Vizit kartımız – Rafiq Əliyevlə SÖHBƏT

Mənzilində görüşdük. Söhbətimizin bu qədər uzun çəkəcəyinə inanmırdım. Sanki sehrli bir aləmə düşmüşdüm. Ətrafdan yalnız müsbət enerji alırdım. Üç saat davam edən söhbətdə Ağdam və ağdamlılar haqqında danışdıq…

Famil Mehdi ilə Xudu Məmmədovu Ağdamın vizit kartı hesab edir. Təvazökarlıqdan özünün Azərbaycan və dünya elminə verdiyi töhvələrdən danışmır. Heç dilə gətirmir. Yalnız bütün nailiyyətlərində Ağdama və bütün dünya universitetlərindən üstün tutduğu bir nömrəliyə borclu olduğunu deyir…

Həmsöhbətim böyük azərbaycanlı, Ağdamın canlı vizit kartı hesab etdiyim, AMEA-nın müxbir üzvü Rafiq Əliyevdir.

Söhbətimizə oxuduğu illərdən başlayırıq. Novruzlu kənd məktəbində dörd ay oxuduğunu deyir. Qərənfil müəllimənin dərsləri yaddaşında dərin izlər buraxıb…

-Qırxıncı illərin axırında ailəmiz Ağdam şəhərinə köçəsi oldu. Məni isə bir nömrəli məktəbə köçürdülər. Biz oxuyan dövrdə məktəbin direktoru Zülfüqar Səfərəliyev idi. O bir az diktator xarakterli idi. Amma görünür intizam çox vacib imiş. Ondan sonra Şiraslan Abdullayev dlirektor oldu. Məktəbi qurtaran vaxtı, yəni 1958-ci ildə, Ağdam RPK-nın üçüncü katibi işləmiş Səmayə İbrahimovanı direktor təyin etdilər.

Tam mübaliğəsiz deyirəm ki, Azərbaycanda 3-4 sayılıb-seçilən məktəb varıydısa, onun biri də 1 saylı məktəb- Abbas bəyin məktəbi idi. Bütün göstəricilərinə görə… …

50-ci illərdə insanlarda dürüstlük vardı. Cəmiyyətdə olan əxlaq indiki qədər aşılanmamışdı. Biz məktəbdən nahara gələrdik. Qayıdardıq ki, müəllimlər bizdən tez gəliblər məktəbə. Dərnəklər varıydı. Müəllimlər bizimlə qalıb təmənnasız olaraq əlavə məşğul olardılar. İnsanlarda gələcəyə inam və sayğı varıydı. Bizim məktəbi Xudu Məmmədov, Ədilə Namazova, Cahid Quliyev, Cəmil Quliyev, Teymur Hacıyev, Şakir Kərimov kimi şəxsiyyətlər bitirmişdi…

Məktəbin 100 illiyi ilə bağlı keçirilən tədbirdə kimləri görmədim. Təəsüf ki, o insanların bir çoxu indi dünyada deyillər…

Həmin dövrdə oxuyanlar arasında daha çox diqqətimi Şahnəzər Hüseynov çəkmişdi. Çox savadlı oğlan idi. Sonradan yaxşı filosof oldu. O, Yusifcanlı kəndindən idi, Novruzlu kənd məktəbini bitirmişdi. Yaxşı savadlı fəlsəfə professoru oldu, Konservatoriyada çalışırdı. Moskvada aspiranturanı bitirmişdi. Onların ailəsini yaxşı tanıyırdım. Poeziya qəlbi vardı…

Xatirələri Rafiq müəllimi çox uzaqlara aparası olur. Bir anlıq özünü Ağdamdakı kimi hiss edir.

Bu arada qızı zəng edib hal əhval tutur…

Özünə qayıdır. Mənə də çay süzüb gətirir. Süfrəsinə onlarca şirniyyat düzür. Və yenidən Ağdama qayıdırıq. Bir abzasla Ağdamı təsvir etməyi xahiş edirəm:

– Ağdamın insanları həmişə çox mərd olublar. Bütövlükdə götürəndə o qorxu hissi dəfn olunmuşdu rayonda. Demək olar ki, yox idi. Stepanakertdən gəlib Ağdamdan keçəndə özünü yığışdırmaq varıydı.

Ağdamın insanları əyilməz, sınmaz idi. O da görünür genetik olaraq Qarabağ xanlarından keçmişdi.

Süni şəkildə yaranan bir deyim var. Bəzən deyirlər bir tərəfdən oxuyan çıxır, bir tərəfdən alim. Mən bunu qəbul edə bilmirəm. Ağdamdan düzdü oxuyanlar da çıxır. Ağdamın əsrarəngiz təbiəti, təmiz havası, saf suyudu bu insanları istedadlı edən. Yuxarıda görün tək bir məktəbdən nə qədər əsl akademik, professor sadaladım. Mən muğamı sevən adamam, doğrudur professeonal deyiləm. Ağdam musiqi məktəbində 5 il oxumuşam…

Bu arada musiqi məktəbinə gedən yolu izah etməyə çalışır.

Lenin prospekti ilə gəlirdin bir nömrəlinin yanına. Sıra mağazaları və yay kinoteatrını keçirdin. Lenin bağının yan tərəfi ilə Musəvi küçəsini keçər keçməz bir mərtəbəli binaya rast gəlmək olardı. Bu binada musiqi məktəbi fəaliyyət göstərirdi. İşğaladək elə ordaca qaldı. Yanında maarif şöbəsi də var idi. Sonralar maarifin binasını uşaq bağçsına verdilər. Yaxşı yadımdadı Cəlal müəllimin geyimi. Lətif müəllimə nədənsə Lentruş deyərdilər. Seyid adında not müəllimi də yenicə gəlmişdi…

Söhbət ondadır ki, azdan çoxdan muğamatdan başı çıxan və sevən adamam. Həyatda elə şeylər var ki, onu gərək cihazla ölçməyəsən, qavrayasan. Bu persepsiya informasiyasıdır, məsələn gözəllik atributunu necə ölçəsən. Mənim üçün muğamda da bir Qarabağlılıq meyarı var. Mən onun adını bilmirəm nədir, amma qavraya bilirəm.

Mən Ağdamı belə tanıyıram. Həm ziyalı, elmli adamları ilə. Həm də sənət beşiyi kimi. Ağdam insanlarında həmişə bir harmoniya olub. İntellekt, ürək, cəsarət. Yenə deyirəm, məni yerlipərəstlikdə günahlandırmayın. Mən gördüklərimi deyirəm…

Allahverdi və Eldar Bağırovgilin evi yaxşı yadımdadır. Onların küçəsi, səhv etmirəmsə, Musəvi küçəsi adlanırdı. Bacıları Svetlana və Solmaz mənimlə oxuyub. Allahverdi, Eldar bizdən aşağı sinifdə oxuyurdular. Ataları Teymur kişi qəssab idi…

Bizim məktəb bazara yaxın idi. Məktəbimizi şəhərin digər məktəblərindən fərqləndirən cəhət bizdə oxuyan uşaqlarda dəliqanlılıq əhval-ruhiyyəsinin çox olması idi.

Bu arada həmsöhbətim maraqlı bir hadisəni danışır:

Bir nömrəlini yaxşı bitirənlərdən biri də 50-ci ilin ortalarında Elman İbrahimov olub. Ən istedadlı uşaqlardan idi. O vaxtı institutlarda pul söhbəti yox idi. Ən yaxşı institut da Azərbaycan Sənaye İnstitutu sayılırdı. Ora daxil olub oxumaq çox çətin idi. Elman ora daxil olmuşdu. Əlaçı idi. O tənəffüs vaxtı dəhlizdə qaçarkən bir uşaqla toqquşur. Tələbədə rus olur. Uşaq deyir ki, “vıydim poqovarim”.

Ağdamlıya da belə söz demək olardı. O uşağın damarın kəsmişdi. Onu həbs etdilər. Getdi cəzasını çəkdi gəldi, sonra yenidən oxudu. Hətta müdafiə də elədi, elmi iş yazdı. Mən eşitdiyimə görə Elman İbrahimov sağdır. Atası o vaxtlar hansısa idarənin müdiri işləyirdi.

