Xəbəri daha operativ şəkildə əldə etmək istəyən istənilən oxucu imkan daxilində internet mediasına üz tutur. Media internet məkanında böyüdükcə, oxucu üçün daha geniş imkanlar yaranır. Bu zaman o, zövqünə uyğun saytları izləməyə başlayır. Bu zaman isə saytda yer alan xəbərlərlə yanaşı, dizayn məsələsi də xüsusi önəm kəsb edir.
Maraqlıdır, çağdaş saytların dizaynı oxucunu nə dərəcədə özünə çəkə bilir?
ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, saytların dizayn işini daha yüksək səviyyədə təşkil etmək olar: “İndi saytlar daha çox biri-birinin təkrarıdır, orijinal bir şey yoxdur. Əvvəl Avropada nəsə tərtib olunur, sonra Azərbaycana gəlib çıxır. Məqbul variantdır, amma daha yüksək səviyyədə təşkil etmək olar. Amma saytlar mənim üçün əlverişlidir, oxuyuram. İnternet qəzetləri informasiya almaq baxımından önəmlidir. Onlar hələ ki tələbatı ödəyir. Amma unutmayaq ki, hər bir şeyin estetik tərəfi də var, hətta elmin də”.
S.Cəlaloğlunun sözlərinə görə, saytı daha vizual təqdim etmək baxımından onun tərtibatı mühüm rol oynayır: “Amma mənim üçün yox, oxucu kütləsi üçün əlbəttə dizaynın çox böyük əhəmiyyəti var. Əsasən, Modern.az, “Qafqazinfo” saytlarını izləyirəm. İnformasiyanın dəqiqliyinə və əhəmiyyətliyinə görə. Əvvəl başqa saytlara da baxırdım, indi isə baxmıram. Bəzi saytların xəbərləri çox ağırdır, informasiyanın verilməsində mürəkkəblik var. Modern az, “Qafqazinfo” kifayət qədər sadə olduğundan onlara üstünlük verirəm. Dizayn cəhətdən “Media forum” çox solğun saytdır. Saytlar mümkün qədər emosiyasızlığı, sadəliyi, dəqiqliyi təmin etməlidir. Təkrar edirəm, tərtibat baxımından saytlar arasında elə də kəskin fərq yoxdur, çünki bütün saytlar Türkiyənin və ya Avropanın saytlarından köçürülmədir. Azərbaycanda saytların dizaynın orijinallığı ilə bağlı əlavə söz deyə bilmərəm, heç bir kəs müstəqil sayt icad etmir”.
Milli Məclisin deputatı Fazil Mustafa isə bildirdi ki, Azərbaycanda artıq internet qəzetçiliyi inkişaf etməyə başlayıb, reklam sıxıntıları və başqa məsələlərin olduğunu nəzərə alsaq, bu prosesin daha sürətli gedə biləcəyi ehtimalı var: “Real informasiyalar operativ olaraq indi internet qəzetlərindən alınır, çünki insanlar dərhal məlumatlanmaq istəyirlər”.
Bu günkü xəbər saytlarının dizayn işi deputatı razı salır: “Dizaynla bağlı peşəkarlaşma, diqqət cəlb edən və peşəkar dizayn formatı mövcudur. Bu gün artıq rəqabət yaranıb, kim daha çox diqqət cəlb edə bilər, kim daha maraqlı reklamla, yaxud da informasiyanın təqdimatı ilə başqasından çox üstünlük qazana bilər. Xəbər verməklə yanaşı, saytın dizaynı və onun necə təqdim olunması vacibdir”.
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu da deyir ki, hər bir məlumatı öncə internet saytlardan alır: “Saytların həm dizaynı, həm də tərtibatı imkan verməlidir ki, istədiyimiz məlumatı tez bir zamanda, operativ surətdə əldə edək. İnformasıyanın necə tapılması əsas deyil, əsas operativ surətdə məlumatlanmaqdır”.
Qubad İbadoğlu deyir ki, sadə dizayn onu daha çox cəlb edir: “Sadə dizayn ona görə xoşuma gəlir ki, informasiyanın axtarılması üçün çox zaman itirmirsən. Eyni zamanda əhəmiyyətli xəbərlərin fərqləndirilməsi də böyük rol oynayır. Hesab edirəm ki, bu da oxucu baxımından vacibdir”.
Qubad İbadoğlunun sözlərinə görə, xəbər saytlarında məzmundan çox, dizayn məsələsi önə çıxır.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də məsələ ilə bağlı fikirlərini deyib: “Dizayn fərqli olsa da, əsas məsələ onun içərisindəki yazıların nə dərəcədə maraq doğurmasıdı. Nə qədər dizaynı gözəl olsa da, daxili boş olduqda, müvəqqəti şöhrət olacaq. Elə sadə dizaynlar var, maraq doğurur, elə sayt var, dəbdəbəli dizaynı var, 2 ildir fəaliyyət göstərir, ancaq onu adını eşidən yoxdu”.
Baş redaktorun sözlərinə görə, Azərbaycanda uzun illərin təcrübəsi göstərib ki, rəngli qəzetlər yeni çıxanda marağa səbəb olsa da, sonradan öz maraq dairəsini itirib. Rəşad Məcid onu da bildirdi ki, Azərbaycanda fərqli dizaynı olan sayt tanımır.
Müsahibimiz əlavə edib ki, o, əsasən “Lent.az “, Modern az, “Qafqazinfo” və “Musavat.com”a baxır: “Qəzetlərin saytına gəlincə, “Ədalət”, “525-ci qəzet”, “Azadlıq” və “Zerkalo”nun saytına baxıram. Amma əsas xəbərləri “Facebook” sosial şəbəkəsindən alıram”.
Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz bildirir ki, sayt nə qədər sadə, qarışıq deyilsə, o qədər ona daxil olmaq rahat olur: “Sayta daxil olduqda nəyi harada tapmaq lazım gəldiyini dizayna görə bilmək olar”.
Ekspertin fikrincə, internetdə “izobility” deyilən anlayış var, Azərbaycan dilinə tərcümədə istifadəçi rahatlığı mənasını verir: “Dizayna görə sayta girən kimi siyasət xəbərini haradan, şou xəbərini haradan, əyləncəni haradan izləməyin mümkün olduğunu bilmək olar. “Offline qəzet” var, “online qəzet” var. Tutaq ki, “online qəzet” növü təzə auditoriya əldə etməyə çalışır. Yeni auditoriya əldə etməyə çalışanda dizayn müəyyən qədər rol oynayır”.