Qarabağsız böyüyən gəncliyin stolüstü kitabı
Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Qarabağdakı turizm potensialının araşdırılmasına yönəlmiş təklifi və bu təklifə nəzərən Söz Azadlığını Müdafiə Fondu (SAMF) kollektivinin “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsini Şuraya təqdim etməsi və müsbət cavab alması Qarabağ həqiqətlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılması və bəyan olunmasına daha bir fürsət verdi.
Böyük həvəslə layihənin icrasına başlayan SAMF üç aylıq bir müddətdən maksimum yararlanmağa çalışdı. Dəqiq məlumatların və faktların toplanması üçün əlaqə saxlanılan instansiyaların əksəriyyəti niyyətimizin xoş məramını anladıqlarından əllərindən gələn köməyi əsirgəmədilər.
Müəyyən çətinliklərə baxmayaraq, Şuşa və Ağdamın tarixi və bu rayonların turizm potensialı barədə xeyli məlumatlar əldə edə bildik. Onların böyük qismi ilə bu kitabda tanış olacaqsınız. Əlavə təkliflər, yeni məlumatlar olacağı təqdirdə onları da layihənin davamı kimi qəbul edəcəyik. Bu, bizim üçün şərəf işi, xalqımız və dövlətimiz qarşısında müqəddəs hesab etdiyimiz vəzifələrdəndir. İstiqamətindən, mövzusundan asılı olmayaraq Qarabağdan nə qədər çox deyib-yazsaq, araşdırmalar aparsaq, bir o qədər müştərək işimizin, ümumi problemimizin həllinə xeyir vermiş olarıq.
Kitabda toplanan fakt və rəqəmlərə gəlincə, şübhəsiz ki, Qarabağın işğalının, düşmən tapdağında qalmasının mənəvi baxımdan miqyasını heç bir rəqəmlə ifadə etmək mümkün deyil. Kitaba daxil olunmuş, mütəxəssis hesablamalarına söykənən maddi itkilərin ölçüsü isə təxminən 2 milyard manata yaxındır. Təsəvvür edin ki, bu, hələ turizmin inkişafına bir elə diqqət yetirilməyən, siyasi baxımdan qapalı quruluşa malik SSRİ dönəmində orada mövcud olmuş turist-sanatoriya obyektlərinin gəlirləri əsasında ortaya çıxarılan rəqəmlərdir. Əgər bunu müstəqillik dövrü və beynəlxalq turizmin indiki səviyyəsi, eləcə də yeni dünya düzənindəki demokratik idarəçilik baxımından qazanmış və hesablamış olsaydıq, bu rəqəm o zamankından qat-qat böyük olardı. Oradan gələn gəlirləri isə ölkənin sosial-iqtisadi durumunun, infrastruktur layihələrin inkişafına yönəltmək imkanı əldə edərdik.
Belə layihələrin gerçəkləşdirilməsi həm də Qarabağımız haqqında yetərli məlumatı olmayan gənc nəsil üçün vacibdir. Qarabağsız böyüyən həmin nəsil bu torpaqların tarixi və indiki əhəmiyyəti barədə dolğun və zəngin məlumatlardan da kənarda qalsa, sonradan tarixi yaddaşımızın bərpasında ciddi çətinliklərlə üzləşəcəyik. Ona görə də bütün nəşrlərdə, o cümlədən əlinizdəki kitabda cəmlənmiş məlumatları gənc nəslin oxuyub mənimsəməsini daha çox arzulayırıq.
Musa Yaqub
şair, SAMF-ın sədri