Azərbaycanda “Neft, Qaz və Media” konfransında iştirak edən xarici jurnalistlər sentyabrın 17-də Bakının bir sıra tarixi yerləri ilə tanış olublar.
Böyük Britaniyadan olan analitik Metyu Hulbert Trend-ə açıqlamasında bildirib ki, Bakı Xəzərin kənarında Avropa şəhəridir.
“Azərbaycan paytaxtının bu qədər möhtəşəm olmasını gördükdən sonra məndə çox xoş təəssüratlar yarandı. Müasir Avropa şəhərləri ilə müqayisə oluna biləcək infrastruktura, təmizliyə və tarixi məkanlara malik olması Bakını dünyada möhtəşəm şəhərlərdən biri kimi tanıdıb. Burada son vaxtlar keçirilən beynəlxalq səviyyəli tədbirlər onu deməyə əsas verir ki, Azərbaycanın paytaxtı dünya standartlarına uyğun olaraq inkişaf edir”, – Hulber deyib.
Azərbaycana ilk səfərinin olduğunu qeyd edən ABŞ-ın nüfuzlu “Forbes” jurnalının müxbiri Kaşmir Hill Trend-ə bildirib ki, hələki Bakıda çox gəzmək imkanı olmasa da, ilkin baxışdan şəhər çox xoşuna gəlib.
Xüsusilə şəhərin arxitekturasını çox bəyəndiyini deyən Hill bildirib ki, qədim və yeni binaların qarışığı şəhərə xüsusi gözəllik verir. O, Azərbaycanda çox yüksək səviyyədə qarşılandığını qeyd edərək insanların qonaqpərvər olduğunu diqqətə çatdırıb.
İsveçrədən olan jurnalist Marc Queniat da Bakının tərtibatından xoş təəssürat aldığını bildirib.
“Şəhər məndə böyük təəssürat oyatdı, şəhərin tərtibatı yüksək səviyyədədir. İçərişəhərdə gəzdim, Azərbaycanın milli mətbəxinin təamlarından daddım və çox xoşuma gəldi. İnsanlar bizi burada çox mülayim qarşıladı”, – Queniat bildirib.