Azərbaycan Yazıçılar Birliyi yazıçı və şairlərə prezident təqaüdü və digər mükafatların verilməsi üçün təkliflər hazırlayıb.
Bu barədə Modern.az saytına Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu məlumat verib. Ə.Əsgəroğlu deyib ki, 2012- ci il üçün Yazıçılar Birliyinin üzvlərinə təqaüdlər və ya digər təltiflərin verilməsi üçün siyahı gələn həftə hazır olacaq.
Ə.Əsgəroğlu siyahıya kimlərin adının salındığını açıqlamaq istəməyib. “Bu, qapalı saxlanıldığı üçün ad çəkilmir. Təqaüdlərə düşənlərin adları təsdiqləndikdən sonra mətbuata təqdim ediləcək. Həmin təqaüdü yazıçı və şairlər bir il ərzində ala biləcəklər”-deyə mətbuat katibi əlavə edib.
Qeyd edək ki, söhbət yazıçı və şairlərə verilən prezident təqaüdündən gedir. Hər il Azərbaycan Yazıçılar Birliyinin 70 üzvünə prezident təqaüdü verilir. Bir il ərzində 50 yaşlı şair və yazıçı 300 manat, 20 cavan yazıçı və şair isə 200 manat təqaüd alır. Yazıçı və şairlərə bir il müddətinə verilən təaqüdlərlə bağlı siyahıların hazırlanması həmişə qalmaqalla müşayiət olunub.
Çünki təqaüd almaq istəyənlər çoxdur, siyahı isə məhdud.
Azərbaycan Yazıçılar Birliyinin üzvülərinin sayı 2000-dən çoxdur. Prezident təqaüdü 2007-ci ildən verilir.