“Yazıçılar Birliyinin qurultayından gurultu yox, irəliləyiş gözləyirəm”

Modern.az-ın müsahibi Moskvada yaşayan azərbaycanlı şairə Afaq Şıxlıdır. Qərib ölkəyə sığınmış xanım şairə qürbətin yaratdığı nisgilə görə müsahibəyə şeirlə başlayır:

“Həyat məni suçlayacaq 
bəlkə bir gün nə üstdəsə,
Ömrüm-günüm 
hər yönüylə söz olacaq ağızlarda,
Qara bəxtli sətirlərim – sığışmayan dar qəfəsə –
sızlayacaq ağ qismətli kağızlarda…
Bəlkə, elə yanacağam alovlarda,
cənnətə də getməyəcəm,
Amma sənə, Ədəbiyyat, bəxş etdiyim hər nəfəsə
S
on anadək mən təəssüf etməyəcəm!”

…Həsrət var, Vətən yoxdur qürbətdə. Yox, düz demədim. Sadəcə əlim çatacaq, ünüm yetəcək qədər yaxında deyil Vətən…  amma hər zaman vardır: ürəyimdə, ruhumda, yazılarımda.

– Vətəndən kənarda yazılan şeirlərlə, vətəndə yazılan şerlər arasında nə kimi fərq var?

– Bunu yəqin ki, oxucular daha yaxşı hiss edərlər. Vətəndən uzaqdakı yazarın əsərlərinə bir nisgil çökür, özü də bilmədən, hətta Vətən mövzusunda yazmayanda belə. Ümumiyyətlə əlçatmazlığa məhəbbət – insanın xislətindədir. O da ola, ana qədər müqəddəs məfhum – VƏTƏN ola! Onun həsrətindən şair doğulmayan insan da şeir yazmağa başlayar.

– Ümumiyyətlə, qürbətdə yazılan sözün rəngi-ruhu necə olur? Bunu siz lap yaxşı bilərsiniz…

– Sözün rəngi deməzdim, amma ruhu – nigaran olur. Sözü canlı varlıq kimi qəbul edirəm mən. Onun öz doğuluşu, yaşamı, əhvalı, xasiyyəti var. Lakin söz, bizdən fərqli olaraq, əbədidir. Söz – ucadır və ucalda biləndir! Söz – endirər, amma enməz!

– Hazırkı yaradıcılığınızdan danışın lütfən. Həkimlik ixtisası sizin ədəbi yaradıcılığa mənfi təsir etmir ki?

– Yaradıcılığım gecəmi-gündüzümü sərf etdiyim bir həyatdır. Məni sehrləmiş bir aləmdir – ədəbiyyat. Nəinki həkimlik, dünyada ölümdən başqa heç nə bizim ülfətimizə mane ola bilməz! Düşünürəm ki, bu gün əlimi yazılara vurmayacam, amma maqnit kimi məni cəlb edir.

2013-cü ildə “Ömrümün beşinci fəsli” adlı və “Dostlarım bana bahar gönderin!” adlı iki kitabım nəşr olundu. Birincinin imza günü noyabrın 1-də Bakıda, digərinki isə, dekabr ayında Türkiyədə keçirildi.

Bu ilin fevral ayında yeni kitabımın – “Bədii tərcümələr”in Moskvada “Millətlər Evi”ndə təqdimatı keçirildi.

Hazırda, sayca səkkizinci olan “Sənin bilmədiklərin” adlı şerlər toplusunu və “Qürbət küləyi ” adlı hekayələr və mənsur şerlərdən ibarət yeni kitabımı nəşrə hazırlayıram.

– “Şıxlı” təxəllüsü haradan gəlir?

– Bizim soyun Şıxlı təxəllüsü Şıxlinski soyadımızın qısaldılmış formasıdır. Bu isə, Qazax mahalının Şıxlı kəndində yaşayan bir ağa nəslinin – məşhur Şıxlinskilər nəslinin soyadıdır. Bu nəsil, Azərbaycana rus-Yapon müharibəsinin qəhrəmanı, dahi artilleriyaçı general-leytenant Əli ağa Şıxlinski, 18-ci əsrin görkəmli şairi, Vaqifdən sonra ünlü qoşma ustası kimi tanınan Kazım ağa Saleh (Şıxlinski), şair, alim və hərbçi – mayor Mustafa Ağa Arif Şıxlinski, 20 əsrin əvvəllərinin məşhur ziyalılarından biri – Şərif bəy Şıxlinski, Azərbaycan ədəbiyyatının unudulmaz siması – İsmayıl Şıxlı, Azərbaycan geologiyasının banilərindən biri, Azərbaycanın baş geoloqu olmuş Arif Şıxlinski və s… kimi tanınmış şəxsiyyətlər bəxş etmişdir.

