Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri parlament seçkilərində səs verib. Bu barədə Trend Türkiyənin TRT Haber telekanalına istinadən məlumat verir.
Bu gün Türkiyədə yerli vaxtla saat 08:00-də parlament seçkiləri başlayıb.
Trend-in Türkiyənin Mərkəzi Seçki Komissiyasına (Yüksek Seçim Kurulu) istinadən verdiyi məlumata əsasən, seçkilərdə səsvermə saat 17:00-da başa çatacaq.
Parlament seçkilərində 20 siyasi partiya iştirak edir. Səsvermədə 53 765 231 seçici iştirak edəcək.
Seçkilərdə əsas mübarizənin hakim Ədalət və inkişaf Partiyası (AKP) ilə Respublika Xalq Partiyası (CHP) arasında gedəcəyi hesab edilir.
Əgər müxalif Xalqların Demokratik Partiyası (HDP) parlamentə keçə bilsə, AKP koalisiya hökuməti yaratmalıdır. Bununla belə, HDP istisna olmaqla bütün siyasi partiyalar AKP ilə koalisiya hökumətinin yaradılmasının əleyhinədir.
AKP-nin daxili nizamnaməsinə əsasən, partiya seçkilərdə qalib gələrsə, hakim partiyanın indiki deputatlarının 70-dən çoxu yeni hökumətin tərkibinə daxil ola bilməz. AKP-nin daxili nizamnaməsinə görə, partiya deputatlarının parlamentə 3 müddətdən artıq seçilmək hüququ yoxdur.
Həmin deputatlar arasında Baş nazirin müavinləri Bülənt Arınç, Bəşir Atalay və Əli Babacan, sabiq ədliyyə naziri Bəkir Bozdağ, partiya sədrinin müavini Hüseyn Çelik, energetika və təbii sərvətlər naziri Taner Yıldız, xarici işlər naziri Mövlud Çavuşoğlu var.
2011-ci ildə Türkiyədə keçirilmiş parlament seçkilərində AKP seçicilərin 46,66 faiz, CHP 20,85 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) isə 14,29 faiz səsini toplamışdı.
FOTO : Anadolu