Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz üzrə xüsusi nümayəndəsi səfir Akira Mutonu qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı E.Məmmədyarov iki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluğunu bildirərək, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırdı. O, enerji sektoru ilə bərabər Azərbaycanın kənd-təsərrüfatı, yüksək texnologiyalar və qeyri-neft sektoru sahələrində Yaponiya ilə əməkdaşlıqda maraqlı olduğunu vurğuladı.
Əlaqələrin inkişafında yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən E.Məmmədyarov Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Yaponiyaya səfərini diqqətə çatdırdı.
A.Muto Yaponiyanın Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduğunu deyərək informasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye, sərmayələrin yatırımı kimi sahələrdə Yaponiya şirkətlərinin Azərbaycana maraq göstərdiklərini vurğuladı.
O, sənayeləşmə və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirlərin təqdirəlayiq olduğunu nəzərə çatdırdı.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan A.Muto Yaponiyanın münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirdi.
E.Məmmədyarov güc tətbiq edərək dövlətlərin ərazi bütövlüyünün pozulmasının qəbuledilməz olduğunu qeyd edərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın Azərbaycana qarşı işğalına son qoymalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırdı.
Görüş əsnasında “GUAM+Yaponiya” formatında əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.