Azərbaycan Dillər Universiteti İctimaiyyətlə əlaqələr və
Mətbuat xidmətinin rəhbəri
Fransızdilli “Le Carrefour” qəzetinin
baş redaktoru
Bu il Azərbaycanda milli mətbuatın yaranmasının 136 ili tamam olacaq. Bu illər ərzində “Əkinçi“ və “Molla Nəsrəddin“ ənənələrinin daim inkişafı Azərbaycanda həqiqi qəzetçilik, jurnalistikanın inkişafı və informasiyanın ötürülməsi kimi vacib məsələlərin ortaya çıxmasına səbəb olmuşdur. Lakin bu günkü mətbuat (KİV) keçən əsrin sonlarında meydana çıxan, bir çox xalqların həyatında olduğu kimi, bizdə də milli azadlıq hərəkatlarının genişlənməsi ilə yeni forma və məzmun aldı. Bu yolda verilən qurbanlar, xalqımızın keçdiyi ağrılı-əzablı, lakin şərəfli yol, müstəqilliyimizin qazanılması, XX əsrin sonlarında ərazilərimizin işğalı Azərbaycan mətbuatında yeni və daha vacib mövzuların işıqlandıirılmasını labüd etdi. Əgər “Əkinçi” “ kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verməklə öz səhifələrində bir növ savadlanma propoqandası aparırdısa, “Molla Nəsrəddin” “ xalqın savadsızlığından və cahilliyindən istifadə edərək onun qanını soran mollalara və xalqını bəyənməyən «inteligentlərə» qarşı çıxırdısa, milləti qəflət yuxusundan oyanmağa səsləyirdisə, bu dövr mətbuatı daha çox milli kökümüzə qayıdış, milli- mənəvi dəyərlərin aşılanması və torpaqlarımızın azadlığı ilə bağlı mövzuların işıqlandırılmasını ortaya qoydu. Təbii ki, bu mövzular Azərbaycanda əcnəbi dillərdə çıxan mətbu orqanların səhifələrindən də yan keçməyib.
Milli mətbuatımızın yaranmasından öncə ilk mətbu orqanımız məhz başqa dildə çıxırdı. Azərbaycanda hər zaman əcnəbi dillərdə çıxan mətbu orqanlar və KİV-də əcnəbi dildə verilişlər olmuşdur. (sovet dönəmində Dövlət televiziyasında erməni dilində yayımlanan “Xəbərlər “ proqramını da xatırlatmaq yerinə düşər (Radio versiyası da var idi), həmçinin hazırda ATV-də bir çox dillərlə yanaşı, ermənicə də xəbərlər verilir. Qeyd edək ki, həmçinin bir vaxtlar Dövlət Radiosunun beynəlxalq şöbəsi tərəfindən fransız dilində də veriliş yayımlanırdı.) Bəs buna zərurət haradan meydana gəlmişdir? Ümumiyyətlə, hər hansı bir ölkədə başqa əcnəbi bir dildə mətbu orqana (və ya TV və radio verilişlərə) ehtiyac nədən doğur və bu nə qədər lazımlıdır? Ən birincisi, bu həmin ölkədə yaşayan əcnəbilərin özləri üçün bir istinad ola bilər. Nəzərə alsaq ki, dil – mədəniyyət, tarix, adət, ənənə, milli dəyərləri özündə birləşdirir, bu baxımdan əcnəbi bir insan başqa ölkədə bu yayımlar vasitəsilə özünü «tapa bilər», İkinci tərəfdən bu həmin ölkənin özü üçün bir növ «özünü təqdim etmə» vasitəsidir. Belə ki, ölkədə «yerləşən» hər hansı əcnəbi məhz öz dilində informasiya almaq imkanı əldə etdiyindən ona öz dilində ölkə, onun dili, dini, mədəniyyəti, tarixi, adət, ənənə, milli-mənəvi dəyərləri, ölkədə mövcud olan sosial-ictimai vəziyyəti, ümumilikdə, cəmiyyəti haqda həqiqi məlumatlar verməklə ölkəni tanıtmaq mümkündür. Bu da ikinci amil. Üçüncü və ən əsası isə, ikitərəfli münasibətlərin, informasiya mübadiləsinin yaranması və inteqrasiya məsələsidir. Dil – mədəniyyət, tarix, adət, ənənə olmaqla bərabər, ünsiyyət vasitəsi də olduğundan, o zaman əcnəbi dilləri bilməyimiz bu əməkdaşlığı və mübadiləni asanlaşdıra bilər.
Təbii ki, məlumatlandırma və ideoloji sahədə böyük gücə malik mətbuat daha çox sovet dövründə rus dilində çıxan qəzetlərdə təzahür olunur. Belə ki, rus dilində çıxan qəzetlərin sayına görə Azərbaycan öndə idi. Və bu təkcə gündəlik qəzetlər deyil, aylıq jurnal və məcmuələr şəklində də özünü göstəriridi. Eyni zamanda, iqtisadi və mədəni sahələri əhatə edən mətbu orqanlar, məsələn, “Literatura” jurnalı və ya “Literaturnaya qazeta” və digər nəşrlər var idi.
Azərbaycan müstəqillik qazandıqdan sonra və inkişaf etdikcə, bu gün dünyaya çıxışımızı təmin edən dil biliklərimiz bir növ yardıma gəlir və Azərbaycanda ingilis dilində qəzet və jurnallar nəşr olunmağa başlayır. Fransız dilində ilk belə cəhd uğurlu alınır və 1999-cu ildə “Az-Media” qəzeti təsis edilir. 2006-cı ilədək fəaliyyət göstərən qəzet əslində 2003-cü ildən sonrakı dövr ərzində öz inkişaf dövrünü yaşamış və hətta xaricdə Azərbaycan mətbuatını təmsil etmişdir. (2004-cü ildə Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin Burkina Faso Respublikasında (Afrika) keçirilən 36-cı illik konfransında sözügedən qəzetin baş redaktoru olaraq mən də iştirak etmişdim.) Qəzet 2006-cı ildə fəaliyyətini dayandırmışdır. Bu gün bu ənənəni “Le Carrefour” qəzeti davam etdirir. 28 noyabr 2008-ci ildə “Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Mətbuat Şurasında “Azərbaycanda xarici dildə nəşr olunan mətbu orqanlar” mövzusunda dəyirmi masa keçirildi. Tədbir ölkəmizdə nəşr olunan xaricidilli mətbuatın durumuna həsr olundu. Eyni zamanda, qəzet Azərbaycanda nəşr olunan yeganə mətbu orqan olaraq Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin rəsmi İnternet saytında yer almışdır.
Ümumiyyətlə, bu gün Azərbaycanda xarici dildə mətbuata ehtiyac varmı? Belə nəşrlərin bizim mətbuatımızda rolu nədir və yeri necə görünür? Təbii ki var. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, bu mətbu orqanların köməyilə ölkədə yaşayan və işləyən əcnəbilər məhz öz dilində informasiya almaq imkanı əldə etmiş olurlar. Biz isə öz ölkəmizin dili, dini, mədəniyyəti, tarixi, musiqisi, hətta mətbəxi haqqında məlumat verməklə onu tanıda bilirik. Ən əsası isə, ikitərəfli münasibətlərin, informasiya mübadiləsinin yaranması və Azərbaycanın inteqrasiya etməsində mətbuatın rolu böyükdür və öz yeri var. Qloballaşan dünyada mədəniyyətlərin qarşılıqlı əlaqələrinin yaranması və inkişafı eyni zamanda, mətbuat sahəsində əməkdaşlığı zəruri edir. Bu baxımdan Azərbaycanda xarici dildə nəşr olunan mətbu orqanların rolu danılmazdır.