Şıx ocağının kəraməti haqda sualınızı da cavabsız qoymayacam. Həqiqət budur ki, bu ocağa mənsub olan insanların əksəriyyəti uzaqgörənliyə, yüksək intuisiyaya malikdirlər. Əllərində şəfa, sözlərində kəramət vardır. Hətta deyilənə görə, onlara azacıq da olsa ürəkdən yaxşılıq etməkdə bulunan hər kəs xeyir tapmaqdadır. Maraqlı və bir qədər mistik olsa da, bu belədir… 

– Bu gün sözümüzün inkişafının qarşısını alan səbəblər hansılardır?

– Sözümüzün qarşısını alan səbəblər – qorxu, utanmaq və tərifdir. Bunlar bir-birini doğurur və tamamlayır.

Tərif , əsil virus kimi, ədəbi hüceyrələrə daxil olub, artmaqda və çoxalmaqdadır. İnsanlar ancaq istədikləri sözləri eşitmək istəyirlər. Hər kəs özünü dahi hesab edir, adi tənqidi belə inkar edirlər. Beş-altı nəfər birləşib dərnək qurur, bir-birinə xoş sözlər deyir, hansısa bir kağızla təltif edir və şad-xürrəm ayrılırlar… Heç kim də, belə toplumlarda yeganə tənqidçi olmaq istəmir, bu çox da xoş deyil. O zaman sual meydana çıxır: “Görəsən, nədən heç kim öz səhvini bilmək, düzəltmək, bilmədiyini öyrənmək, daha yaxşı yazmağa can atmaq istəmir ?”

Louelin bir fikri var, deyir: “Yazar öz əsrini qabaqlamalıdır ki, varislərinə çata bilsin ”. Tərəqqinin əsas meyarlarından biri isə – tənqiddir, yerində deyilmiş, rəqabətsiz, iddiasız tənqid! Biz bu gedişlə ya izoxəttin üzərindəyik, ya da tənəzzül edirik.

– Vətəndə dostlarınız varmı?

– Kim deyir ki, təklikdən gözəl heç nə yoxdur – yanılır… amma hələ bunun fərqində deyil. Kim özündən başqa kimsəyə inanmırsa heyf… çünki söykənə biləcək birini tapa bilməmişdir. Nə qədər qüdrətli olsan da, bir gün, gözləmədiyin bir vaxtda sənə “Mən hər zaman yanındayam!” – deyən birisini araya bilərsən. İnanmaq elə bir hissdir ki, dünyanın bütün ağırlığı sənin çiyinlərində olsa belə, sən bunun altında əyilmirsən.  İnanmaq – sənə saplana biləcək bıçaqlara sinə gərə bilən birinin varlığı deməkdir. İnanmaq – gözləri arxada qalmamaqdır, sənin xətrinə öz mənfəətindən keçməyə hazır olan insanların hiss etdirdiyi ən gözəl, ən xoş duyğudur. İnanmaq – dost deməkdir!

İnsanın dostu çox ola bilməz, çünki hər insana dost deməzlər. Dost dediklərininsə sevgisinə inanar, onu özün kimi bilərlər. Bunun üçün fədakarlığı bacarmaq və dostun olmaq adını daşımaqla fəxr edənləri görmək, dəyərləndirmək gərəkdir!

Dostlarım –  Vətəndə mənim səsim, dayağım, qol-qanadlarımdır. Onlara güvənirəm, inanıram və çox sevirəm.

– Bakıda olanda Yazıçılar Birliyinə baş çəkirsiniz?

– Yazıçılar birliyi, heç nəyə və heç kimə baxmadan, mənim üçün hər zaman bir məbəd olmuşdur, çünki orada mənim mərhum əmimin, yüzlərlə dahi yazıçı və şairlərin müqəddəs ruhu dolaşır. Mənim o ocağa münasibətim dəyişməz. Həm də AYB-də gözəl yazar dostlarım var. Bakıya gəldiyimdə dəfələrlə görüşürük, fikir mübadilələri aparırıq.

– Qarşıdan gələn qurultaydan nə gözləntiləriniz var?

– Qurultaydan sadəcə gurultu deyil, nəsə bir irəliləyiş gözləyirəm. Azərbaycanda istedad qıtlığı yoxdur. Keyfiyyətin kəmiyyətə üstün gələcəyi arzusundayam! Həqiqətə və ədalətə uğurlar diləyirəm!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO