Oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondunun, Türkiyənin Ərciyəz Universitetinin və Talas Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Müasir dünyada dialoq” mövzusunda konfrans keçirilib, Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi–şöbə müdiri Əli Həsənov tədbirlərdə iştirak edib.
Ərciyəz Universitetində Azərbaycan, Türkiyə və Rusiya deputatlarının, bu ali təhsil ocağının professor-müəllim heyətinin, tələbələrinin, QHT və KİV təmsilçilərinin iştirakı ilə keçirilən konfransdan əvvəl universitetin tarixini əks etdirən fotosərgi ilə tanışlıq olub.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Ərciyəz Universitetinin rektoru, professor Mustafa Çalış rəhbərlik etdiyi təhsil ocağı ilə bağlı məlumat verib.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim təşkil olunan konfransın əhəmiyyətini yüksək dəyərləndirərək qeyd edib ki, müasir dünyada dialoq çağırışı etmək sülh və sabitlik siyasətinin tərənnümüdür.
“Vətən” qəzetinin guşə yazarı Kürşad Zorlu müasir dövrdə dialoqun əhəmiyyətindən danışıb. Mehriban dostluq və səmimi qonşuluq siyasətinin böyük önəm daşıdığını qeyd edən jurnalist ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan tədqiqatçı təcavüzkar dövlətin işğalçılıq siyasətini təkcə Azərbaycan üçün deyil, bütün sülhsevər ictimaiyyət üçün təhlükə adlandırıb. O bildirib ki, əgər dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə nail olmasa bu problem region üçün təhlükə mənbəyi kimi davam edəcək.
Rusiya Federasiyası Dövlət Dumasının deputatları İrina Rodnina, Dmitri Savelyev, Oksana Puşkina və Dumanın məsul əməkdaşı Ramin Qasımov mövzu ətrafında fikir və mülahizələrini bölüşüblər.
Dmitri Savelyev qeyd edib ki, Rusiya Azərbaycan, Türkiyə və İranla səmimi münasibətləri, çoxistiqamətli əməkdaşlıq siyasətini davam etdirməkdədir. Bu siyasətin daha faydalı nəticələr verməsi üçün Azərbaycan, Türkiyə, Rusiya və İran arasında dördtərəfli formatda əməkdaşlığın qurulması mühüm əhəmiyyət daşıyır.
Digər deputatlar Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərini inkişaf etdirmək üçün belə tədbirlərin böyük təsirə malik olduğunu söyləyiblər.
Ramin Qasımov diqqətə çatdırıb ki, Azərbaycan, Türkiyə və Rusiya millət vəkillərinin iştirakı ilə belə bir konfransın təşkil olunması böyük əhəmiyyət daşıyır. Bu cür görüşlər qarşılıqlı faydalı əlaqələrin əsasını təşkil edir.
İkitərəfli əməkdaşlıq əlaqələrinin dördtərəfli platformaya keçirilməsi ideyasının yüksək əhəmiyyət daşıdığını qeyd edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım əminliklə bildirib ki, belə bir təşəbbüs bütün tərəflərin maraqlarını əks etdirir. Çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə geniş yer ayıran Şamil Ayrım Ermənistanın beynəlxalq hüququn normalarına məhəl qoymadan Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlamasını sülhsevər dünya ictimaiyyətinə qarşı həqarət kimi dəyərləndirib. Türkiyəli deputat bildirib ki, əgər təcavüzkar Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsəydi, Türkiyəyə qarşı əsassız iddialarda olmasaydı, nəhayət, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, digər beynəlxalq təşkilatların tələblərinə əməl etsəydi Azərbaycanın və Türkiyənin liderliyi ilə həyata keçirilən layihələrdən kənarda qalmazdı.
Çıxışlarda səsləndirilən fikirləri sülh və inkişaf çağırışı kimi dəyərləndirən Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə sülh, tərəqqi və inkişaf siyasəti yürüdür. Azərbaycan bütün dövlətlərlə mehriban münasibətdə olmaqda maraqlıdır. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq və ərazi bütövlüyünə qarşı deyilik. Eyni zamanda, bütün ölkələrdən də ərazi bütövlüyümüzə hörmətlə yanaşılmasını və daxili işlərimizə qarışılmamasını istəyirik. Azərbaycanın həyata keçirdiyi bütün iqtisadi layihələr region ölkələrinin kompleks inkişafı üçün düşünülüb. Azərbaycanın həyata keçirdiyi üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarının real nəticələri var.
Əli Həsənov təəssüf hissi ilə bildirib ki, təcavüzkar Ermənistan dövləti Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Bu siyasət zərərli və təhlükəlidir.
Ərciyəz Universitetinin məzunu Nəcəf Qəmbərov təhsil aldığı ali məktəbdə belə bir konfransın keçirilməsinin önəmli olduğunu qeyd edib.
x x x
Həmin gün Kayseri şəhərinin Talas bələdiyyəsi ərazisində Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib.
Əvvəlcə ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, eləcə də Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Xocalı soyqırımını bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirən Talas Rayon Bələdiyyəsinin sədri Mustafa Palancıoğlu bu faciəni törədənlərin beynəlxalq ədalət məhkəməsi tərəfindən mühakimə olunmasının vacibliyindən danışıb. Bələdiyyə sədri qeyd edib ki, bütün Türkiyə xalqı Xocalı soyqırımını öz dərdi kimi yaşayır. Bu parkda Xocalı şəhidlərinin hər birinin xatirəsinə ehtiram əlaməti olaraq 613 ağac əkilib.
Sonra çıxış edən Ramin Qasımov Xocalı parkının və abidəsinin açılışında Rusiyanı təmsil edən geniş heyətin iştirakının önəmini bildirib. O vurğulayıb ki, Xocalı şəhərində beynəlxalq hüququn qadağan etdiyi faşist əməlləri törədilib. Bu gün biz Rusiya nümayəndə heyəti olaraq burada iştirak edir və bu qətliam barədə həqiqətləri bütün dünyaya çatdırmaq istəyirik. Biz bu faciəni heç vaxt unutmayacağıq. Bu dəhşətli faciəni yaşayan şahidlərin danışdıqlarını eşidənlər göz yaşlarını saxlaya bilmirlər. Əminik ki, bu qətliamı törədənlər gec-tez öz cəzalarını alacaqlar.
Dmitri Savelyev çıxışında bildirib ki, 26 il əvvəl Xocalıda dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımıdır. Bunu törədənlər isə indiyədək cəzalarını almayıblar. Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr öz dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün onlar təbliğat işlərinə qoşulmalıdırlar.
Xocalı soyqırımını təkcə Azərbaycanın yox, bütün insanlığın faciəsi kimi dəyərləndirən Şamil Ayrım bildirib ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməli, işğal altındakı Azərbaycan torpaqlarını geri qaytarmalıdır. O deyib ki, bu gün Türkiyə xalqı Xocalı soyqırımı acısı ilə yaşayır. Hər kəs bu soyqırımı barədə məlumatlandırılmalıdır. Videolar, fotolar, şahidlər var, amma dünyanın böyük bir hissəsi yenə də susur. Xocalı soyqırımını bütün dövlətlər tanımalıdır.
Milli Məclisin deputatı Elman Məmmədov 1992-ci fevralın 25-dən 26-na keçən gecə şahidi olduğu soyqırımı barədə dəhşətləri tədbir iştirakçıları ilə bölüşüb. O deyib ki, həmin gecə ermənilər qocalara və qadınlara, uşaqlara rəhm etməyiblər. Bu soyqırımını təcavüzkar Ermənistan dövləti və erməni terror təşkilatları törədib. Cəsədlər təhqir olunub. Bu cinayəti törədənlər bu gün sərbəst gəzirlər, beynəlxalq tribunlarda onlara söz demək üçün şərait yaradılır.
Ərciyəz Universitetinin məzunu Nəcəf Qəmbərov əmin olduğunu bildirib ki, Dağlıq Qarabağ problemi gec-tez beynəlxalq hüququn normaları əsasında öz həllini tapacaq. Azərbaycan işğal altında olan ərazilərini təcavüzkardan azad edəcək və bir gün Xocalı şəhərində Kayseri parkı salınacaq.
Xocalı parkının salınması və şəhidlərin xatirəsinə abidə ucaldılmasında əməyi olan bütün şəxslərə Azərbaycan dövləti adından təşəkkürünü ifadə edən Prezidentin köməkçisi Əli Həsənov Xocalı soyqırımının dəhşətləri barədə danışıb. Sovetlər İttifaqı dağılandan sonra əhatə dairəsinə və cinayətin metodologiyasına görə ən dəhşətli faciənin Xocalı soyqırımı olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi deyib ki, 26 ildir bu qanlı cinayətin acılarını yaşayırıq. Xocalı soyqırımını törədənlər Ermənistan dövlətinə rəhbərlik ediblər, onlara BMT tribunasında meydan verilib. Biz Xocalı haqqında həqiqətləri dünyaya çatdırmaqla, Xocalı barədə kitablar nəşr etdirməklə, abidələr qoymaqla erməni xalqına qarşı düşmən əhval-ruhiyyəsi aşılamaq istəmirik. Biz erməni xalqının içərisindən çıxmış, uzun müddət hakimiyyətdə olmuş o cinayətkarları dünyaya tanıtdırmaq istəyirik. Bunların törətdiyi əməllərin mahiyyətini dünyaya çatdırmaq istəyirik ki, bir də tarixdə belə qanlı faciələr təkrarlanmasın. Tarix buna qiymət vermədikcə belə halların təkrarlanması mümkün ola bilər. Buna görə də sülhsevər bəşəriyyəti bu faciəyə düzgün qiymət verməyə çağırırıq.
Sabir Şahtaxtı, AZƏRTAC-ın xüsusi müxbiri
Kayseri