Vikipediyaçılar Azərbaycan dilli Vikipediyanın inkişaf etdirilməsi ilə bağlı müraciət hazırlayıb.
Modern.az müraciəti təqdim edir:
Müasir dövrdə yeni informasiya texnologiyaları, internet sürətlə dəyişən, inkişaf edən dünyanın ayrılmaz bir hissəsinə, bu inkişafın təkanverici qüvvəsinə çevrilib. Çox sevindirici haldır ki, 5-6 il bundan əvvəllə müqayisədə Azərbaycanda da bu sahədə xeyli irəliləyişlər müşahidə olunur. Bunun məntiqi nəticəsi kimi Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli Sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Bu gün internet məkanında Azərbaycan dilində çoxlu sayda informasiya və xəbər saytları, forumlar, bloqlar fəaliyyət göstərir. Sosial şəbəkələrdə azərbaycanlılar, xüsusilə gənclər kifayət qədər fəal görünür. Bununla belə internet təkcə xəbər saytlarından, forum və bloqlardan ibarət deyil. İnternetin həm də bir maarifləndirmək funksiyası var. Çox təəssüflə qeyd etməliyik ki, bu gün Azərbaycandilli internet məkanında bu funksiyanı yerinə yetirən saytların sayı barmaqla sayıla biləcək qədər azdır.
Hazırda 285 dildə fəaliyyət göstərən Vikipediya saytlarının da məqsədi məhz bu funksiyanı yerinə yetirməkdən ibarətdir. Vikipediya şəbəkəsinin bir qolu olan Azərbaycandilli vikipediya 2004-cü ildən az.wikipedia.org ünvanında fəaliyyətə başlayıb. Vikipediya bir onlayn ensiklopediyadır. Yəni buradakı məqalələr sırf ensiklopedik xarakter daşıyır və heç bir halda onlarda reklama, təbliğata yol verilmir. Vikipediyada məşhur şəxslərin həyat və yaradıcılığı haqqında bioqrafik məlumatlar yerləşdirilir, tarixi hadisələr, tarixi-mədəni abidələr, incəsənət əsərləri, müxtəlif elmlər və onların obyektləRi, predmetləri və s. barəsində zəngin məlumatlar toplanılır. Yəni, dəyərli hər bir şey, tanınmış hər bir kəs Vikipediya məqaləsinin mövzusu ola bilər. Vikipediyanın üstünlüklərindən biri də onun istənilən internet istifadəçisi tərəfindən redaktə edilə bilmə imkanının olmasındadır. Məsələn, əgər kitab şəklində tərtib olunan ensiklopediyadakı hansısa məlumat kitab nəşr olunandan hətta 1 gün sonra belə artıq köhnəlmiş məlumat ola bilərsə, Vikipediyada bu baş vermir. Redaktə olunma imkanı Vikipediyadakı məlumatların daim yenilənməsinə şərait yaradır. Edilən redaktələr, əlavə və düzəlişlər Vikipediyanın təcrübəli istifadəçiləri, idarəçiləri tərəfindən yoxlanılır.
Vikipediyanın bir başqa üstünlüyü burada etibarlı mənbələrə üstünlük verilməsidir. Bəzən məqaləyə yerləşdirilən hər hansısa bir cümlənin, hətta bir sözün belə həqiqəti əks etdirdiyinin sübutu kimi onlarla mənbəyə istinad olunur. Bu gün faktiki olaraq Azərbaycan dilində olan Vikipediya Azərbaycandilli internetdə ən böyük onlayn ensiklopediyadır və o hər keçən gün daha da zənginləşir və inkişaf edir. Bununla belə bizim fikrimizcə bu inkişafı daha da sürətləndirmək, alınan nəticələri daha qənaətbəxş etmək mümkündür. Bir sadə misal çəkək – Vikipediyanın ingilisdilli bölməsində bu gün 4 milyon 145 min məqalə, almandilli bölməsində 1 milyon 537 min məqalə, rusdilli bölməsində 954 min məqalə toplansa da Azərbaycandilli bölmədəki məqalələrin sayı cəmi 93 minə yaxındır. Təbii ki, bizim ingilisdilli, almandilli vikipediyalarla məqalə sayına, zənginliyinə görə yarışmaq fikrimiz yoxdur. Çünki dünyada bu dillərdə danışan, bu dillərdə yazıb-oxumağı bacaran insanların sayı Azərbaycan dilində yazıb-oxuya bilən insanlardan qat-qat çoxdur. Amma hər halda bütün dünyada 50 milyon insanın öz ana dili hesab etdiyi Azərbaycan dilinin Vikipediyasına da cəmi 95 min məqalə heç yaraşmır. Bu məqalələrin sayı indilik ən azı bundan bir neçə dəfə çox olmalı idi.
Bizim ictimaiyyətə müraciət etməyimizin ən başlıca səbəbi də elə diqqəti bu istiqamətə yönəltməkdən ibarətdir. Bu gün Azərbaycandilli Vikipediya məqalə sayına görə 285 dildə olan Vikipediya bölmələri arasında 45-ci sıradadır. Türkdilli Vikipediyalardan Türkiyə türkcəsində olan Vikipediya 210 min məqalə ilə 25-ci, qazaxdilli Vikipediya isə 205 min məqalə ilə 26-cı yerdədir. Azərbaycan dilində danışan insanların sayını nəzərə alsaq bizim Vikipediya da hazırda ən azından ilk 25-likdə yer almalı idi. Amma çox təəssüflər olsun, bizim Vikipediyada qeydiyyatdan keçən istifadəçilərin sayı bu gün 53 minə yaxınlaşsa da ay ərzində redaktələr edən, məqalələri zənginləşdirən istifadəçilərin sayı 500-ü keçmir və bu 500 istifadəçidən də cəmi 20-30-u fəal surətdə Vikipediyada fəaliyyət göstərir. Əslində, Vikipediyanın inkişaf etdirilməsinin yolu çox sadədir. Məsələn, bir sıra ölkələrdə öz dillərində olan Vikipediyaların inkişafı üçün kitab şəklində dərc olunan ensiklopediyalara müəllif hüquqları məhdudiyyəti qoyulmur və onlardakı məlumatları çox asanlıqla Vikipediyaya yerləşdirmək olur. Üstəlik, bir neçə ildən sonra həmin kitablardakı məlumatların bir qismi artıq köhnəlsə də Vikipediyadakı məqalələr yeni əlavə və düzəlişlər hesabına özündə daha dolğun və daha yeni informasiya daşıyır. Amma Azərbaycanda işıq üzü görən ensiklopedik məlumat toplularının əksəriyyəti müəllif hüquqları ilə qorunur. Vikipediyada isə müəllif hüquqları ilə qorunan heç bir məlumat, şəkil yerləşdirmək olmaz. Bu Vikipediya prinsiplərinə ziddir. Bizim geniş ictimaiyyətə müraciət etməyimizdə əsas məqsədimiz Azərbaycanın elm ocaqlarından, təhsil müəssisələrindən, eləcə də sadə internet istifadəçilərindən Vikipediyanın zənginləşdirilməsi istiqamətində bizə yardımçı olmalarını istəməyimizdir. Müəlliflik hüquqları ilə qorunmayan hansısa ensiklopedik məlumat, hətta bu məlumat 3-5 cümlədən ibarət olsa belə Vikipediyanın inkişafına töhfə sayıla bilər.
Belə bir zəngin onlayn ensiklopedik məlumat bazasının mövcudluğu internetdə Azərbaycan dilində maarifçilik işinin aparılması istiqamətində irəliyə doğru atılmış iri addımdır. Zaman keçdikcə Vikipediyanın Azərbaycan dilində əvəzsiz bir ensiklopedik baza olacağına şübhə yoxdur.
Gəlin bu ensiklopediyanı birlikdə yazaq!
Hörmətlə:
1. Rövşən Ramizoğlu — Azərbaycan dilində olan Vikipediyanın idarəçisi; filologiya elmləri üzrə fəlsəfə doktoru; Türkiyənin Səlcuq Universitetinin müəllimi. e-mail: [email protected]
2. Tərxan Paşazadə — Azərbaycan dilində olan Vikipediyanın idarəçisi; 2-ci dərəcə dövlət qulluqçusu; Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Maliyyə-təsərrüfat şöbəsinin məsləhətçisi. e-mail: [email protected]
3. Nihat Vəlizadə — Azərbaycan dilində olan Vikipediyanın idarəçisi; Azərbaycan Universitetinin II kurs tələbəsi. e-mail: [email protected]
4. Əli İsmayılov — Vikipediyanın istifadəçisi; Bonn Universitetinin magistr tələbəsi. e-mail: [email protected]
5. Emin Allahverdi — Vikipediyanın istifadəçisi; Azərbaycan Dövlət Neft Akademiyasının I kurs tələbəsi. e-mail: [email protected]
6. Babək Abbaszadə — Vikipediyanın istifadəçisi; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi. e-mail: [email protected]
7. Araz Yaquboğlu — Vikipediyanın istifadəçisi; dizayner, tədqiqatçı, şair; “Qızıl qələm” mükafatı laureatı. e-mail: [email protected]
8. Rəşad Mehbaliyev — Vikipediyanın aktiv istifadəçisi; Macarıstan-Azərbaycan Gənclər Birliyinin İdarə Heyətinin üzvü. e-mail: [email protected]
9. Cavidan Ağayev — Vikipediyanın aktiv istifadəçisi; İstanbul Universitetinin I kurs tələbəsi. e-mail: [email protected]
10. Aqşin Söhraboğlu — Vikipediyanın istifadəçisi; Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsi. e-mail: [email protected]
11. Fuad Hüseynov — Vikipediyanın istifadəçisi; Bakı Dövlət Universitetinin I kurs tələbəsi. e-mail: [email protected]
12. Vüqar Məmmədov — Vikipediyanın keçmiş idarəçisi. e-mail: [email protected]
13. Ramil Cəbrayıl — Vikipediya istifadəçisi; hüquqşünas. e-mail: [email protected]