Modern.az xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlərin ailə dramını davam etdirir. Bu dəfəki qonağımız Türkiyə vətəndaşı ilə ailə quran jurnalist xanım Şeyda Nəsiblidir. Onu da bildirim ki, digər türk vətəndaşı ilə ailə quran jurnalistlərimizdən fərqli olaraq, Şeyda xanım suallarımı bütünlüklə türk dilində cavablandırmışdı və tərcümə xeyli vaxt apardı.
Şeyda Nəsibli (Kamaloğlu) 1996-cı ildən 4 il öncəyədək Bakıda nəşr olunan “Hürriyyət”, “Bu gün”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 4 ildir ki, Türkiyə vətəndaşı Məhəmməd Kamaloğlu ilə ailə qurub. Onların Hazar adında 2 yaşlı bir oğlu var. Şeyda xanım deyir ki, həyat yoldaşı Türkiyə Silahlı Qüvvələrinin zabitidir və keçən il PKK il çatışmada yaralandığından həm də qazidir.
Şeyda Nəsibli xarici vətəndaşla ailə qurmağını belə xatırlayır: “2005 ci ilin aprel ayı idi. Dünya Azərbaycanlılarının Konqresinin illik konfransı Ankarada keçirilirdi. Təşkilatçılardan olan Yeganə Əmiraslanovaya müraciət etdim ki, “niyə tədbirə biz jurlanistləri də dəvət etmirsiniz?”. Mənim məqsədim bir gülləylə iki quş vurmaqdı. Həm Türkiyəni görmək, həm də bir yazı yazmaq istəyirdim”. Beləcə Türkiyəyə səfərə yollanan heyətə məni də daxil etdilər”.
Ş.Nəsiblinin sözlərinə görə, Ankarada Dünya Azərbaycanlılarının Konqresinin illik konfransında iştirak ediblər. “Toplantı axşamı gözəl bir ziyafət oldu. Burada özünü milyonçu Frenk Elkaponi kimi tanıdan, əslən Naxçıvandan olan iş adamı Füzuli Məmmədov elan etdi ki, sabah məşhur opera müğənnimiz Lütfiyar İmanova Türkiyənin ən bahalı 5 ulduzlu oteli olan “Şereton”da ad günü keçirmək istəyir. O, hər kəsi dəvət etdi. Dedi ki, bütün xərci özü ödəyəcək. Səhəri gün dəvət olunduğumuz ünvana yollandıq. Hamı foyedə yığışıb, Elkaponini gözləyirdi. Lütfiyar müəllim də çox həyəcanlı idi. Ancaq Elkaponi ortada yox idi. Nə qədər gözləsək də, o gəlmədi. Biz də qaldığımız otelə geri döndük. Dostlarla birgə Lütfiyar müəllimin könlünü almaq üçün tort süfrəsi açdıq. Ankarada yaşayan bir qrup azərbaycanlı və onların dostları da bu qonaqldıqda iştirak etdilər. Sən demə, mənim ailə qurduğum insan qarşımda oturubmuş. Hətta məndən xəbərsiz şəkilimi də çəkibmiş. Həmin ilin sentyabr ayında yenidən Ankaraya iş için gedəsi oldum. Azərbaycanlı dostarım dedilər ki, onların ofisinə gedim. Mən də etiraz etmədim. Orada yenidən gələcək həyat yoldaşımla rastlaşdıq, bu dəfə tanış da olduq, həm də biz bir-bizimizə vurulduq. Ancaqa nə mən ona, nə də o mənə bir söz dedi. Sonra “msn”də yazışmağa başladıq. Mənə evlilik təklif etdi. Mən də o qəbul etdim”.
Şeyda xanım deyir ki, bu evliliyə razı olduğu üçün çox xoşbəxtdir: “Həyat yoldaşım çox dəyərli insandır. Mən ancaq bu cür insanla evlənə bilərdim. 2005-ci il noyabrın 3-də nişanlandıq. Tezliklə də ailə həyatı qurduq”.
Ş.Nəsibli oğlunu və həyat yoldaşını çox sevdiyini deyir: “Oğlum mənim hər şeyimdir. Uğrunda ölüb-öldürə biləcəyim tək varlıqdır. Yoldaşımı da çox sevirəm. Çox yaxşı insandır”.
Həmkarımız deyir ki, əvvəllər xarici vətəndaşla ailə qurmağı heç zaman düşünməyib: “Mən Türkiyə vətəndaşı ilə evlənəcəyimi deyəndə nə ailəm, nə də dostlarım inandılar. Amma bu bir həqiqət idi. Bir də ki, mən onu heç vaxt xarici vətəndaş olaraq hiss etməmişəm. Sanki illər idi ki, bir-birimizi tanıyırdıq. Azərbaycanlılarla o qədər oturub-durmuşdu ki, əvvəllər mənimlə Azərbaycan dilində danışırdı. Yoldaşımgil Ahıska türkləridir. 1926-cı ildə Türkiyəyə gəliblər”.
Şeyda xanım deyir ki, ailə qurub Türkiyəyə getdikdən sonra bir sıra problemlərlə qarşılaşıb: “Çətinliklərlə hər kəs üzləşir. Evləndikdən sonra türkcə danışmaqda çətinlik çəkirdim. Bir il sonra sərbəst danışmağa başladım. İndi isə heç kim məni dayandıra bilmir. İlk vaxtlar yeməkləri yeməkdə və bişirməkdə də çətinliyim olurdu. Onu da bir il sonra həll etdim. İndi Osmanlı yeməklərini çox yaxşı bişirə bilirəm”.
Şeyda Nəsibli adət-ənənələrdə bəzi fərqlərin olduğunu deyir: “Burada çox qayda-qanunlar var. Ailədən-ailəyə, şəhərdən-şəhərə, kənddən-kəndə dəyişik şəkildə adətlər var. Amma həyatını bu qaydaların çərçivəsinə sığdırmadan yaşayan insanlar da çoxdur. Misalçün, evləndikdən sonra bizə qonaq gələn dostlara çay verirdim. Baxırdım ki, stəkanları boşalıb. Ancaq səslərini çıxarmırlar. Mən də çay içirsiniz? deyə soruşanda heç kim cavab vermirdi. Sonra qaynanam məni başa saldı ki, onlarda soruşmaq adət deyil. Çay içilibsə, süzülməlidir. O vaxt buna təəccüblənmişdim”.
Ş.Nəsibli Azərbaycan üçün çox darıxdığını deyir: “4 ildir buradayam. Azərbaycana 2 il öncə getmişdim. Keçən il yoldaşımın vəziyyəti ilə əlaqədar gələ bilmədik. Ancaq bu il Azərbaycana gəlmək planımız var. Çünki anam və bir neçə dostlarım üçün, lülə kabab, Bakı paxlavası, İçərişəhərin küçələri, “Caz Klub” üçün çox darıxıram”.
Darıxmasına baxmayaraq xanım jurnalist Azərbaycana dönüb, burada yaşamağı fikirləşmir: “İndi bu haqda düşünmürəm. Düzü yoldaşım Azərbaycana getməyi məndən də çox arzulayır. Amma gələcəkdə nə olacaq bilmək olmur ki… Ola bilər orada yaşadıq. Düşünürəm ki, bu yalnız oğlumun şəxsiyyəti formalaşdıqdan sonra gerçəkləşə bilər. Azərbaycan mənim canım, qanım və hərşeyimdir. Hər iki məmləkət mənim vətənimdir. Bu cənnət vətənləri unuda bilmərəm ki…”.