Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi əmr imzalanıb, tədbirlər planı təsdiq edilib. Plana əsasən, fevralın 24-dən 28-ə kimi Vəcihə Səmədova adına sərgi salonunda əməkdar rəssam Adil Rüstəmovun “Qarabağ şikəstəsi rənglərin göz yaşında” adlı silsilə qrafika əsərlərindən ibarət sərgi keçiriləcək. “Xocalı soyqırımı-əsrin faciəsi” adlı kitab sərgisi və “Xocalı soyqırımı rabitəçilərin yaddaşında” adlı kitabın təqdimat mərasimi Axundov adına Milli Kitabxanada fevralın 25-də baş tutacaq. “Muzeydə teatr” silsiləsi çərçivəsində Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Xocalı tamaşası”nın nümayişi də həmin gün Muzey Mərkəzində olacaq. Dövlət İncəsənət Muzeyində isə “Xocalı harayı” adlı kitabın təqdimatı düzənlənəcək. Fevralın 26-da Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellasının iştirakı ilə Xocalı şəhidlərinin xatirəsinin anım gecəsi təşkil olunacaq. Respublikanın regionlarında da Xocalı faciəsinə həsr olunmuş tədbirlər 24-28 fevral tarixlərində reallaşacaq.