Yazıçılar niyə yekdilliklə Anara səs verməlidirlər? – Yazarlar SORĞUYA cavab verdilər

Bu gün xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ədəbi qurumun XII qurultayı öncəsi sədrliyə namizədliyini bir daha irəli sürüb. Modern.az iyun ayının 17-də baş tutacaq qurultaya qədər xalq yazıçısının bu addımına münasibət öyrənmək üçün bir neçə ədib arasında sorğu keçirib.

Səlim Babullaoğlu (“Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, şair-tərcüməçi): “Mən hesab edirəm ki indiki vəziyyətdə Anarın alternativi yoxdur. Yəni Anar dura-dura kiminsə öz namizədliyini irəli sürməsi bir qədər gülməli, bir qədər də uğursuzluqdur. Özünə hörmət edən adam bunu etməməlidir. Üstəgəl, Anarın ədəbiyyat tariximiz və AYB tarixi üçün əvəzolunmaz xidmətləri var. Xeyr, mənim sözlərim elə başa düşülməməlidir ki, başqa adam olmamalıdır, yaxud olmayacaq. Əsla. Olacaq nə vaxtsa. Amma bu gün bu belə deyil. Mən xalq yazıçısı Anara səs verəcəyəm”.

Sayman Aruz (Yazıçılar Birliyinin şöbə müdiri, şair): “Yazıçılar Birliyini Anar müəllimin şəxsi nüfuzu xilas edib. Biz də elə bu səbəbdən Anar müəllimi həmişə dəstəkləmişik. AYB-də elə bu gün yeganə lazımlı addım Anar müəllimin sədr seçilməyidir. İnanırıq ki, bundan sonra daha müsbət istiqamətdə dəyişikliklər olacaq. Artıq bu dəyişikliklərin bəziləri baş verib. Qurultaydan sonra isə inkişaf edəcək. Biz hamımız Anar müəllimi təbrik edirik. Gəlin razılaşaq ki, Anar müəllim, Fikrət Qoca kimi ağsaqqal adamların təcrübələri, bizim kimi gənclərin enerjisi birləşəndə ədəbiyyatı harasa apara bilərik. Onları dansaq heç yerə gedə bilmərik”.

Aydın Xan Əbilov (“Ədəbiyyat qəzeti”nin şöbə müdiri, kulturoloq): “Əslində Anarın getməsiylə AYB-nin indiyə qədər qoruduğu nüfuzunun və formalaşdırdığı imicinin dağılmasına apara bilərdi. Anar çox düzgün olaraq son 10 ildə daha da genişləndirdiyi kreativ islahatları davam etdirməli, dövlətimizlə, onun ayrı-ayrı qurumlar ilə yaradıcı insanların münasibətlərindəki körpü rolunu oynamalıdır. Türk Dünyası Yazıçılar Birliyinə rəhbər seçilən Anarın AYB-nin sədri kimi qalmasına böyük əksəriyyətimiz dəstək vermişik və düşünürəm ki, o buna layiqdir. Söz yox, AYB və onun strukturlarında dəyişiklikləri, islahatları aparmaq da Anarın çiyninə düşür. Fikirləşirəm ki, ağsaqqal, peşəkar, nüfuzlu şəxsiyyət olaraq Anar müəllim zəmanənin tələblərinə uyğun olaraq öz kulturoloji missiyasını lazımınca bundan sonra da davam etdirəcək”.

Qulu Ağsəs (“Ulduz” jurnalının baş redaktoru, şair): “Azərbaycan Yazıçılar Birliyi son illər aktiv fəaliyyətinə görə və qorunub saxlanılmasına görə Anar müəllimə borcludur. Bizə qonşu olan ölkələrin demək olar ki, heç birində yaradıcı təşkilatlara dövlət yardımı edilmir. Ölkədə bir reformasiyadan digər reformasiyaya keçid baş verəndə ən çox əziyyəti sənət – ədəbiyyat adamları çəkir. Onların arasında da ən çox əziyyət çəkən bizlərik. Bəstəkar yenə də “xaltura” edə bilər. Amma bizə bunun üçün heç bir sosial sifariş yoxdur. Yazıçılar Birliyi ilə də dövlət arasında ən yaxşı münasibət yaradan, yazıçıları problemini hökumətlə uzlaşdıra bilən yeganə şəxs Anar müəllimdir. Onun çəkisi Yazıçılar Birliyinin qorunmasına kifayət edir. O özünün şəxsi nüfuzundan AYB-in təşkilati işləri üçün çox gözəl istifadə edir. Bu gün AYB Azərbaycan üçün xüsusən də biz yazıçılar üçün çox vacib bir qurumdur. Bu kənardan daha dəqiq görünür. Onun var olması üçün də Anar müəllimin sədrliyi mütləq lazımdır. Mən öz səsimi Anar müəllimə verəcəyəm”.

Əsəd Cahangir (“Azərbaycan” jurnalının baş redaktor müavini, tənqidçi): “Bəlkə də Anar müəllim özü istəmir ki, sədr olsun. Amma biz təkidlə istəyirik ki Anar müəllim sədr olsun. Bu gün Yazıçılar Birliyinin 2000 üzvindən 1999-u Anar müəllimin sədr olmasını istəyir. O ,da 27 ildir ki, rəhbərlik etdiyi bu adamların qarşısında güzəştə gedir. Mən inanıram ki Anar müəllimin sədr seçilməsi hansı müsbət istiqamətlərə yol açacaqsa bunu gələcək göstərəcək. Amma anar müəllimin sədr olması ilk növbədə AYB-də baş verə biləcək pis hadisələrin qarşısını alacaq. İkincisi də müsbət dəyişikliklərin bir çoxu artıq baş verib və gənclər AYB-in bir çox orqanlarında irəli çəkilib. Düşünürəm ki, qurultaydan sonra bu daha da inkişaf edəcək. düşünürəm ki, həç MDB məkanında , həm ümumtürk miqyasında, həm də Azərbaycanda yüksək nüfuzu olan bir insanın yenidən Yazıçılar Birliyinə sədr olması hər bir yazıçının xeyrinə olardı. Mən hesab edirəm ki, yazıçılar yekdilliklə Anar müəllimə səs verməlidirlər”.

Firuz Mustafa (Yazıçılar Birliyinin dramaturgiya seksiyasının rəhbəri, dramaturq): “Anar müəllimin sədrliyə yenidən namizədliyini çox normal qəbul edirəm. Nizamnamədə də deyilir ki, birliyin istənilən üzvi sədrliyə namizəd ola bilər”.

Elmin Nuri

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO