O, Bakının dənizini, Abşeronun qumlu sahilini çox sevirdi, iş otağının pəncərələrini açıq qoyurdu ki, əsən sərin meh və xəzri dənizin əsrarəngiz ətrini içəri yaysın. Keşməkeşli ömür yaşamış tanınmış şairin sonralar 1958-ci ildə Xəzri təxəllüsü götürməsi görünür, onun bu sevgisindən yaranıb.
Şairin övladları – Arzu Babayev, Pərixanım Əliyeva və Gülümsər Abbasova ilə söhbətimiz Nəbi Xəzrinin otağında baş tutdu.
Otağa daxil olar-olmaz şairin portretini əks etdirən xalça diqqəti cəlb edirdi. Divarboyu şkaflarda
kitablar, sevdiyi əşyalar, ona verilən xatirə hədiyyələri, büstü, yazı masasının üstündə isə eynəyi, qələm qabı, saatı qoyulmuşdu. Divardan asılmış tüfəngi görüncə qeyri-ixtiyari “Atanız ovu sevirmiş?” soruşanda eşitdiklərim məni təəccübləndirdi. “Atam ovu sevməyib. Heç əlinə silah alıb güllə də atmayıb. Sadəcə, silah onun üçün kişilik, igidlik rəmzi idi. Bir neçə dəfə boş qalmasın deyə gənc olanda o vaxtlar havaya atmışam”, – deyə şairin oğlu Arzu Babayev söhbətə başlayır.
“Səməd Vurğun dedi ki, gəl səni Yazıçılar ittifaqına üzv edim”
1924-cü il dekabrın 10-da Xırdalanda kasıb bir ailədə anadan olan Nəbi Babayev doqquz yaşında ikən üç qardaşını itirmiş, bir müddət sonra isə atası Kərbəlayı Ələkbər yaşananlara dözə bilməyərək rəhmətə getmişdi. Ailənin ağır yükünü çiyinlərinə almış anası xalça toxuyaraq, min bir əziyyətlə Nəbi və bacısı Şirinbacını böyütmüşdü. Məktəbdə “Böyüyəndə kim olacaqsan?” inşa yazısında kənd uşaqlarının çoxu sürücü olacağını yazmışdı. Onlardan fərqli olaraq, balaca Nəbi “Mən şair olacağam”, – qeyd etmişdi.
Oğlu Arzunun sözlərinə görə, atasının bu fikri sinifdə gülüşlə qarşılansa da, sonralar bu istək özünü doğrultdu. “Bu hadisə onun prinsipial olaraq bu sahədə irəliləməsinə yol açdı. Sonralar gənclik illərində Səməd Vurğun atama Azərbaycan poeziyasına gəlməsinə “pasport” – xeyir-dua verdi. 1944-cü ildə “O cavanın yaylığı”, “Söz” şeirlərini oxuyandan sonra tapşırır ki, o gənc şairi tapın. Atamın onda 20 yaşı vardı. Səməd Vurğun deyib ki, səni Yazıçılar İttifaqına üzv keçirirəm. Atam isə hələ heç kitabının çıxmadığını deyib. Səməd Vurğun isə “Sən istedadlısan. Əgər üzərində işləsən, yaxşı şair olacaqsan”, – cavabını vermişdi”. Bunu Arzu Babayev danışır.
“O hadisədən sonra daha balıq tutmadı”
Nəbi Xəzri zahirən nə qədər ciddi və zəhmli görünsə də, bir o qədər də kövrək şair ürəyi vardı.
Qızı Pərixanım Əliyeva deyir ki, dənizdə balıq tutmaq onun sevimli məşğuliyyətlərindən biri idi. Ancaq o balıqları yeməz, tutub həyətdəki hovuza atar, onların üzməyinə tamaşa edərmiş. “Bir dəfə səhər gördük ki, iri bir balıq özünü hovuzun kənarına çırpıb atıb, orda da ölmüşdü. Bu səhnə atama pis təsir etdi, təsirlənib şeir də yazdı. Ondan sonra daha balıq tutmadı”, – deyə qızı Pərixanım Əliyeva əlavə edir. Öyrənirəm ki, Nəbi Xəzri kül qabı və saat həvəskarı olub. Onun kolleksiyasında müxtəlif külqabılar bu gün də qorunub saxlanılır. “Harda xoşuna gələn külqabı görürdüsə, alırdı. Qol saatı həvəskarı idi. Atamın ürəyiaçıq insan idi. Kim desə ki, məsələn, nə qəşəng saatın var, onu çıxarıb həmin adama bağışlayardı. Çox olub ki, qol saatını başqalarına bağışlayıb,” – deyə Pərixanım o günləri xatırlayır.
Ona müraciət edən insanları tanımasa belə, çalışırdı əl tutsun. Hətta bir dəfə bir qadın məktubunda onu bir şair kimi sevdiyini yazmış, nəvələrinin birinin adını Nəbi, digərinin adını Xəzri qoymuşdu. “Ona müraciət edənlərə kömək edər, işə düzəldərdi. O vaxt oğlum işsiz idi. Başqa bir nəfəri də işə düzəltdi. Atam başqalarının işinə görə müraciət edər, ancaq öz şəxsi işinə görə heç vaxt ağız açmazdı. Qürurlu idi”, – deyə Gülümsər xanım bildirir.
“Uşaqların səs-küyü mənə ilham verir”
Nəbi Xəzrinin iş masasında daim əlyazmaları, qeydləri olardı. İlham gəldikcə masa arxasına keçib yazmaq digər şairlər kimi vərdiş idi. “Əlyazmalara toxuna bilməzdik. Masanın tozunu alanda qaldırar, sonra eyni yerə qoyardıq. Bir də görürdün ki, qəfil yuxudan durub yazır”, – qızı Pərixanım gülümsünərək söyləyir. Şənbə-bazar günləri ailə Xırdalandakı evə gedərdi. Şairin həyat yoldaşı Gülarə xanım onun sakit bir məkanda yaradıcılıqla məşğul olmasına diqqət edərdi.
“Şənbə-bazar günü Xırdalandakı evimizə gedirik. Anam deyirdi ki, get sakitlikdə işlə. Ancaq atam deyirdi ki, yox, uşaqların səsi gəlməsə. Mən işləyə bilmirəm. Uşaqların səs-küyü mənə ilham verir”.
“Atam elə gündə idi ki, bacım onu tanımadı…”
İkinci Dünya müharibəsində 1942-43-cü illərdə tikinti batalyonunda arxa cəbhədə xidmət edən Nəbi Xəzri xəstələndiyinə görə tərxis edilir. Yüksək hərarətlə və ağır vəziyyətdə evlərinə qayıdır. Lakin doğma bacısı da onu tanıya bilmir. “O dövrdə əsgərlərin vəziyyəti yaxşı deyildi. Tez-tez qapı döyüb, imkansız olduğunu deyirdilər. Atamı görən bibim onu tanımamış, kobud danışmışdı. Sonra onu Mir Mövsün ağanın evinə aparıblar. Bir aydır, ancaq su içir, yediyini qaytarırdı. Arıqlamışdı. Ağa yeməyə bir tikə çörək batırıb atama verib “al, bunu ye”, – deyib. Ondan da atamın qızdırması düşdü, sağaldı. Xəstəliyin səbəbini bilən olmadı”, – şairin oğlu danışır.
“Atam gecəni parkda keçirdi…”
Nəbi Xəzrinin tələbəlik illəri Moskvada Leninqrad Dövlət Universitetində və M. Qorki adına Ədəbiyyat İnstitutunda keçib. Həmsöhbətim Arzu bəy atası ilə bağlı maraqlı bir tələbəlik
xatirəsini və bir erməni tələbəsini necə döyməsini danışdı: “Atam evdə çox şeyi danışmazdı. Bu hadisəni televiziyada tələbə yoldaşlarından biri danışmışdı. 1947-ci ildə Leninqradda Universitetində oxuyarkən birinci kursda atam onların “potok”unda oxuyan rus qızlara sataşdığı üçün erməni ilə mübahisə etmiş, onu döymüşdü. Atam qrupda yeganə oğlan idi. Bu söhbətdən sonra yataqxanaya gedəndə komendant atamı içəri buraxmayıb. Deyib ki, artıq institutdan qovulub. Sən demə, dekan erməni imiş. Atam əşyaları ilə gecəni parkda skamyada keçirməli olub. Səhəri gün isə qızlar atama görə rektora müraciət etmiş, atamı yenidən bərpa etmişdilər. Rektor demişdi ki, o, rus qızının şərəfini qoruyub, bərpa edilir”.
“Atam müğənniyə irad tutdu…”
1944-cü ildə Azərbaycan Dövlət Radiosuna elan edilmiş diktor müsabiqəsindən keçən Nəbi Xəzri çox keçmir ki, öz məlahətli səsi ilə dinləyicilərin sevgisini qazanır. 1965-71-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Dövlət Komitəsinin televiziya üzrə sədr müavini işləyir. Efirdə yayımlanan verilişlərin keyfiyyətinə diqqətlə yanaşır, hətta nəzarət üçün evdə yemək yeyəndə də saatlarla ekran qarşısında otururdu. Sovet dövründə efirə olan ciddi tələblər və qaydalar, hətta müğənnilərin və aparıcıların geyimi və xarici görünüşü bir az açıq-saçıq və bər-bəzəkli olanda dərhal iradını bildirirdi.
“1970-ci il idi. İndi Xalq artisti olan bir qadın müğənni efirə çıxanda bir az dizdən yuxarı geyinmişdi. Atam bunu ona irad tutmuşdu. Növbəti dəfə xanım paltarını dəyişməli olmuşdu. Bir başqa müğənni xanım da – o da Xalq artistidir – vaxtilə eyni şeyə görə atamdan töhmət almışdı”, – deyə şair oğlu həmin anları bölüşür.
“Dedik, ata, nə olar, yaz da..”
Nəbi Xəzrinin bir çox sözlərinə mahnılar bəstələnib, bu mahnılar Şövkət Ələkbərova, Zeynəb Xanlarova və digər sənətkarların ifalarında sevilə-sevilə dinlənilib. Müslüm Maqomayevin oxuduğu məşhur “Azərbaycan” şeirini də məhz Nəbi Xəzri qızlarının təkidi ilə yazıb.
“Ailəlikcə bağda idik. Müslüm Maqomayev atama məktub göndərmişdi, xahiş edirdi ki, onun hazır musiqisinə atam şeir yazsın. Atam cavabında dedi ki, mən “balvanka”ya şeir yazmıram. İstəyəsə, mənim şeirlərimdən birini seçsin. İki bacı xahiş etdik ki, ata, nə olar, yaz da… On beş dəqiqədən sonra atam yanımıza gəldi, dedi ki, qızlar, yazmışam, gəlin oxuyum. Bununla da məşhur “Azərbaycan” mahnısı yarandı“, – deyə Pərixanım gülümsünür.
“Mənə qulaq asıb şeirə düzəliş etdi”
Yazıçı dostları daim Nəbi Xəzrinin evinə gəlib-getmişlər. Qabil, Cabir Novruz, Söhrab Tahir, Hüseyn Arif, Rəsul Həmzətov və digərləri şairin dostları sırasında olub. “O qədər də tanınmayan bir şair Şükür Xanlarov vardı, o, atamın ən yaxın dostu idi. Qardaş kimi idilər. Ona və Cabir Novruza “Əmi” deyə müraciət edirdik. Atamıza deyə bilmədiyimizi Şükür əmiyə deyirdik”, –deyə bacılar bildirdilər. Öyrənirəm ki, Rəsul Həmzətov Nəbi Xəzrigillə ailəvi dost olub. Hətta Səməd Vurğun da şairə məsləhət görüb ki, onunla dostluq etsin.
Əliağa Vahidə “ustad” deyə müraciət edərmiş. Hətta bir dəfə qışda şairlə həyat yoldaşı bazarda qəzəlxanla qarşılaşmışlar. Nəbi Xəzri görüb ki, bazarda Vahid bir küncdə nazik bir köynəkdə oturub meyxana deyir, ətrafında çoxlu adam çırtma çalır. Birdən qəzəlxan şairi görüb
ona əl edib salamlaşır. “Anam deyir ki, Vahid şaxtada bir köynək-pencəkdə əsirdi. “Papirosun var?” – deyə Nəbi Xəzridən soruşub. Atam bir qutu siqareti ona verib. Sonra şairin soyuqdan əsdiyini görüb təzə paltosunu da ona bağışlayıb. “Bu hadisəni anam danışıb bizə. ” –həmsöhbətim Arzu Babayev əlavə edir.
Nəbi Xəzri yazdığı şeirlərini ilk növbədə evdə həyat yoldaşı Gülarə xanıma və uşaqlara oxuyarmış. Ailə onun ilk dinləyiciləri idi. “Şeirlərin mürəkkəbi qurumamış bizi çağırır, gözəl diksiyası ilə oxuyurdu. Sonra irad və fikirlərimizə qulaq asırdı. Deyirdi ki, oxucu fikri mənim üçün əsasdır. Hətta bir dəfə mənə qulaq asıb şeirdə düzəliş etmişdi” – həmsöhbətim Arzu Babayev bildirir. Oğlunun sözlərinə görə, atası hətta bəzi şairlərə beyt də bağışlayıb.
Orta məktəb dərsliklərindən Nəbi Xəzri yaradıcılığının çıxarılmasından övladları narahatdır. “Ömür boyu ədəbiyyat dərsliyində onun yaradıcılığı hələ sağlığında tədris edilib. İndi isə proqramdan çıxarılıb. Bu bizi narahat edir. Ədəbiyyat dərsliklərində verilən bəzi şeirləri oxuyuram. Görəndə ki, atamın yaradıcılığı çıxarılıb, bu, bizə pis təsir edir”, – deyə qızları Pərixanım və Gülümsər xanım söylədilər.
Övladları deyir ki, Nəbi Xəzri yaradıcılığında əsas iki əsərini daha çox bəyənib. Bunlardan biri 10 ilə yazdığı və Məhəmməd Peyğəmbərə həsr etdiyi “Peyğəmbər”, digəri isə böyük hun sərkərdəsi Atillaya yazdığı “Atillanın atlıları” poemaları olub.
“Ölümün buz əli gəzir üzündə…”
Həyat yoldaşı Gülarə xanımla tanışlıqları yazıçı və M.Qorki adına Ədəbiyyat İnstitutundan tələbəlik dostu İsa Hüseynovun evinə gedərkən olub. Belə ki, Gülarə xanımın bacısı İsa Hüseynovun həyat yoldaşıdır. Elə ilk görüşdən yaranan ülvi duyğular 1954-cü ildə yeni bir ailənin təməlini qoyub.
1989-cu ildə həyat yoldaşı Gülarə xanımın vəfatı ilə şairin həyatında və yaradıcılığında kədər meydana gəldi. Həddən artıq sevdiyi ömür-gün yoldaşı Gülarəyə olan sevgi duyğularını misralara köçürməklə ürəyini boşaltdı. Nə yazdısa, onda bir nisgil duyulurdu. Ancaq ata qəlbi o qədər həssas və böyük idi ki, ömür gün yoldaşının sağalmaz xəstəliyə düçar olmasını son anacan övladlarından gizlətdi və bu ağır yükü öz çiyinlərində çəkdi. O günlərdə qızı Pərixanım atasının masasında gördüyü şeir onu şübhələndirmişdi. “Anamın diaqnozunu o, bizə demədi. İstəmirdi ki, biz dərd çəkək. Təsadüfən masanın üstündə şeir gördüm. “Ölümün buz əli gəzir üzündə, Gəzir axşamdan sabaha kimi”. Mətbəxə keçdim, dedim, ay ata, bu nədir, yazmısan, anam öləcək? “Yox”, – dedi və başını bulayıb ağladı….”
Həmişə söhbət düşəndə deyirmiş ki, Allahdan 60 il ömür istəmişəm, ancaq 82 il yaşadı. 2002-ci ildə şairin insult keçirməsi ilə ayaqlarına da təsir etdi. Ömrünün son illərində ayaqlarından əziyyət çəkirdi. Bu onu mənəvi-psixoloji təsir edirdi. Hətta son şeirlərindən biri kimi “Ayaqlarım” şeirini yazmışdı.
Mən dünyanı addım-addım dolaşmışam.
İndi baxmır sözlərimə ayaqlarım.
Çay keçmişəm, göl üzmüşəm, dağ aşmışam,
Həsrət qalıb izlərimə ayaqlarım.
Əldə əsa əsə-əsə yeriyirəm,
Yıxılıram, qan içində ayaqlarım.
Dostlar görür, xəcalətdən əriyirəm,
Hardasınız, siz ey mənim ayaqlarım,
Duyuram ki, çəmənlərim çiçək-çiçək,
Gəl-gəl deyir, oylaqların, yaylaqların.
Yəqin məzar evindəcə cütləşəcək
Bu dünyaya qoşa gələn ayaqlarım.
Qızları Pərixanım və Gülümsər xanım deyirlər ki, ataları imanlı idi, o dünyaya çox inanırdı. “O, ölümə hazır idi. Deyirdi ki, Gülarəylə görüşəcəm”.
Ömrünü başa vurmasına 10-15 gün qalmış övladlarını başına toplayıb uşaqlıqda olduğu kimi şeir oxumağa başladı. Həmişə mürəkkəbi qurumamış şeir eşitməyə adət etmiş övladları bu dəfə köhnə şeirləri dinlədilər. Özü də çoxu ölüm haqda. “Bütün mövzuları yazmışam. Bir dənə ölüm qalıb” – deyirmiş. “Əslində isə o ölümə hazırlaşırdı. Deyirdi ki, ölümü mükafat kimi qəbul edirəm, Gülarə üçün darıxmışam”, – qızı Pərixanım deyir.
İki il sonra isə xalq şairi, “Şöhrət” və “İstiqlal” ordenli şairin 90 illik yubileyi olacaq. Şair övladlarının bircə istəyi var. “Çox istərdik ki, atamızın vaxtilə yaşadığı binada bir xatirə lövhəsi və barelyefi olsun. Düzdür, atamın 75 illik yubileyində hələ sağlığında dövlət Xırdalanda böyüdüyü küçəyə onun adını verdi. Bakı şəhərində isə onun adıyla bağlı heç nə yoxdur”.
Yəqin ki, bir də bu küçəylə Nəbi Xəzrinin yaşadığı ünvana yolu düşənlər ilk olaraq, onun barelyefinin qarşısına gül dəstəsi qoya biləcək…