu, ən yaxşı poetik əsərə görə – Əli Kərim, ən yaxşı tənqid və esseistik əsərə görə –Yaşar Qarayev, ən yaxşı tərcümə əsərinə görə –Abbas Səhhət mükafatı, Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə – Nəcəf Nəcəfov mükafatı veriləcək. Mükafatların hər birinin dəyəri 2000 (iki min) manat müəyyən edilir. Mükafat komissiyasının sədri yazıçı Kamal Abdulla, üzvləri Azər Mustafazadə, Vaqif Səmədoğlu, Mövlud Süleymanlı, Ramiz Rövşən, Əjdər Ol, Salam Sarvan, Bəsti Əlibəyli, İlqar Fəhmidir. Komissiyanın katibi isə Fərid Hüseyndir. Azərbaycan Yazıçılar Birliyinin mükafatları iki ildə bir dəfə son iki ildə yaranmış ən yaxşı əsərlərə verilir. Mükafatın təsis edilməsinin ən müsbət cəhəti gənclər arasında rəqabətin artmasıdır. Artıq komissiyaya xeyli əsər təqdim olunub. Hər nominasiya üzrə sağlam rəqabətin yaranması ədəbiyyatın gələcək perespektivlərinə yol açır.
Mükafat barədə komissiyanın üzvü, tanınmış şair Salam Sarvan Modern.az-a danışdı:
Salam Sarvan: “Mükafatlandırma özü- özlüyündə stimul deməkdi. İstənilən stimul ədəbiyyatın inkişifana təkan verir”
– Bu sistem əvvəllər də vardı. İndi, sadəcə, mükafatların məbləği artırılması marağı daha da gücləndirib. Müsabiqənin ədalətli keçəcəyinə şübhə eləmirəm. Münsiflərin siyahısına baxın. Onların hər biri ədəbi nüfuzu olan adamlardır. Bu nüfüzu, bu imzanı illərlə qazanıblar. Aydındır ki, onların heç biri hansısa bir müsabiqədən ötrü illərlə qazandıqları obraza xəyanət eləməz, mənəvi intihara getməz.
Vaqif Bayatlıdan “Ulduz”un son sayına münasibət
Yazıçılar Birliyi “Ulduz” jurnalının nəşrini gənclərə tapşırmaqla gələcək nəsilə inamını bir daha sübut etmiş oldu. Artıq bu seriyadan jurnalın 4-cü sayı da işıq üzü gördü. Gənc şair Kəramət Böyükçölün redaktorluğu ilə nəşr olunan buraxılış işıq üzü görər-gərməz çoxlu səs-küyə səbəb oldu. Jurnalın 11-ci sayı heç də birmənalı qarşılanmadı. Tam razı qalanlar da oldu, heç razı qalmyanlar da. Amma jurnalın həm forma həm də məzmunca fəqliliyi göz qabağındadır. Əksər detallara orijinal yanaşma diqqət çəkən amilərdəndir. ”Dostluq şarjlarında” orta ədəbi nəsillə zarafatyana replikalar məzmununa görə o qədər də aktuallıq kəsb etməsələr də, yenilik baxımından qəbul olunandır. Ümumiyyətlə buraxılışın əsas qayəsi yenilik və fərqlilik amilinə önəm verməsidir. İstər Kamal Abdulla və Rəşad Məciddən alınan müsahibələr, istər “İnterpoeziya” başlığı altında gedən tərcümələr orijinallıq qayəsinə istiqamətlənib.
Tanınmış şair Vaqif Bayatlı Odərdən jurnalın bu sayı barədə soruşduq:
– Ulduz” mənə çox doğma olan bir jurnaldı. Belə ki, mən 8 il burada poeziya şöbəsinin rəhbəri işləmişəm. Jurnalın sonuncu 11-ci sayı çox xoşuma gəldi. Nadir halda olur ki, mən bir jurnalı, qəzeti və ya kitabı sonadək oxuyum. Açığı deyim səbrim çatmır. Amma Kəramət bəyin redaktorluğu ilə çıxan son buraxılışı demək olar ki, bitirmək üzrəyəm. Dizaynından, formasından, məzmunundan tutmuş çox şey xoşuma gəldi. Bu nömrə orijinallığı ilə seçilir. Orada dostyana , satirik yazilar, zaraftlar var. Onları çox bəyəndim. Tərcümələr, şeirlər də öz yerində. Həmişə istəmişəm ki, mənim vaxtımda da bu cür jurnal buraxılsın”.