Bu gün ədəbiyyatımızın ən yanıqlı yeri uşaq ədəbiyyatıdır. Əslində, mən uşaq ədəbiyyatı ilə böyük ədəbiyyatı arasıında ciddi bir fərq görmürəm. Kim deyə bilər ki, Cəlil Məmmədquluzadənin “Saqqalı uşaq” əsəri böyüklər üçündür, uşaqlar üçün yox? Kim deyə bilər ki, Ənvər Məmmədxanlının “Buz heykəl” əsəri uşaqlar üçündür, böyüklər üçün yox? Ədəbiyyat elə ədəbiyyatdır. Sadəcə olaraq pedeqoqlar, dərslik tərtib edənlər pedoqoji tərəfdən bu cür ayırıb və biz də hələlik belə qəbul edirik.
Bu gün uşaq ədəbiyyatının çox ciddi problemləri var.
Birincisi odur ki, Sovetlərin çarxı çevriləndən sonra uşaq ədəbiyyatının və ümumiyyətlə, ədəbiyyatımızın taleyi fırlandı və axırda dolaşıq düşdü. Nəşriyyatlar bağlandı, kitab ticarəti, satış məsələləri öz qüvvəsini itirdi. Ədəbiyyatın qara günləri başladı, o cümlədən uşaq ədəbiyyatının. AYB-də uşaq ədəbiyyatı şöbəsinin müdiri olduğuma görə mən bunu ən çox hiss edənlərdənəm və hər gün mənə müəlliflər yeni çapdan çıxmış 3-4 kitab bağışlayırlar. Sağ olsunlar ki, öz hesablarına çap etdiriblər və balaca oxucularımız üçün kiçik də olsa, bir iş görüblər. Hələlik həmin əsərlərin bədii tərəfini qoyuram bir tərəfə. Bu barədə sonra.
Kitabı açıram, tirajına baxıram və kədərlənirəm, tiraj olduqca az. Hətta müəllif də mənə baxıb utanır. Ən dəhşətli orasındadır ki, bu kitab Bakıdan o tərəfə çıxmır. Bəlkə də onun dövriyyəsi çap oldunduğu nəşriyyatın elə yüz metrliyi qədərdir.
Axı müəllif kitablarını balaca oxuculara necə çatdırsın? Kitab ticarəti yox, kitab biznesi yox və s. Üstəlik uşaq kitablarını baxçalara və orta məktəblərə ayaq açmağına “stop” qoyublar, necə deyərlər, yoluna yaşıl işıq yandırmaq əvəzinə, qırmızı işıq yandırıblar və özü də möhkəm yandırıblar. Qırmızı işığın yandırılmasına səbəb kimi deyirlər ki, bu işığın “knofkası” Təhsil Nazirliyinin əlindədi. Hələlik onlar da knofkanı basmır.
Burda haqlı bir məqam ortaya çıxır, bəs uşaqlara aid olmayan qalın-qalın, üstü şəkilli şeir və roman kitabları şagird partalarına və çantalarına hardan gedib çıxır? Necə ola bilər ki, şou-biznes nümayəndələrinin uşaq əxlaqına aid olmayan konsertlərinə biletlər çox asanlıqla satılır, amma az sayda olan uşaq dərgiləri məktəblərə buraxılmır.
Görəsən, bu qırmızı və ya yaşıl işıqları yandıran kimlərdir? Başqa bir məsələ. Orta məktəblərin ibtidai siniflərində uşaq şair və yazıçıları ilə niyə balaca oxucuların görüşü keçirilmir? Heç olmasa uşaqlar adını dərsliklərdən (əgər varsa!) eşitdiyi şairlərin canlı səsini eşidə bilərlər. Uşaq ədəbiyyatına marağın yaradılması üçün bu əsas vasitələrdən biri deyilmi? Buna da “qırmızı işığı” məktəb direktorları yandırırlar. Çünki bu məsələ onların qətiyyən eyninə deyil. Sual yarana bilər ki, uşaq yazıçıları bu təşəbbüsdə bəlkə bulunmayıblar. Yox əziz dostlar, yazıçılarımız hələ də bu “qırmızı işığı” keçə bilməyiblər. Vaxtı ilə iki yüz min tirajla çıxan “Göyərçin” jurnalı indi min-bir əziyyətlə özü də100 dənə çıxır, o da uşaqların üzünə həsrət qalmaqdan saralıb-solub. Görəsən, ibtidai siniflərin müəllimləri bilirlərmi ki, bu gün Azərbaycanda hansı uşaq jurnalı çıxır? Dəfələrlə soruşmuşam, təəssüflər olsun ki, bilməyiblər. Bəziləri isə deyirlər ki, Sovet vaxtı “Göyərçin” jurnalı çıxırdı, indi bilmirəm, deyəsən, indi çıxmır. Görürsünüzmü, xəbəri yoxdur. Əgər müəllimin bu məsələdən xəbəri yoxdursa şagirdin hardan xəbəri olacaq?
Başqa dəhşətli bir fakt. Biz gələcək oxucularımızı itiririk və bəlkə də artıq itirmişik. Əgər bu gün Kukla Teatrının tamaşaçısı yoxdursa, sabah Akademik Dövlət Dram Teatrının tamaşaçısı olmayacaq, əgər bu gün “Göyərçin” jurnalının, uşaq kitablarının oxucusu yoxdursa, sabah “Azərbaycan” jurnalının, “Ulduz”, “Alatoran” jurnallarının, “525-ci qəzet”, “Kaspi”, “Ədalət”, Modern.az, “kultaz.com” , “Lent.az” və başqa ədəbi-bədii, ictimai-siyasi saytların oxucusu olmayacaq. Görəsən, papağını qabağına qoyub bunu fikirləşən yoxdurmu? Biz gələcək oxucuları necə yetişdiririk -hər şey göz qabağındadır.
Bu gün haqlı olaraq deyirlər kitab oxuyan yoxdur. Bütün bunların əsas diaqnozu yuxarıda göstərdiyim məsələlərdən başlayıb. Və şübhəsiz ki, bu problem yaxın onilliklərdə də bizi tərk etməyəcək. Nə qədər ki, biz uşaq ədəbiyyatını “uşaq” yerinə qoyuruq, başımıza bəlalar hələ çox gələcək.