– Hec bazardan danışmadıq. Nəzərə alsaq ki, bazar bir nomrəlinin yanında idi, yəqin nəyəsə yaddaşınızda qalmış olar?

– Yadımdadır. Bizim bir ədəbiyyat müəllimimiz vardı. Ağdamın fəxri idi. Karrar Mikayılov, professor Nadir, Tofiq Mikayılovların atası. O bizə inşa verərdi. 9-da -10-da oxuyanda. Bizdə gedib “Azərbaycan” jurnalını götürərdik, ya da başqasını. Əsər haqqında tənqidçilərin yazdıqlarından əməllicə istifadə edib, səki inşa yazardıq. Karrar müəllim də o saat tutardı. Deyərdi ki, – ay uşaqlar sizin yazdığınız inşa bilirisiniz nəyə bənzəyir? Elə bilin ki, bazardan bal, qaymaq almısınız, bankaya qoymusunuz, lahıclardan da çörək alib üstən sürtmüsünüz. Bax sizin yazdığınız inşa belə bir şeydi. Belə bənzətmələrlə başa salırdı ki, mənbələri özünüz oxumalısınız…

Başqa rayonlardan çox gəlirdilər bazara. Bazara iki yol vardı. Bir nömrəli məktəb tərəfdən daxil olanda, birinci yadımda qalan odur ki, orda bir çəkmə dükanı vardı. İçəridə qəssabların dükanı gəlirdi.

Sonra sol tərəfdə çəkmə silənlər oturardı. Bir də yanında da xaç çəkənlər oturardı. Onlar qumar oynayanlardır. Aldatmaqla məşğul olardılar. Bazara nabələd olanları dərhal “tora” salırdılar. O tərəfə bir az getsən, ayaqqabı tikənlər idi. Mən də yayda gedib ayaqqabı tikməyi öyrənərdim.

Sola dönəndə iki yol ayrılırdı. Bir yol meyvə satılan yerə aparırdı. O biri tərəfə gedən də mağazalara. Geyim paltarları satırdılar. Amma bu biri tərəf yadımda qalan 4-5 sıraydı deyəsən. Orada müxtəlif şeylər satırdılar. Orda lap dibdə zəncəfil, iynə, qısası xırdavat satılardı. Axıra çatanda isə ayrı-ayrı kolxozların mağazaları varıydı. Kolxoz mağazalarında ucuzluq idi. Bazardan çıxanda isə lavaş, çörək, qaymaq satardılar. Bir də yadımda qalan yumurta döyüşmək idi…

Bazardan çıxandan sonra qalayçılar, at nallayanlar gələrdi…

Yadımda qalan təxminən bunlardır…

Ağdama son səfərlərindən biri barəsində də danışdıq:

– Ağdama rəhmətlik Famil Mehdi ilə getmişdik, Qatır Məmmədin batalyonuna. Qabaqca onun oğlunun yasına gedəsi olduq. Batalyonda rəhmətlik Baxşeyiş qarışıq hardası 40-45 nəfər var idi. O, 45 nəfərin içində indi bircə sağ qalan mənəm…

Mən o hadisələrin içində olmuşam. O dövrdə vəziyyətin nə yerdə olduğunu gözəl anlayıram. Bu gün Ağdamın mərkəzində və Uzundərədəki qəbirsanlıqda 5 mindən çox lləyaqətli oğlanlar yatır. Ağdamda cəsarət də, ürək də, intellekt də olub və bu gün də var…

Sonda söhbəti əziz dostum, böyük sairimiz Ramiz Rövşənin dəyərli yazarımız Vahid Qazinin ( o da bir nömərəlinin məzunudur) “Ruhlar şəhəri” kitabına yazdığı ön sözdəki ifadə ilə yekunlaşdırmaq istəyirəm: ”Məncə, Qarabağda da ağdamlı olmaq vəzifə kimi bir şey idi”. Mənim fikrimcə ağdamlılıq bu gün hər vəzifədən üstün olmalıdır.

Beləcə daha bir ağdamlıyla söhbətə yekun vururuq…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO