Bir müddət əvvəl “Sovetdənqalma” jurnallar: adları nostalji doğurur, vəziyyətləri kədər…” başlığı altında SSRİ dönəmində nəşrə başlayan və bu gündə fəaliyyətlərini davam etdirən “Kirpi”, “Azərbaycan” və “Elm və həyat” jurnallar haqqında məlumat vermişdik
Modern.az olaraq bu həftə Sovet dönəmində müxtəlif vaxtlarda fəaliyyətə başlayan “Ulduz” jurnalı, “Azərbaycan müəllimi” və Ədəbiyyat” qəzetləri, onların hazırkı vəziyyətləri barədə informasiya verməyə çalışacağıq.
Əvvəlcə qeyd edək ki, “Ulduz” jurnalı 1967-ci ilin yanvarında nəşrə başlayıb. Jurnalın ilk nömrələri Yasif Nəsirlinin redaktəsi ilə nəşr olunub. Ancaq ilk rəsmi redaktoru Cabir Novruz olub. Azərbaycan Yazıçılar Birliyinin orqanı olan jurnal dövlət hesabına maliyyələşir və hazırkı baş redaktoru Elçin Hüseyinbəylidir.
Elçin Hüseynbəyli öncə jurnalın yaradılması məqsədindən danışdı.
“1967-ci ildə Ümümittifaq Lenin Kommunist Gənclər İttifaqı Rusiya da daxil olmaqla, SSRİ respublikalarında, o cümlədən Azərbaycanda Gənclər Təşlikatının ədəbi orqanlarının yaranması haqqında qərar qəbul edib. Bu qərara uyğun olaraq “Ulduz” jurnalı nəşrə başlayıb və bu günə kimi də fəaliyyətini davam etdirir”.
Baş redaktorun sözlərinə görə, “Ulduz”un 80 min tirajla çıxdığı vaxtlar da olub, amma bu böyük tirajın hansı tarixdə olduğunu E.Hüseynbəyli xatırlamır. “İndi isə jurnal 500 tirajla çap olunur. “Ulduz” ayda bir dəfə, 96 səhifə həcmində nəşr olunur. Amma ilk vaxtlar jurnalın həcmi 48 səhifə olub. Sonradan 64, daha sonra isə 96 səhifə həcmində çap olunub”.
Jurnalın tirajının belə aşağı olmasının səbəbini soruşduqda E.Hüseyinbəyli “çünki siz jurnal oxumursuz” deyə cavab verdi. O, məndən axırıncı dəfə nə vaxt “Ulduz” jurnalını oxuduğumu soruşduqda oxumadığımı bildirdim və belədə baş redaktor dedi: “Bu da jurnalın tirajının azalmasının səbəbi”.
“Jurnalın ədəbi mühitə təsiri çox ciddidir. Demək olar ki, saytların çoxunda “Ulduz” jurnalını yıxıb-sürüyürlər” deyə həmkarımız bildirdi.
Elçin Hüseynbəylinin sözlərinə görə, “Ulduz” jurnalı bu gün də populyarlığını saxlayıb. “Əgər populyar olmasaydı, bu gün dövlət ona pul ayırmazdı. Jurnalın 13 ştatda işləyən, iki yarımştat işçisi var”.
Sonda baş redaktor jurnalla bağlı yeniliklərin gözlənildiyini də qeyd etdi: “Dövlətimizin və özümüzün ədəbi siyasətimizdə hər bir yeniliklər “Ulduz”un fəaliyyətində öz əksini tapacaq”.
***
“Azərbaycan müəllimi” qəzeti 1934-cü ildən nəşrə başlayıb. Qəzetin hazırkı baş redaktoru Bayram Hüseyinzadədir. Qəzet həftədə bir dəfə – cümə günü nəşr olunur.
“Azərbaycan müəllimi” barədə ətraflı məlumatımız olmadığı üçün qəzetin məktublar şöbəsinin müdiri Ədalət Daşdəmirov öncə onun yaradılmasından və fəaliyyətindən danışdı.
“Qəzetin ilk baş redaktorunun kim olduğu bilinmir. Ümumiyyətlə, 1934-cü ildən 1947-ci ilə qədər müddətdə qəzet rəhbərləri barədə heç bir məlumat yoxdur. 1947-cü ildən isə “Azərbaycan müəllimi” məsul redaktor Rüstəm Nemətovun rəhbərliyi ilə fəaliyyətə başlayıb”.
Ə.Daşdəmirov həmin dövr üçün qəzetin tirajları barədə də məlumat olmadığını bildirdi. “Əvvəllər dərc olunan “Azərbaycan müəllimi”ndə tiraj qeyd olunmayıb. 70-80-ci illərdə isə qəzetin tirajı müxtəlif olub. 1991-ci ildə qəzet 45 min tirajla çapdan çıxıb. Hazırkı tirajı isə 9824 nüsxədir”.
Ədalət Daşdəmirovun sözlərinə görə, qəzet abunə yolu ilə satılır.
““Azərbaycan müəllimi”nin ən çox oxucusu müəllimlərdir və qəzet müəllimlər arasında daha çox populyardır. Redaksiyaya Sovet dövründə olduğu kimi, yenə də şikayətlər daxil olur və qəzetin müxbirləri şikayətlərin üstündə işləyir, məsələni araşdırırlar”.
***
“Ədəbiyyat” qəzeti 1934-cü ilin yanvarın 1-dən nəşrə başlayıb. Qəzetin ilk sayı “Ədəbiyyat qəzetəsi” adı altında A-2 formatda, 4 səhifə həcmində nəşr olunub.
1958-1990-cı illərdə arasında isə qəzet Azərbaycan Yazıçılar və Respublika Mədəniyyət Nazirliyinin orqanı olaraq “Ədəbiyyat və incəsənət” adı ilə həftədə bir dəfə A-2 formatında, 8 səhifə həcmində çap olunub.
“Ədəbiyyat” qəzetinin ilk sayının baş redaktoru – o zaman yazıldığı kimi “məsul redaktoru” – Hacıbaba Nəzərli olub.
Qəzetə müxtəlif vaxtlarda cəmiyyətdə söz sahibi, məşhur insanlar redaktorluq ediblər. Bunlara örnək olaraq Məmmədkazım Ələkbərli, Seyfulla Şamilov, Məmməd Səid Ordubadi, Osman Sarıvəlli, Ənvər Əlibəyli, Süleyman Rüstəm, Cabir Novruzu göstərmək olar.
1996-cı ildən isə “Ədəbiyyat” qəzetinin baş redaktoru, tanınmış şair Ayaz Vəfalıdır.
Qəzet ədəbiyyatın daimi inkişafı,həmçinin ölkədən kənarda lazımınca yayılması və təbliği üçün çoxlu işlər görür. Iki il əvvəl qəzetin rus dilində aylıq nəşri “Mir literaturı”nın “A-3 formatda, 16 səhifə həcmində) işıq üzü görməsi də həmin məqsədə xidmət edir.
“Ədəbiyyat” qəzeti hazırda Azərbaycan Yazıçılar Birliyinin orqanıdır