Mayın 12-dən 14-dək Vyanada Avropa Qəzet Konfransının növbəti illik toplantısı keçirilir. Hər il olduğu kimi, bu il də konfransda Avropanın aparıcı qəzetlərindən tutmuş kiçik regional qəzetlər də daxil olmaqla 220 mətbu orqanının 500-dən artıq nümayəndəsi, media menecerləri, naşirlər, media ekspertləri iştirak edirlər. Avropanın ən böyük qəzetçi və naşirlər toplantısında müxtəlif ölkələrdən aparıcı mətbu orqanları təmsil edən 38 məruzəçinin müzakirəyə çıxarılan 24 mövzu ətrafında çıxışları təşkil olunub.
Konfransda AZƏRTAC-ın, Report agentliyinin və Fed saytının nümayəndələri də iştirak edirlər.
Tədbiri açan Avstriyanın Federal Kansleri Sebastian Kurts müasir dövrümüzdə media və siyasət arasında qarşılıqlı əlaqələrdən bəhs edib.
Konfransda Avropa ölkələrində qəzetçilik landşaftında yeni tendensiyalar və bununla üzvi surətdə bağlı olan nəşriyyat evləri üçün yaranmış vəziyyət müzakirə olunur. Məruzəçilər kağız və onlayn mətbuat arasında qarşılıqlı əlaqə, onların oxucu kütləsinə təsiri və balanslı kontent təqdimatı barədə fikirlərini bölüşüblər. Məruzələrdə qəzetin kağız və onlayn versiyaları üçün abunə sistemi barədə məlumat verilib, oxucuların sərfəli şərtlərlə hər iki versiyaya abunə olmaları üçün yürütdükləri marketinq strategiyası barədə danışılıb.
Tədbirdə əhalinin sıx yaşadığı ərazilərlə (şəhərlər) az yaşadığı ərazilər (kənd regionları) arasında oxucular üçün təqdim edilməli olan məzmun müxtəlifliyi, müasir texnoloji imkanlardan istifadə, podkast və canlı yayım formatlarının tədricən geniş yayılması ətrafında fikir mübadiləsi aparılıb. Müasir rəqəmsal transformasiya dövründə oxucunun, eyni zamanda, müxbirə çevrilməsi, müxtəlif hadisələrdən hazırlanmış foto və videoların mətbu orqanların sayt versiyalarına yerləşdirilməsi və oxucuların bu istiqamətdə müşayiət edilməsi də diqqət mərkəzində olub.
Konfransda, həmçinin sosial media imkanlarından istifadə, digər formatların çap mətbuatına müsbət və mənfi təsirləri, bu təsirlər fonunda yeni strategiyaların müəyyənləşdirilməsi, maliyyə problemlərinin həlli yolları və s. mövzularda müzakirələr aparılıb.
Ümumilikdə isə mövzular üç əsas qrupa bölünüb. “Gündəlik qəzetlər” istiqamətində gündəlik qəzet formatının yenidən kəşfi, onların məzmun, ödəniş və satış məsələləri ilə yeni yanaşma formaları, bu formatın perspektivləri müzakirəyə çıxarılıb. “Maqazin” bölməsində hazırda indiyədək görünməmiş vüsətlə bazara çıxan yeni jurnallar, onlara tələbatın haradan qaynaqlanması, bu sahədə mövcud “uğur reseptləri” barədə məruzələr təşkil edilib. “Digital” bölməsində isə Avropanın ən yaxşı rəqəmsal media qurumları, onların arasında xüsusilə innovativ üstünlükləri ilə seçilənlər və şəxsi media layihələri üçün buradan nələrin əxz edilməsinin mümkünlüyü diqqət mərkəzində olub.
Konfransın yekununda 20-ci Avropa Qəzet Mükafatının təqdim edilməsi mərasimi keçirilib. Müsabiqənin qalibləri 27 Avropa ölkəsində 190-dan artıq mətbu orqan arasından seçilib. Norveçin “Sunnhordland” qəzeti “Ən yaxşı yerli qəzet”, Norveçin “Adresseavisen” qəzeti “Ən yaxşı regional qəzet”, Niderland Krallığının “Het Financieele Dagblat” qəzeti “Ən yaxşı milli qəzet”, Almaniyanın “Der Freitag” qəzeti isə “Ən yaxşı həftəlik qəzet” nominasiyalarında 2018-ci ilin nəticələri üzrə Avropanın ən yaxşı qəzetləri mükafatlarına layiq görülüb.
Hər il olduğu kimi, builki konfrans da JTI (“Japan Tobacco International”) şirkətinin sponsorluğu ilə baş tutub. Azərbaycan jurnalistlərinin konfransda iştirakı bu şirkətin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə mümkün olub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana