VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub

Sentyabrın 27-da Bakı İdman Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.

Açılışda çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda keçirilən builki kitab sərgi-yarmarkasına böyük marağın olduğunu deyib. Bildirib ki, Azərbaycan xalqının mənəvi dünyasında kitab həmişə özünəməxsus dəyərli yer tutur: “Avesta”dan, “Kitabi-Dədə Qorqud” dastanından başlayaraq xalqımız öz ədəbiyyatına və mədəniyyətinə böyük diqqətlə yanaşıb. Biz böyük ədiblərimizin adı ilə həmişə fəxr etmişik. Onların yazdığı dəyərli bədii nümunələri əsrlərlə nəsildən-nəslə ötürərək bu günümüzə gətirib çatdırmışıq. Bu ədəbi nümunələr incəsənətin bütün sahələrinə sirayət edib. Bu əsərlər əsasında musiqilər yazılıb, tamaşalar səhnəyə qoyulub, rəsm əsərləri yaradılıb, filmlər çəkilib. Məqsədimiz ondan ibarətdir ki, xalqımızın kitaba sevgi ənənəsini qoruyaq, daha da inkişaf etdirək, gənclərimizə ötürək. Müasir texnoloji inqilablara baxmayaraq, kitaba sevgini yaşatmalıyıq. Kitab keçmişdə də olub, bu gün də var və gələcəkdə də olacaq. Çünki kitablar insan zəkasını zənginləşdirən xəzinədir”.

Əbülfəs Qarayev son illər ölkəmizdə poliqrafiya sənətinin inkişafından söz açaraq bildirib ki, Azərbaycan hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur və kitablarımız ən yüksək mükafatlara layiq görülür: “Sevindirici haldır ki, bu il Moskvada keçirilən MDB-nin “Kitab sənəti” beynəlxalq müsabiqəsində Nizami Gəncəvinin “Xosrov və Şirin” kitabı Qran-Pri mükafatını qazanıb. Həmçinin müxtəlif nominasiyalar üzrə müsabiqələrdə iştirak edən daha bir neçə kitabımız da mükafat və diplomlara layiq görülüb. Beynəlxalq kitab sərgilərinə təqdim olunan məhsullar arasında həm dövlət, həm özəl nəşriyyatların, eləcə də Heydər Əliyev Fondunun nəşrləri yer alır. Fondun bir sıra kitabları nəşriyyat işinin ən yaxşı nümunələri sırasındadır”.

Nazir qeyd edib ki, Azərbaycan dövləti nəşriyyat-poliqrafiya sahəsinin inkişafına qayğı göstərir: “Əsas məqsəd kitab nəşri sahəsində ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə nail olmaq, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərin icrasını vaxtında təmin etmək, gənc nəslin kitaba maraq və sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir. Bu istiqamətdə görülən işlər Prezident İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi və dünya ədəbiyyatının Azərbaycan dilində çap edilməsi haqqında imzaladığı müvafiq sərəncamlara uyğun olaraq gerçəkləşdirilir”.

Son illər Azərbaycanda beynəlxalq tədbirlərin mütəmadi olaraq keçirilməsini yüksək qiymətləndirən Əbülfəs Qarayev belə tədbirlərin dünya ictimaiyyəti tərəfindən də rəğbətlə qarşılandığını qeyd edib. Bildirib ki, bu günlərdə davam edən XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, sentyabrın 28-dən oktyabrın 1-dək təşkil olunacaq Nəsimi festivalı və digər tədbirlər ölkəmizin həyatında mühüm mədəni hadisə kimi yaddaşlara yazılacaq. Bu mühüm mədəniyyət təbirləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın davamlı diqqət və qayğısı nəticəsində reallaşdırılır.

Vurğulayıb ki, sərgi-yarmarka zamanı 3 gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləyəcək və kitablarının satışını həyata keçirəcəklər. Eyni zamanda, sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər təşkil olunacaq.

Poliqrafiya müəssisələrinin öz məhsulları ilə təmsil olunmasını diqqətə çatdıran nazir üç gün davam edəcək sərgi çərçivəsində bir sıra kitab təqdimatlarının, dəyirmi masaların, müzakirələrin aparılacağını bildirib.

Sərgi ilə bağlı təəssüratlarını bölüşən Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Baş Nazirin müavini belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə keçirilir.

Gələcəkdə bu yöndə daha da böyük işlər görüləcəyinə əminliyini ifadə edən Əli Əhmədov bildirib ki, iştirakçılar builki yarmarkada da sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər.

“Bu sərgi-yarmarka hər şeydən əvvəl Azərbaycanda kitabın təbliğatı üçün həyata keçirilən əzəmətli bir təşəbbüsdür. Kitab bilik, mədəniyyət, cəmiyyətin inkişafı deməkdir. Bütövlükdə cəmiyyətin mədəni, intellektual, iqtisadi inkişafı öz başlanğıcını kitablardan götürür. Azərbaycanda qədimdən elmə, biliyə böyük önəm verilib. Bu həvəsin həyata keçirilməsində kitab misilsiz rol oynayıb. Bu gün Azərbaycan böyük intellektual sərvəti olan bir ölkədir. Biz bu günümüzü və gələcəyimizi də bu sərvətdən ayrıca təsəvvür etmirik. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, insan kapitalının inkişafı Azərbaycanın yüksəlişinin, tərəqqisinin əsas bünövrəsidir. Sevindirici haldır ki, Azərbaycanda həmişə kitaba hörmət və məhəbbətlə yanaşılıb. Güman edirəm ki, bu sərginin altıncı dəfə keçirilməsi də kitaba olan məhəbbətin ifadəsidir. Gənclərimiz mütaliə etməklə zəngin biliklər əldə edəcəklər, intellektual, mədəni səviyyələri yüksələcək və gələcəkdə ölkəmizin inkişafı naminə xidmətlər göstərmək qüdrətində olan layiqli vətəndaşlara çevriləcəklər. Gənc nəslin kitaba, biliklərə məhəbbətini daha da gücləndirməklə cəmiyyətimizi daim irəli apara biləcəyik. Bu mənada Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi layihələr böyük rol oynayır. Bu layihələrdə iştirak etməklə böyüyən nəslə kitaba və kitab vasitəsilə biliklərə, mədəniyyətə, dərin mənəviyyata, əxlaqa möhkəm hörmət və ehtiram sərgiləmiş olacağıq”, – deyə Baş Nazirin müavini vurğulayıb.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

“Təhsil”, “Şərq-Qərb”, “Adiloğlu”, “Yazıçı”, “Əli və Nino”, “Apostrof”, “Letterpress” və digər poliqrafiya müəssisələrinin son çap məhsullarının sərgiləndiyi bu yarmarkada Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də ayrıca stendlə təmsil olunur. AZƏRTAC-ın iştirakçılara təqdim etdiyi nəşrlər sırasında son vaxtlar agentlik tərəfindən buraxılmış “İnformasiya yaradıcılığı, standartlar və yeni yanaşmalar”, “Müasir dünyanın informasiya şəbəkəsində AZƏRTAC-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri”, “Keçid cəmiyyətində demokratiya”, “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu”, “20 Yanvar: tariximizin qanlı və şanlı səhifəsi”, “Dövlət siyasətinin informasiya təminatı”, “Türkdilli agentliklərin Bakı görüşü” və digər kitablar sərginin ziyarətçilərində daha böyük maraq doğurub.

Sərgidə, həmçinin İranlı Mühacirlər Cəmiyyəti öz stendləri ilə çıxış ediblər.

Qeyd edək ki, sərgi sentyabrın 29-dək davam edəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO