Xəbər verdiyimiz kimi, Türkiyə Nazirlər Kabineti yanında Mətbuat-Yayım və İnformasiya Baş Müdirliyi və Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən 20-25 dekabr tarixləri arasında Ankarada “Türk Dili Danışan Ölkələr Media Forumu” keçiriləcək.
Forumla bağlı suallarımza Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyinin köməkliyi ilə Türkiyənin Nazirlər Kabineti yanında Mətbuat-Yayım və İnformasiya Baş Müdirliyindən cavab verilib.
– Ankarada keçiriləcək mediaforumun məqsədləri barədə bilgi verməyinizi istərdik.
– Forumun məqsədi Türk dilində danışan ölkələrin media mənsublarının bir araya gəlmələrinə və bir-birləri ilə tanışlıq yaratmaqlarına imkan yaratmaqdır. Eyni zamanda, bundan sonra da onların davamlı şəkildə bir araya gəlmələrini təmin edəcək mexanizmləri formalaşdırıb ortaya qoymaqdır.
– Mediaforumda hansı ölkələrdən və nə qədər sayda iştirakçı olacaq?
– Foruma Türkdilli ölkələrdən – Azərbaycandan 23, Qazaxıstandan 11, Qırğızıstandan 10, Kuzey Kıbrıs Türk Cümhuriyyətindən 11 media nümayəndəsi qatılacaq. Türkmənistan və Özbəkistandan neçə nəfər media işçisinin iştirak edəcəyi isə hələlik qətiləşməyib. Türkiyədən isə çox sayda media nümayəndələrindən başqa mütəxəssislər, məmurlar da forumda iştirak edəcəklər.
– Forumun sonunda hər hansı bir ortaq media qumununun yaradılması gözlənirmi?
– Forumda ortaq media birliyi formalaşdırılması mövzusu gündəmə gətirilə bilər. Bu, düşüncə olaraq var, ancaq bu yöndə dəqiq addımların atılması forumda alınacaq qərarlardan asılıdır.
– Bu media toplantısında Türkiyə dövlət rəhbərliyindən kimlərin iştirakı gözlənir?
– Başda dövlət naziri və baş nazirin müavini Bülent Arınc olmaq üzrə çox sayda siyasətçilərin və yüksək vəzifəli məmurların mediaforumda iştirakı nəzərdə tutulub.
Modern.az