Son vaxtlat mətbuatda çalışan xanım jurnalistlərin bir çoxu bu sahədən tədricən uzaqlaşırlar. Müşahidələr göstərir ki, 7-8 il öncə ilə müqayisədə indi mediada zərif cinsdən olan qələm sahiblərinin sayı daha azdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyan tələbələr arasında da son illər oğlanların sayı qızları üstələməyə başlayıb. Fakültənin elə qrupları var ki, 20 nəfərdən 2-si qızdır. Media sahəsindəki bu tendensiyanın yaranmasına səbəb nədir?
Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə deyir ki, qadınların mətbuatdan uzaqlaşmasının əsas səbəbləri ailə vəziyyəti və media sahəsinin maddi durumudur.“Qadın jurnalistlər ailə həyatı qurandan sonra təbii ki, əksəriyyəti mətbuatdan uzaqlaşırlar. Bir gənc xanım bir evdə gözəl ailə çırağı yandıracaqsa, bu zaman onları qınamaq da olmaz. Digər tərəfdən aldıqları maaş və ya qanorarın azlığı da bəzilərinə sərf etmədiyindən mediadan çəkilirlər”. Rəhim Hüseynzadənin sözlərinə görə, jurnalist xanımlar bunları əvvəlcədən fikirləşməlidir. “Düşünməlidirlər ki, bu sahənin məziyyətlərinə dözə biləcəklər, ya yox. Jurnalistika heç də asan peşə deyil”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə mətbuatda belə tendensiyanın olması fikrilə razı deyil: “Mətbuatı tərk edən jurnalist xanımların sayının artması fikri ilə razılaşmıram. “Şərq” qəzetinində işçilərin 30 %-i xanımlardır”. Akif Aşırlı bildirir ki, o jurnalist xanımlar işlərindən uzaqlaşır ki, onlar təsadüfən jurnalistika fakültəsinə düşüblər və bu peşəyə də maraqları olmayıb. Gəliblər, bir az işləyib gedirlər: “Jurnalistika xüsusi qabiliyyət tələb edən peşədir. Ancaq jurnalist xanimlar ailə qurandan sonra onların fəailiyyətində müəyyən qədər passivlik olur. Bu da təbiidir”.
“Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlu da televiziyaya nisbətən çap mətbuatında çalışan qadın jurnalistlərin sayının azaması fikri ilə razıdır. “Buna səbəb də televiziyanın müəyyən üstünlükləridir. Xanımlar məhşurlaşmaq üçün televiziyada işləməyə can atırlar. Ancaq “Ekspress” qəzetində çalışan qadın jurnalistlər çoxdur. Ümumi işçilərin 40%-i xanımlardır”.
Qalib İbrahimli təəssüflə qeyd edib ki, test imtahanları nəticəsində təsadüfən jurnalistika ixtisasına qəbul olunanlar var: “Dörd il jurnalistika fakültəsində təhsil alırlar, sonra da jurnalistikadan uzaqlaşırlar. Bununla bağlı bir fakt söyləyim. “Ekspress” qəzetinə praktikaya gələn tələbələr adətən praktikanı davam etdirmək istəməkdiklərini söyləyirlər. Səbəbini də soruşanda, deyirlər ki, “onsuz da jurnalist olmayacağıq ki””.
Qadın Jurnalistlər Birliyinin sədri Sevinc Osmanqızı isə bildirir ki, bu gün jurnalist xanımlarin jurnalistkada qalması öz-özlüyündə bir problemdir. “Jurnalist xanımlar ailə həyatı qururlar və əsas problemlər də bundan sonra başlayır. Onların mətbuata qayıtmasında müəyyən çətinliklər yaranır. Ana südəmər uşağını evdə qoyub işə gedə bilmir. Həmçinin maddi durum da buna təsir göstərir”.
Sevinc Osmanqızının sözlərinə görə, ailə quran jurnalist xanımlara redaksiyalarda güzəştlər edilməlidir. “Mətbuat rəhbərləri jurnalist xanımların yenidən işə qayıtması, çevik iş rejimində çalışmaları üçün onlara imkan yaratmalıdır. Bütün bu problemlər həll olunmayanda, jurnalist xanımlar da işlərindən uzaqlaşmağa məcbur olurlar”.