Transxəzər marşrutu: gələcəyə yol

Ənvər Məmmədov
Avqustun 3-ü Çin-Qazaxıstan-Azərbaycan marşrutu üzrə ilk sınaq qatarı Bakıya gəldi. 82 konteyner və 41 platformadan ibarət olan qatar Çinin Şixetszi əyalətindən Transxəzər nəqliyyat marşrutu üzrə Bakının Ələt limanına çatdı.
Bu hadisə Çindən Avropaya alternativ yük daşıması marşrutunun konturlarını ümumi şəkildə təsvir edir. Bu marşrutun əsas marşrut olmaq üçün bütün imkanları var və bu məsələdə Azərbaycana aparıcı rol ayrılıb.
Artıq sentyabrda İstanbula kimi qatarın xəttə buraxılması planlaşdırılır. Daha sonra dəmiryol xətti Çini Böyük Britaniyaya qədər bütün Avropa ilə birləşdirməlidir.
Məlumdur ki, Çin illər keçdikcə Avropa ilə əmtəə dövriyyəsini artırır. Bu ilin birinci altı ayında Avropa İttifaqı (Aİ) Çinin ixracında birinci, idxalında isə ikinci yerdə olub. İxrac edilən məhsullar arasında paltar, ayaqqabı və oyuncaq yüksək rəqabət qabiliyyətli məhsullar olaraq qalır. Bununla yanaşı, elektronika, velosiped, motosikl və avtotexnika, nəqliyyat və maşınqayırma sahələri üzrə ixrac da fəal inkişaf edir.
2011-i ilədək Çindən Avropaya əsas tədarük marşrutu Şanxay-Duysburq (Almaniya) dəniz yolu olub. Yüklər bu marşrut ilə 36 gün müddətinə çatdırılırdı. 2011-ci ildə alternativ marşrut – Çuntsin-Duysburq dəmiryol xətti – yarandı. Qatar 11 kilometr məsafəni 16 gün ərzində qət edir.
Çindən Avropaya yeni yük daşıma marşrutu Azərbaycana nə vəd edir?
Birincisi, 2020-ci ilə kimi Çin-Qazaxıstan-Azərbaycan-Türkiyə marşrutu üzrə təqribən 300-400 min konteynerin daşınması planlaşdırılır. Bu da Azərbaycana tranzit daşımalardan 600-700 milyon dollar həcmində gəlir əldə etməyə imkan yaradacaq.
İkincisi, bu layihə, faktiki olaraq, Azərbaycanı regionun ən böyük nəqliyyat şəbəkəsinə çevirir və qeyd etmək lazımdır ki, bunun üçün ölkənin bütün imkanları var.
Bu gün gələcəkdə Avropaya tədarük baxımından əsas rol oynayacaq Bakı-Tbilisi-Qars magistral dəmiryolunun tikintisi artıq final mərhələsindədir. Həmçinin Xəzər dənizində böyük və müasir Ələt limanının tikintisi aparılır. Limanın əmtəə dövriyyəsi ilkin mərhələdə 10 milyon ton və 40 min konteyner olacaq. Sonra əmtəə dövriyyəsinin 25 milyon tona kimi artırılacağı planlaşdırılır. Bunun üçün 1 milyon konteynerlik meydança inşa ediləcək.
Eyni zamanda, söhbət Şimali Avropa ilə Cənub-Şərqi Asiyanı birləşdirəcək və İran, Azərbaycan və Rusiya dəmiryollarının birləşdirilməsində əlaqələndirici halqa olacaq “Şimal-Cənub” layihənin reallaşdırılmasından gedir. Layihə iştirakçılarının hamısı üçün sərfəli olacaq. Belə ki, daşımaların marşrutunu iki dəfə qısaltmağa və konteynerlərin daşımasının qiymətini aşağı salınmasına imkan yaradacaq.
Bütün bunlar Azərbaycanın beynəlxalq ticarətdə rolunu artırır. Bu layihə tamamilə reallaşdırıldıqdan sonra, həmçinin “Şimal-Cənub” layihəsi sayəsində Azərbaycanın coğrafi mövqeyinə görə bütün qitə üçün əhəmiyyətli ölkəyə çevriləcək.
Bütün bunlar Azərbaycana nəinki qitənin başqa bir çox ölkələri ilə sıx əlaqələr yaratmağa və dünyada nüfuzunu artırmağa, eyni zamanda qeyri-neft sektorunu inkişaf etdirməyə və iqtisadiyyatını şaxələndirməyə imkan verəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO